22 may 2026 22:25
122

“Münaqişədən sonrakı dövrdə regionda yaşıl icma iştirakçılığı və şəhərsalmanın inkişafında qadınların rolu: Qarabağ nümunəsi”

Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun (World Urban Forum – WUF13) 13-cü sessiyası çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin pavilyonunda “Münaqişədən sonrakı dövrdə regionda yaşıl icma iştirakçılığı və şəhərsalmanın inkişafında qadınların rolu: Qarabağ nümunəsi” mövzusunda mövzusunda yan tədbir təşkil olunub.

“İki sahil” xəbər verir ki, tədbir Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyi tərəfindən təşkil edilərək postmünaqişə dövründə dayanıqlı inkişaf, qadınların qərarvermə proseslərində iştirakı, yaşıl transformasiya və icma əsaslı şəhərsalma məsələlərinə həsr olunub. Tədbirdə Azərbaycanda akkreditasiya olunan səfirliklərin əməkdaşları, millət vəkilləri, beynəlxalq və yerli təşkilatların nümayəndələri, akademik heyət, QHT nümayəndələri, ekspertlər, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri və gənclər də daxil olmaqla 50-dən artıq nümayəndə iştirak edib.

Panel müzakirəsini təşkilatın sədri Əlizadə Məleykə açaraq Bakının növbəti beynəlxalq tədbirə ev sahibliyi etməsinin beynəlxalq əhəmiyyətindən danışaraq spiker və panel iştirakçılarını salamlayaraq müzakirələrdə fəal iştiraka çağırmışdır.

Tədbirin moderatoru, Qarabağ Universitetinin müəllimi və doktorant Nigar Ramazanova çıxışında qeyd edib ki, postmünaqişə dövründə yenidənqurma yalnız infrastrukturun bərpası ilə məhdudlaşmamalı, eyni zamanda icmaların gücləndirilməsi, sosial həmrəyliyin artırılması və inklüziv inkişaf prinsiplərinə əsaslanmalıdır.

İlk çıxış Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Qadın Tədqiqatçıları Şurasının sədri, siyasi elmlər üzrə alim dosent Dr. Nərgiz Hacıyeva tərəfindən təqdim olunub. O, postmünaqişə dövründə yaşıl şəhərsalmada qadınların rolu mövzusunda çıxış edərək vurğulayıb ki, davamlı şəhərsalma və yenidənqurma proseslərində qadınların iştirakının ilk mərhələdən təmin olunması vacibdir. Çıxış zamanı beynəlxalq təcrübələr, gender-həssas şəhərsalma yanaşmaları və Qarabağın postmünaqişə inkişaf modeli üzrə aparılmış elmi yanaşmalar elmi əsaslar və statistika ilə təqdim olunub.

Milli Məclisin deputatı Səbinə Salmanova “Postmünaqişə dövründə yaşıl şəhərsalmada qadınların rolu və mina təhlükəsizliyi” mövzusunda məruzə ilə çıxış edib. O, çıxışında cənab Prezident İlham Əliyevin göstərişi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərindən, postmünaqişə dövrünün ən ciddi problemi olan mina təhlükəsindən, yaşıl şəhərsalma prosesində qadınların rolundan danışıb. Deputat Ermənistan tərəfindən Azərbaycan ərazilərində basdırılmış minalar bu gün də insanların həyatına ciddi təhlükə yaratdığını və bərpa prosesini ləngitdiyini xüsusi vurğulayaraq qeyd edib ki, azad edilmiş torpaqlarda 900 minhektardan çox ərazi minalar və partlamamış hərbi sursatlarla çirkləndirilib: “Bölgədə təxminən 1,5 milyon mina basdırılıb. 2020-ci ilin noyabrından etibarən 262 min hektardan çox ərazi təmizlənib, 246 mindən çox mina və partlamamış sursat zərərsizləşdirilib. 450-dən çox Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində həlak olub və ya yaralanıb”. Parlamentari sülhə bir addım qalmasına baxmayaraq, Ermənistan mina xəritələrinin tam hissəsini Azərbaycana təqdim etmədiyini və verilmiş xəritələrin dəqiqlik səviyyəsinin 20 faiz civarında olduğunu da bildirib.

Səbinə Salmanova sonda əminliklə söyləyib ki, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın və bölgənin ən müasir, inkişaf etmiş yerlərindən birinə çevriləcək.

Millət vəkili Müşfiq Cəfərov “Qadın sahibkarlığının inkişafının şəhərsalmada rolu” mövzusunda çıxış edərək münaqişədən sonrakı dövrdə regionda yaşıl icmaların və şəhərsalmanın inkişafında qadınların rolunun yüksəldilməsi üçün qadın sahibkarlığının inkişafının vacib olduğunu qeyd etmişdir. Qadın sahibkarlığının inkişafı regionun iqtisadi gücünün artması deməkdir. Xüsusilə yeni şəhər və icmaların salınmasında qadın sahibkarlığı qadınların məşğulluğunun təmin edilməsi,ağıllı şəhərlərin özünü doğrultması kimi innovativ yanaşmaların sahibkarlıqda tətbiq edilməsində xüsusi əhəmiyyət daşıyacaqdır.

Balakhani Operating Company LTD şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri müavini Günel Hüseynova “Qarabağda yeni gələcək: qadınların şəhərsalma və icma yenidənqurmada liderliyi” mövzusunda çıxış etmişdir. O bildirmişdir ki münaqişə bölgəsində şəhərsalma işləri böyük çağırışlarla doludur. Burada qadınların rolu isə statistik rəqəmlərdən daha artıqdır. Qadınlar – ana, bacı, cəmiyyətin dayağı kimi yenidənqurma prosesində, sosial əlaqələrin qurulmasında və mədəniyyətin yaşadılmasında yaxından iştirak edir. Qadınların təşəbbüskarlığı təhsil, səhiyyə, kənd təsərrüfatı və mədəniyyətin bərpasında, xüsusilə yaşıl və davamlı inkişaf layihələrində əsas rol oynayır. Bu isə qadın liderliyinin şəhərsalma proseslərində vacib və lazımlı olmasının göstəricisidir.

Panel müzakirəsi zamanı iştirakçılar postmünaqişə dövründə şəhərsalma siyasətində yerli iştirakçılıq, qadın liderliyi, sosial inteqrasiya və ekoloji dayanıqlılığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

Tədbirin əsas mesajı:”Postmünaqişə dövründə bərpa yalnız fiziki məkanların yenidən qurulması deyil, həm də insanların, icmaların və gələcəyin birlikdə inklüziv formalaşdırılması prosesidir. Birlikdə daha yaşıl, daha ədalətli və daha dayanıqlı gələcəyə doğru.”