Azərbaycan Xalq Cümhuriyyəti (AXC) elan olunandan bir həftə sonra demokratik qüvvələrin fəallarından biri olan Behbud xan Cavanşir gənc müstəqil dövlətin daxili işlər naziri təyin edildi. O, ixtisasca dağ-mədən mühəndisi olsa da Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda əhəmiyyətli fəaliyyət göstərmişdi.
Behbud xan Cavanşir Qarabağ xanlığını yaradan məşhur Sarıcalı tayfasından olan Pənahəli xan Cavanşirin nəticəsidir. O, 1877-ci ildə Tərtər qəzasının Qaraqoyunlu kəndində Azad ağanın ailəsində dünyaya gəlmişdi. Qeyd edək ki, kənd hazırda Azad ağanın şərəfinə Azadqaraqoyunlu adlanır. Beləliklə, kiçik yaşlarından oxumağa, elmə maraq göstərdiyinə görə atası onu Tiflisdə alman təmayüllü realnı gimnaziyaya qoymuşdu. Gimnaziyanı əla qiymətlərlə bitirən Behbud xan təhsilini Almaniyanın Frankfurt Dağ-Mədən Akademiyasında davam etdirərək oranı fərqlənmə ilə başa vurmuşdu.
Bakıda neft mədənlərində işləyən Behbud xan ictimai fəaliyyətə də başlamışdı. İyirminci əsrin əvvəllərində yaradılan və Azərbaycanın azadlığı üçün mübarizə aparan “Difai” Partiyasının yaradıcılarından biri erməni terrorçularına qarşı fəal ictimai-siyasi iş aparırdı. 1918-ci il mayın 28-də Azərbaycan müstəqil respublika elan ediləndən sonra ilk dəfə demokratik əsaslara uyğun olaraq milli hökumət təşkil edildi. Behbud xan Cavanşir respublikanın daxili işlər naziri vəzifəsinə təyin olundu. Çünki o zaman ali təhsilli kadrlar çatışmırdı, ona görə də Cümhuriyyət hökuməti onu bu vəzifəyə təyin etməklə bərabər, neft sənayesinə rəhbərliyi də ona tapşırmışdı.
Azərbaycanda o zaman şərait olduqca mürəkkəb idi. Rusiyadakı mürtəce bolşevik hakimiyyəti və bəzi xarici dairələr erməniləri silahlandıraraq Azərbaycanın üzərinə qaldırmışdı. Bakı qırğınının yaraları hələ qövr edirdi. Ölkədə qətllər və digər cinayətlər baş alıb gedirdi. Hər cür daxili və xarici yaramaz ünsürlər, xain və satqınlar Bakıda yuva salmışdılar. Gənc demokratik respublikanın düşmənləri onu hər vasitə ilə məhv etməyə çalışırdılar. Çar general Denikinin ordusundan fərarilik edən silahlı əsgər və zabitlər daşnaklara qoşulub onlarla bərabər azərbaycanlılara qarşı döyüşürdülər.
Daxili işlər naziri kimi Behbud xan Cavanşir daxili və xarici müdaxiləçilərə qarşı var qüvvəsi ilə mübarizə aparırdı. AXC hakimiyyətə gələndən sonra da Bakı silahlı ermənilərlə, çar ordusunun tör-töküntüləri ilə dolu idi. Onlar terrorlar törədir, Cümhuriyyətin görkəmli nümayəndələrini sıradan çıxarırdılar. “Ölüm siyahısı”na salınmış bu adamlar gözlənilməz vaxtda və gözlənilməz yerlərdə qətlə yetirilirdilər. General Səməd bəy Mehmandarovun tələsik təşkil etdiyi 15 minlik ordu hissələri Şuşa və Laçın ətrafında yaxşı silahlandırılmış ermənilərlə döyüşə cəlb olunmuşdular. Yenicə yaradılmaqda olan güc nazirliklərinin silah-sursat bazası çox zəif idi və üzərlərinə düşən vəzifələri yerinə yetirməkdə çətinlik çəkirdilər. Silah-sursatla yaxşı təmin olunmuş irticaçı qüvvələr isə öz üstünlüklərindən maksimum istifadə edirdilər. Əlbəttə, onlara xaricdən gələn zabitlər də kömək edirdilər.
