26 may 2026 20:58
99

Azərbaycanın yeni aqrar modelinin konturları

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş son müşavirə sadəcə cari hesabat xarakteri daşımır, eyni zamanda, ölkənin yaxın onillik üçün aqrar-iqtisadi modelinin yol xəritəsini müəyyən edir

Milli təhlükəsizliyin tərkib hissələrindən biri olan ərzaq təhlükəsizliyi müəyyən keyfiyyət standartları çərçivəsində əhalinin qida məhsullarına olan tələbatının fasiləsiz, uzunmüddətli və dayanıqlı şəkildə ödənilməsini təmin edən tədbirlər kompleksidir. Ərzaq təhlükəsizliyinin əsas elementlərinə hər bir vətəndaşın keyfiyyətli qidaya fiziki və iqtisadi çıxış imkanlarının olması ilə yanaşı, ölkənin milli ərzaq sisteminin iqtisadi baxımdan müstəqilliyi, yəni əsas ərzaq malları üzrə ixracdan asılı olmaması, etibarlılığı, başqa sözlə, ərzaq məhsullarını mövsüm, hava və digər amillərlə bağlı olan risklərdən qorumaq, dayanıqlılığını və eləcə də, milli ərzaq sisteminin istehsalın genişləndirilməsi rejimində inkişafı daxildir. Dünyada əhalinin sürətlə artdığı, təbii ehtiyatların tükəndiyi bir şəraitdə ərzaq təhlükəsizliyi məsələsi daha kəskin şəkildə özünü büruzə verməkdədir. Ərzaq təhlükəsizliyi probleminin kəskin xarakter almasından sonra bu məsələ istənilən dövlət, o cümlədən Azərbaycan üçün milli təhlükəsizliyin ən mühüm tərkib hissələrindən birinə çevrilib. Bu problemin həlli ilk növbədə yoxsulluğun azaldılması, ərzaq təminatının və ərzaq məhsullarından istifadənin səmərəsinin artırılması ilə bağlıdır. Hazırda ölkəmizdə makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın diversifikasiyası, kənd təssərrüfatının inkişafı strategiyası həyata keçirilməkdədir. Ərzaq təhlükəsizliyinin təmin olunması, daxili bazarın idxaldan asılılığının aradan qaldırılması, yerli istehsalın inkişafı məqsədyönlü siyasətin əsas istiqamətlərindəndir.

Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə dövlət başçısının toxunduğu məsələlər, verdiyi mesajlar, qarşıya qoyduğu vəzifələr onu deməyə əsas verir ki, kənd təsərrüfatı ölkənin iqtisadi dayanıqlığının möhkəmləndirilməsində, ərzaq təhlükəsizliyinin təmin olunmasında, regionların sosial-iqtisadi inkişafında strateji əhəmiyyət daşıyan sahə kimi xüsusi diqqət mərkəzindədir: “ Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir. Bir müddət bundan əvvəl Prezident Administrasiyasına, Hökumətə göstəriş verildi ki, kənd təsərrüfatının inkişafına dair yeni Dövlət Proqramı hazırlansın, qəbul edilsin, hərtərəfli, əhatəli olsun. Həm dövlət investisiyaları, həm özəl sektor tərəfindən cəlb ediləcək investisiyaları özündə ehtiva etməlidir. …Bu gün dünyada gedən meyillər kənd təsərrüfatının istehsalına da mənfi təsir göstərir. Müharibələr, münaqişələr, nəqliyyat zəncirlərinin qırılması, enerji sektorundakı böhran, yanacaqla bağlı olan müəyyən çətinliklər bir çox ənənəvi istehsalçıları çətin vəziyyətə qoymuşdur. Bunu nəzərə alaraq, əlbəttə ki, hər bir ölkə öz ərzaq təhlükəsizliyi haqqında düşünməlidir və konkret addımlar atmalıdır.”

