Hər bir xalqın tarixində onun milli kimliyini, azadlıq arzularını və dövlətçilik ənənələrini özündə əks etdirən əlamətdar günlər vardır. Azərbaycan xalqı üçün belə müqəddəs və qürurverici tarixlərdən biri 28 May – Müstəqillik Günüdür. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə müsəlman Şərqində ilk demokratik və parlamentli respublikanın əsası qoyuldu. Bu tarixi hadisə həm xalqımızın azad və müstəqil yaşamaq iradəsinin təntənəsi oldu, həm də dünya siyasi tarixində mühüm yer tutan demokratik dövlətçilik nümunəsi kimi yadda qaldı. Mövcud olduğu qısa müddət ərzində milli özünüdərkin formalaşmasına, dövlətçilik ənənələrinin möhkəmlənməsinə və müstəqil Azərbaycanın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə mühüm töhfələr verən Azərbaycan Xalq Cümhuriyyəti bu gün də müasir dövlətimizin ideoloji və siyasi dayaqlarından biri hesab olunur.
1918-ci ilin 28 may tarixində qəbul edilən İstiqlal Bəyannaməsi ilə Azərbaycan özünün dövlət müstəqilliyini rəsmən elan etdi. Milli Şuranın imzaladığı bu sənəd, xalqımızın azadlıq uğrunda çoxəsrlik mübarizəsinin nəticəsi olmaqla yanaşı, Azərbaycanın beynəlxalq aləmdə müstəqil subyekt kimi tanınmasına aparan yolun başlanğıcı oldu.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olmasına baxmayaraq, bu qısa zaman ərzində böyük dövlətçilik təcrübəsi yaratdı. İlk parlamentin və hökumətin təşkili, dövlət atributlarının təsis olunması, qanunvericilik bazasının formalaşdırılması və mədəni-siyasi inkişaf üçün atılmış addımlar gələcək Azərbaycan Respublikasının demokratik inkişafı üçün əsaslı zəmin hazırladı. Müsəlman Şərqində ilk dəfə qadınlara seçki hüququnun verilməsi də AXC-nin nə qədər irəli düşüncəli olduğunun sübutudur.
AXC-in dövründə Azərbaycan vətəndaşlığı institutu təsis edildi, milli ordu yaradıldı. Aydındır ki, bu kimi faktlar dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynadı. Azərbaycan Xalq Cümhuriyyəti mövcudluğunun ilk günlərindən bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı, xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan mühit formalaşdırdı. Azərbaycan bayrağı, rəmzləri və hüquqi əsasları məhz bu dövrdə formalaşdı və müasir dövrümüzün dövlət atributlarının təməlini təşkil etdi.
Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətinin əsas məqsədi yeni yaradılmış dövlətin beynəlxalq aləmdə tanınmasını təmin etmək və onun suverenliyini hüquqi müstəvidə təsbit etmək idi. Birinci Dünya müharibəsindən sonra formalaşan yeni dünya nizamı şəraitində AXC rəhbərliyi anlayırdı ki, dövlətin gələcəyi yalnız daxili idarəetmənin deyil, həm də beynəlxalq legitimliyin təmin edilməsindən asılıdır.
Bu məqsədlə hökumət Avropa dövlətlərinə rəsmi müraciətlər göndərmiş, xarici nümayəndəliklərin yaradılması istiqamətində addımlar atmış və nümayəndə heyətini Paris Sülh Konfransına göndərmişdi. Konfransda Azərbaycanın müstəqil dövlət kimi tanınması istiqamətində aparılan diplomatik fəaliyyət mühüm nəticələr verdi. Müttəfiq dövlətlərin Ali Şurası 1920-ci ilin yanvarında Azərbaycanı de-fakto tanıdı ki, bu da gənc respublikanın beynəlxalq münasibətlər sistemində hüquqi-subyekt statusunun qəbul edilməsi demək idi. Məhz AXC-nin yaratdığı hüquqi-siyasi əsaslar sonrakı dövrlərdə Azərbaycanın yenidən müstəqillik əldə etməsi üçün mühüm tarixi və hüquqi baza rolunu oynadı.
Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri milli maarifçilik siyasətinin həyata keçirilməsi idi. Dövlət rəhbərliyi yaxşı anlayırdı ki, müstəqil dövlətin gələcəyi savadlı və peşəkar insan kapitalının formalaşdırılmasından keçir.
