25 may 2026 21:50
82

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 28 May –Müstəqillik Gününə həsr olunan tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov, Akademiyanın rəhbərliyi, professor-müəllim heyəti və kursantlar iştirak edib. Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Akademiya rəisinin birinci müavini polkovnik Fuad Mehbalıyev iştirakçıları 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması milli dövlətçilik tariximizin parlaq səhifələrindən biridir və bu tarixi gün ölkəmizdə böyük ehtiramla qeyd edilir. Onun sözlərinə görə, 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublikanın elan edilməsi imperiya əsarətində olan xalqımızın milli-azadlıq mübarizəsinin qanunauyğun nəticəsi, dərin tarixi kökləri olan milli dövlətçilik ənənələrimizin davamı idi.

Natiq qeyd edib ki, yenidən müstəqilliyinə qovuşmuş Azərbaycan bu gün qüdrətli dövlətə, dünyada söz və nüfuz sahibinə çevrilib. Xalqın təkid və tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin Azərbaycanı parçalanmaqdan xilas etdiyini, dövlətçilik ənənələrinin qorunması üçün qətiyyətli tədbirlər gördüyünü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdiyini vurğulayan F.Mehbalıyev bu gün Ulu Öndərin əsasını qoyduğu mütərəqqi siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi altında Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün tam bərpa olunduğunu diqqətə çatdırıb.

Daha sonra çıxış edən Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixinə nəzər salıb, qısa müddət ərzində əldə olunan nailiyyətlərdən ətraflı bəhs edib. E.Nəsirov ölkəmizin müasir müstəqillik dövrünün keçdiyi inkişaf yolunda Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini xatırladıb, Dahi Rəhbərin mütərəqqi siyasətinin Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Tədbir sonunda Müstəqillik Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.