26 may 2026 09:35
30

23 ayda əldə edilən nailiyyətlər

28 May 1918-ci il tariximizə yalnız bir təqvim dəyişikliyi deyil, millətin öz müqəddəratını təyin etmə iradəsinin hüquqi təsbiti kimi daxil olmuşdur. Şərqdə və İslam dünyasında ilk respublika modeli olan Azərbaycan Xalq Cümhuriyyəti, cəmi     23 aylıq fəaliyyəti dövründə dövlətçilik institutlarının formalaşdırılması istiqamətində əsrə bərabər mühüm nailiyyətlərə imza atmışdır. Bu dövr, daxili xaos, xarici hərbi-siyasi təzyiqlər və geosiyasi qeyri-müəyyənlik şəraitində belə, hüquqi dövlət quruculuğunun unikal nümunəsini ortaya qoymuşdur. Cümhuriyyətin siyasi-hüquqi fəlsəfəsinin əsasını İstiqlal Bəyannaməsi təşkil edirdi. Bu sənəd, suverenliyin birbaşa millətə aid olduğunu bəyan etməklə, Azərbaycan xalqının müstəqil yaşamaq hüququnu beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə rəsmiləşdirdi. Milli Şuranın və ardınca parlamentin formalaşması ölkədə ali qanunverici orqanın və təmsili demokratiyanın əsasını qoydu. Azərbaycan parlamenti regional şərtləri qabaqlayaraq, irqi, dini, cinsi və sinfi fərqləri ortadan qaldıran qanunvericilik bazası formalaşdırdı. Qadınlara seçmək və seçilmək hüququnun tanınması, Cümhuriyyətin fundamental hüquq və azadlıqlara verdiyi dəyərin ən bariz göstəricisi idi.

Respublikanın qarşısında duran ən mühüm vəzifə funksional dövlət aparatının, icra strukturlarının və suverenliyin qarantı olacaq milli ordunun təşkil edilməsi idi. Qısa müddətdə Hərbi Nazirliyin yaradılması və Milli Ordunun formalaşdırılması dövlətin varlığı üçün həyati əhəmiyyət kəsb edirdi. Qafqaz İslam Ordusu ilə müştərək fəaliyyət nəticəsində Bakının azad edilməsi və paytaxtın bura köçürülməsi Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında həlledici mərhələ oldu. İnzibati idarəçilik sahəsində köhnə çar müstəmləkə sisteminin qalıqları sürətlə ləğv edildi. Yerlərdə idarəetməni mərkəzləşdirmək və asayişi təmin etmək məqsədilə daxili işlər və ədliyyə orqanları yenidən quruldu. Hüququn aliliyini təmin etmək üçün məhkəmə palataları və andlı iclasçılar institutu bərpa edildi. Həmçinin, dövlət maliyyəsinin müstəqilliyini təmin edən Dövlət Bankı təsis olundu və milli valyuta dövriyyəyə buraxıldı.

​Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyi yaxşı dərk edirdi ki, siyasi müstəqillik intellektual müstəqilliklə möhkəmlənməlidir. Bu məqsədlə həyata keçirilən mədəni maarifçilik islahatları gələcək onilliklərin inkişaf xəttini müəyyən etdi. 27 İyun 1918-ci il tarixli qərarla Azərbaycan dili dövlət dili elan edildi və bu, kargüzarlığın və təhsilin milliləşdirilməsi istiqamətində atılmış ilk hüquqi addım oldu. Ardınca məktəblərin milliləşdirilməsi haqqında qanun qəbul edildi, dərsliklərin hazırlanması üçün xüsusi komissiya yaradıldı. Bakı Dövlət Universitetinin təsisi isə regionun elmi-intellektual mərkəzinə çevriləcək fundamental bir bazanın qoyulması demək idi. Eyni zamanda, parlamentin qərarı ilə 100 nəfərə yaxın azərbaycanlı gənc Avropanın aparıcı universitetlərinə təhsil almağa göndərildi ki, bu da gələcək milli kadr potensialının formalaşdırılmasına yönəlmiş strateji dövlət sərmayəsi idi.

​Cümhuriyyətin xarici siyasət sahəsindəki ən böyük diplomatik uğuru Paris Sülh Konfransında əldə olundu. Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinin gərgin və sistemli fəaliyyəti nəticəsində, 11 Yanvar 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi böyük dövlətlər tərəfindən de-fakto tanındı. Bu tanınma, Azərbaycanın beynəlxalq hüququn subyekti kimi qəbul edilməsini təmin etdi. Qısa müddət ərzində Bakıda ondan çox xarici dövlətin diplomatik nümayəndəliyi fəaliyyətə başladı, dövlətimiz qonşu ölkələrlə ikitərəfli hüquqi-siyasi müqavilələr imzaladı. 23 ay ərzində qazanılmış bu mühüm nailiyyətlər təkcə keçmişin uğuru deyil, həm də 1991-ci ildə bərpa olunan müasir Azərbaycan Respublikasının hüquqi, siyasi və mənəvi təməl daşlarıdır. Cümhuriyyət dövrü, millətin ən çətin sınaqlar qarşısında belə öz dövlətçilik ənənəsinə necə sadiq qaldığının tarixi sübutu olaraq qalmaqdadır.

Firuzə Məmmədova,
YAP Xətari rayon təşkilatı fəalı,
260  nömrəli məktəbin tarix müəllimi