1918-ci ilin avqustunda qəbul edilmiş “Xalq maarifinin, məktəblərin milliləşdirilməsi haqqında” qərar nəticəsində təhsil müəssisələrində tədrisin ana dilində aparılması təmin edildi. Bu addım milli təhsil sisteminin formalaşdırılması və Azərbaycan dilinin dövlət həyatında mövqeyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı.
1919-cu ilin sentyabrında Parlament tərəfindən Bakı şəhərində universitet yaradılması haqqında qanunun qəbul edilməsi isə ölkənin elmi-intellektual inkişaf tarixində yeni mərhələnin başlanğıcı oldu. AXC hökuməti eyni zamanda hüquqi dövlət quruculuğuna xüsusi diqqət yetirirdi. Cümhuriyyətin elan olunduğu gün – 1918-ci il mayın 28-də Ədliyyə Nazirliyinin yaradılması hüquq sisteminin dövlət idarəçiliyində mühüm yer tutduğunu göstərirdi. Sonrakı dövrdə məhkəmə sisteminin fəaliyyətini tənzimləyən normative-hüquqi sənədlərin qəbul edilməsi, məhkəmə orqanlarının təşkilatlanması və qanunun aliliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi.
1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsinin, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edilməsi hüquqi dövlətçilik prinsiplərinin formalaşdırılmasına xidmət edən mühüm qərarlar idi. Bu islahatlar müasir Azərbaycan hüquq sisteminin tarixi köklərinin AXC dövrünə bağlı olduğunu göstərir.
Azərbaycan müstəqilliyini 1991-ci il oktyabrın 18-də yenidən bərpa edərkən, bu prosesin hüquqi əsası kimi 1918-ci il 28 May tarixli İstiqlal Bəyannaməsinə istinad edildi. “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycanın Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu rəsmən bəyan edildi.
Azərbaycan tarixində Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı yeni bir inkişaf mərhələsinin başlanğıcı oldu. 1990-cı illərin əvvəllərində müstəqilliyini yenidən qazanan Azərbaycanda meydana çıxan mürəkkəb geosiyasi və daxili vəziyyət dövləti parçalanma təhlükəsi ilə üz-üzə qoymuşdu. Məhz bu həssas məqamda xalqın çağırışı ilə yenidən siyasi hakimiyyətə gələn Heydər Əliyev, qısa müddətdə ölkədə sabitlik yaratmağa, siyasi idarəetmədə yeni keyfiyyət mərhələsi formalaşdırmağa nail oldu. Azərbaycan, öz geosiyasi mövqeyini gücləndirməklə yanaşı, regionda mühüm söz sahibi oldu.
Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasət milli dövlətçilik düşüncəsinin bərpası və möhkəmlənməsi baxımından tarixi əhəmiyyətə malikdir. Onun siyasi ideologiyası azərbaycançılıq məfkurəsi üzərində qurulmuş və bu məfkurə ətrafında bütöv bir xalqın birliyi təmin olunmuşdur. Tarixi-mədəni yaddaşın dirçəldilməsi, milli kimliyin inkişafı, vətəndaş həmrəyliyinin möhkəmləndirilməsi bu siyasətin əsas dayaq nöqtələri idi. Heydər Əliyevin dövlətçilik fəlsəfəsi Azərbaycan xalqında milli mənlik şüurunu daha da gücləndirdi və müstəqil dövlət qurmaq arzularını real siyasi xəritəyə çevirdi.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında tarixi bir hadisə baş verdi. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı rəsmi dövlət bayrağı kimi təsdiq olundu. Sovet İttifaqının hələ mövcud olduğu bir dövrdə milli bayrağın yenidən qaldırılması, Azərbaycanın azadlıq yolunda atdığı qətiyyətli bir addım kimi tarixə yazıldı. Bu hadisə, gələcək müstəqilliyin hüquqi-siyasi əsaslarını formalaşdırdı və xalqın azadlıq istəyini gücləndirdi. Heydər Əliyevin bu cəsarətli qərarı onun xalqına, dövlətinə nə qədər bağlı və sədaqətli olduğunun bariz nümunəsi idi.
Ulu Öndər Heydər Əliyevin sözlərində ifadə olunan tarixi yaddaş, milli ruh və siyasi uzaqgörənlik Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının xalqımızın uzun illərdən bəri yetişdirdiyi milli oyanışın, dirçəlişin və azadlıq uğrunda apardığı mübarizənin məntiqi nəticəsi olduğunu sübut edir.