Lenin başda olmaqla sovet hökuməti Bakı neftini ələ keçirmək üçün xüsusi zirehli qatarla XI işğalçı ordunu Dağıstanda hazır vəziyyətə gətirib lazımi siyasi məqam gözləyirdi. Bakıya təslim olmaq barədə ultimatumlar göndərilirdi.
Nəhayət, 1920-ci ilin 27 aprel günü Azərbaycanın sərhədində hazır dayanmış işğalçı XI qırmızı ordu komandanlığı bir xəbərdarlıqdan sonra ertəsi gün torpağımıza soxuldu. Qarşısını kəsən kiçik qrupu məhv edən cinayətkar ordu Bakını tutub sovet hakimiyyətinin qurulduğunu elan etdi.
İşğaldan əvvəl AXC rəhbərlərinin siyahısı hazırlanmışdı və onların öldürülməsinə fərman verilmişdi. Ona görə də “qırmızı terror”dan qurtarmağa çalışanlar xarici ölkələrə mühacirət etdilər.
Azərbaycanda bolşevik hakimiyyətinin başına gələn Nəriman Nərimanov milli kadrların bir çoxunu bolşeviklərin iti caynağından xilas edərək lazımlı kadr kimi onlara vəzifə verdi. Beləliklə, Behbud xan Cavanşir Azərbaycanda neft sənayesində rəhbər vəzifəyə təyin edildi. Nəriman Nərimanov bu addımı ilə həm bir soydaşımızı labüd ölümdən xilas etdi, digər tərəfdən, neft sənayesini dirçəltməyə çalışdı. Behbud xan neft sənayesinin inkişafı üçün əlindən gələni əsirgəmirdi, lakin köhnəlmiş texnika və avadanlıqlar inkişafa imkan vermirdi.
AXC rəhbərləri hakimiyyətdən getmələrinə baxmayaraq “Daşnaksütyun” partiyasının terrorçuları onları hər yerdə axtarır və qətlə yetirirdilər. Belə qurbanlardan biri də Behbud xan Cavanşir oldu. O, 1921-ci ilin iyun ayında Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun tapşırığı ilə Almaniyaya göndərildi. Məqsəd oradan Azərbaycana müasir neft avadanlıqları gətirmək idi.
Səfərə ailəsi və qardaşı Cümşüd bəylə çıxan Behbud xan yolunu İstanbuldan saldı. Bir neçə gün orada qalmaq, sonra yoluna davam etmək istəyirdi. İyulun 18-də saat 11 radələrində şəhəri seyr edərkən küçədə qəflətən onlara aramsız atəş açıldı. İlk güllə Behbud xanın başından dəydi, ikinci güllə Cümşüd bəyin üzünü yaraladı. Məlum oldu ki, sifarişi yerinə yetirən qatil erməni Mişek Toplaqyan onları çoxdan izləyirmiş və Behbud xanı öldürmək üçün fürsət axtarırmış. Qətldən sonra Toplakyan üzərində guya “məhkəmə” quruldu. Vicdanını itirmiş ingilis məhkəmə sədri və prokuror ona bəraət verərək gecə ikən qaçırılmasına şərait yaratdılar. Cani ABŞ-a qaçırıldı.
Ömrünü canından da çox sevdiyi Azərbaycanın yolunda qurban verən Behbud xan Cavanşir qardaş Türkiyənin İstanbul şəhərinin Beşiktaş rayonunun Yəhya Əfəndi qəbiristanlığında dəfn olunub. Onun şərəfli əməlləri qədirbilən Azərbaycan xalqı tərəfindən heç vaxt unudulmayacaq və hörmətlə anılacaqdır.
Vəli İlyasov, “İki sahil”