22 may 2026 17:24
111

Ombudsman AFFA nümayəndə heyəti ilə görüş keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Cahangir Fərəcullayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. “İki sahil” xəbər verir ki, görüşdə Ombudsman Səbinə Əliyeva insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyəti barədə ətraflı məlumat verilib. Müvəkkil hər il ənənəvi olaraq 18 may - 18 iyun tarixlərinin ölkəmizdə “İnsan Hüquqları Aylığı” elan edildiyini, Aylıq çərçivəsində silsilə hüquqi maarifləndirmə tədbirlərinin təşkil olunduğunu diqqətə çatdırıb. Ombudsman bərabərlik hüququnun təmini və ayrı-seçkiliyin qarşısının alınması, əlilliyi olan şəxslərin və uşaq hüquqlarının müdafiəsi üzrə monitorinq qruplarının yaradıldığını, bu sahədə davamlı olaraq tədbirlərin həyata keçirildiyini qeyd edib. Səbinə Əliyeva uşaqların və gənclərin sağlam və düzgün fiziki inkişafının təmin olunması, onların idmana, xüsusilə futbola cəlb edilməsinin vacibliyini vurğulayıb.

Görüş zamanı idman mühitində ayrı-seçkiliyə yol verilməməsinin vacibliyi diqqətə çatdırılıb, insanların dini, dili, irqi, milli və etnik mənsubiyyətindən asılı olmayaraq onların hüquq və azadlıqlarına hörmətlə yanaşılması və hər kəsə bərabər münasibətin təmin olunmasının əsas prinsiplərdən olduğu qeyd edilib.

Müvəkkil, eyni zamanda, idman sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, maarifləndirmə işinin aparılması, eləcə də praktik fəaliyyətdə ortaya çıxan məsələlərin həlli istiqamətində Ombudsman təsisatının insan hüquqları aspektindən öz dəstəyini verməyə hazır olduğunu bildirib.

Öz növbəsində AFFA-nın baş katibi Cahangir Fərəcullayev federasiyanın fəaliyyəti, ölkədə futbolun inkişafı istiqamətində həyata keçirilən layihələr və əldə olunan nailiyyətlər barədə məlumat verib.

Görüşdə, həmçinin Ombudsman təsisatı ilə AFFA arasında əməkdaşlıq çərçivəsində görülmüş işlər qeyd olunub, gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan birgə layihə və təşəbbüslərlə bağlı fikir mübadiləsi aparılıb.