Ulu Öndərin fikirləri ilə desək, Azərbaycan Xalq Cümhuriyyəti nəinki hüquqi və siyasi cəhətdən mütərəqqi bir dövlət modeli idi, həm də Azərbaycanın müasir dövlətçiliyinin bünövrəsini təşkil etmiş, bu torpaqlarda azadlıq və suverenlik idealının əsasını qoymuşdur. Məhz bu tarixi mirasa söykənərək, bu gün Azərbaycan Respublikası özünü 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisi elan edir və bu əziz günü — 28 Mayı — Müstəqillik Günü kimi qeyd edir.
Azərbaycanın dövlətçilik tarixində Azərbaycan Xalq Cümhuriyyəti ilə başlanan milli müstəqillik yolu bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə tamamilə yeni bir mərhələyə qədəm qoyub. AXC-nin ideyalarının, onun demokratik ənənələrinin qorunaraq inkişaf etdirilməsi müasir Azərbaycan Respublikasının dövlətçilik fəlsəfəsinin əsasını təşkil edir.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız bu gün artıq işğaldan azad olunmuş torpaqlarda azadlıq və suverenliyin simvolu kimi dalğalanır. Bu, yalnız hərbi-siyasi qələbənin yox, həm də dövlətçilik əmanətinə sadiqliyin göstəricisidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistemli islahatlar Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi mövqeyini möhkəmləndiribdir. Siyasi sabitlik, sosial rifah və iqtisadi dinamik inkişaf ölkənin dayanıqlı gələcəyini təmin edən əsas amillərdəndir. Eyni zamanda, vətəndaş cəmiyyəti institutlarının inkişafı, şəffaf idarəçilik və insan hüquqlarının qorunması müasir Azərbaycan dövlətinin əsas prioritetlərindəndir.
Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik fəlsəfəsinə sadiqliyin mühüm göstəricilərindən biri də 2007-ci ildə Bakının İstiqlaliyyət küçəsində ucaldılmış İstiqlal Bəyannaməsi abidəsidir. Bu tarixi sənədin rəmzi olaraq əbədiləşdirilməsi Prezident İlham Əliyevin milli yaddaşın formalaşdırılması istiqamətində həyata keçirdiyi ardıcıl siyasətin mühüm parçasıdır. Cümhuriyyətin 90 və 100 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi də bu ardıcıllığın davamıdır.
Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi və bu münasibətlə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalının təsis olunması müasir Azərbaycanın öz tarixi ilə qürur duyduğunun və bu irsi yaşatmaq əzmində olduğunun sübutudur. Bu təşəbbüs, cümhuriyyət ideyalarının gələcək nəsillərə ötürülməsi baxımından da mühüm addım olmuşdur.
2021-ci ildə qəbul olunmuş “Müstəqillik günü haqqında” Qanunla 28 may Müstəqillik Günü, 18 oktyabr isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunmuşdur. Bu hüquqi addım Azərbaycanın 1918-ci ildə elan olunmuş suverenliyinin varisliyinin rəsmi təsdiqidir. Dövlətimizin ərazi bütövlüyünün bərpası ilə yanaşı, bu tarixlərin qeyd olunması milli suverenliyimizin hüquqi əsaslarının daha da möhkəmləndirilməsinə xidmət edir
Dövlət başçımız İlham Əliyevin siyasi uzaqgörənliyi və qətiyyəti nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir. 2020-ci ilin Vətən müharibəsi və sonrakı proseslər bir daha sübut etdi ki, Azərbaycanın bütün strateji və diplomatik addımları milli maraqların təmininə yönəlmişdir.
Bütün bu tarixi mərhələlər və çağdaş nailiyyətlər bir daha sübut edir ki, Azərbaycan Xalq Cümhuriyyətinin idealları bu gün müstəqil Azərbaycan dövləti tərəfindən layiqincə yaşadılır və inkişaf etdirilir. Prezident İlham Əliyevin sözləri ilə desək: “Müstəqil Azərbaycan, Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!”
Bu əminlik xalqın birliyinin, milli kimliyə və dövlətçilik prinsiplərinə sadiqliyinin nəticəsidir. Bu gün üçrəngli bayrağımız azad Qarabağda, Şərqi Zəngəzurda və bütöv Azərbaycanda əzəmətlə dalğalanırsa, bu, həm də tarixə və şəhidlərin ruhuna olan ən böyük ehtiramdır.
Yaşasın güclü, müstəqil Azərbaycan!
Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini