22 may 2026 13:30
130

Bakıda ənənə ilə müasirliyin harmoniyası xüsusi təəssürat yaradır - UN-Habitat nümayəndəsi WUF13 barədə danışıb

BMT-nin Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində dünyanın müxtəlif ölkələrindən olan iştirakçılar urbanizasiya, dayanıqlı inkişaf və şəhərlərin gələcəyi ilə bağlı fikir mübadiləsi aparırlar. Forum iştirakçıları Bakı ilə bağlı təəssüratlarını da bölüşürlər.

“İki sahil” forum iştirakçılarının tədbirlə bağlı fikirlərini öyrənməyə davam edir.

Keniyadan olan və UN-Habitat təşkilatında şəhər siyasəti üzrə mütəxəssis kimi çalışan Everlyne Odhiambo “İki sahil”ə özəl açıqlamasında WUF13-ün yüksək səviyyədə təşkil olunduğunu bildirib.

O qeyd edib ki, həm Bakı şəhəri, həm də ümumilikdə Azərbaycan onda olduqca xoş təəssürat yaradıb: “WUF13 həqiqətən çox xüsusi forumdur. Bakı və Azərbaycan özünəməxsus gözəlliyi ilə diqqət çəkir. Ən çox bəyəndiyim məqamlardan biri ənənə ilə müasirliyin harmonik şəkildə birləşdirilməsidir”.

Everlyne Odhiambo forum çərçivəsində İçərişəhəri ziyarət etdiyini və tarixi irsin qorunmasının onda böyük maraq yaratdığını vurğulayıb: ”İçərişəhərdə olmaq mənim üçün çox maraqlı təcrübə oldu. Müasir texnologiyalarla yanaşı, ölkənin tarixi və mədəniyyətinin qorunması xüsusi təqdirəlayiqdir. Bu, insanlarda aidiyyət hissini daha da gücləndirir”.

UN-Habitat nümayəndəsi Azərbaycan insanlarının qonaqpərvərliyindən də razı qaldığını bildirib:”Bakı insanları çox mehriban və qonaqpərvərdirlər. Mən bu ölkəni çox bəyəndim”.

Urbanizasiya prosesində insan faktorunun vacibliyinə toxunan Everlyne Odhiambo qeyd edib ki, şəhərsalma siyasətində əsas diqqət insanların rifahına yönəlməlidir: ”İnsanlar urbanizasiya prosesinin mərkəzində dayanmalıdırlar. Şəhərlərin inkişafı zamanı insanlar prosesə cəlb edilməli və onların iştirakı təmin olunmalıdır. Urbanizasiya yalnız bu halda həqiqi məna və fayda qazana bilər”.

Yaqut Ağaşahqızı,”İki sahil”