Müşavirədə Prezident İlham Əliyevin səsləndirdiyi bir sıra rəqəmlər də düşündürücüdür: “Biz cəmi 55 faiz səviyyəsində özümüzü buğda ilə təmin edirik və əfsuslar olsun ki, bu əmsal artmır. Biz elə yerində sayırıq. Neçə ildir ki, bizdə elə bu səviyyədə buğda istehsal olunur, baxmayaraq çox böyük təkan verilmişdir, bir çox aqroparklar yaradılmışdır. Onu da bildirməliyəm ki, aqroparkların yaradılması kənd təsərrüfatının inkişafında çox böyük rol oynamışdır. Buna baxmayaraq, buğda istehsalı və onun özünü təminetmə əmsalı bizdə artmır. Daxili istehsal 1 milyon 573 min ton, idxal 1 milyon 267 min ton. Bax, bu idxalı biz azaltmalıyıq”.

Ortaya qoyulan rəsmi faktlara əsasən, hazırda taxılçılıqda hər hektardan 3,2 ton məhsul yığılır və əsas hədəf bu göstəricini 5 tona çatdırmaqdır. Pambıqçılıqda isə görülən işlər nəticəsində istehsal 360 min tona, məhsuldarlıq isə hektara 3,6 tona yüksəlib. Lakin növbəti mərhələdə məqsəd hektardan minimum 5 ton məhsul götürməklə ümumi pambıq istehsalını 500 min tona çatdırmaq və xaricə mahlıc deyil, birbaşa hazır sənaye məhsulu ixrac etməkdir. Bu inkişafı təmin etmək üçün hazırda 130 min hektarda tətbiq olunan müasir suvarma sistemlərinin sahəsi 300 min hektara qaldırılacaq. Paralel olaraq, intensiv bağçılıq üzrə 20 min hektar yeni bağ sahəsi salınacaq, istixanaların ərazisi isə artırılacaq. Digər mühüm fəaliyyət istiqaməti məhsulların itkisiz saxlanması və heyvandarlıq sahəsidir. Bu məqsədlə mövcud 400 min tonluq soyuducu anbar infrastrukturunun tutumu daha 100 min ton artırılaraq 500 min tona çatdırılacaq. Eyni zamanda, mal ətində 84 faiz, quş ətində 82 faiz və qoyun ətində 94 faiz olan yerli təminat səviyyəsinin qısa müddətdə 100 faizə çatdırılması tələb olunur.

Müşavirənin ən vacib məqamlarından biri su ehtiyatlarının idarə edilməsi ilə bağlı olub. Regional miqyasda yaşanan su qıtlığı Azərbaycanın bitkiçilik sektorunu birbaşa təhdid edir. Prezidentin bu istiqamətdəki sərt xəbərdarlıqları və tapşırıqları göstərir ki, ənənəvi suvarma üsullarından (seləmə suvarma) tamamilə imtina edilməli və dövlət dəstəyi birbaşa pivot, damcı və yağışyağdırma sistemlərini quran təsərrüfatlara yönəldilməlidir. Su resurslarının idarə olunmasında rəqəmsallaşma və itkilərin minimuma endirilməsi artıq ekoloji məsələ deyil, milli təhlükəsizlik prioritetidir.

İşğaldan azad edilmiş ərazilərin respublikanın ümumi aqrar dövriyyəsinə inteqrasiyası makroiqtisadi göstəricilərə ciddi təkan verəcək faktor kimi təhlil olunub. Bu regionların spesifik coğrafiyası və zəngin su potensialı kənd təsərrüfatında diversifikasiyaya (şaxələndirməyə) imkan yaradır. Lakin buradakı əsas yanaşma köhnə üsulların bərpası deyil, "Ağıllı kənd" və ekoloji təmiz ("yaşıl") kənd təsərrüfatı modelinin tətbiqidir. Azad olunmuş torpaqlar yaxın illərdə Azərbaycanın taxılçılıq və heyvandarlıq balansında xaricdən asılılığı minimuma endirəcək əsas iqtisadi mərkəz rolunu oynayacaq. Dövlət tərəfindən aqrar sektora ayrılan milyonlarla manatlıq subsidiyaların effektivliyinin ölçülməsi rəsmi Bakının diqqət mərkəzindədir. Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tam gücü ilə fəaliyyət göstərməsi kölgə iqtisadiyyatının elementlərini sıradan çıxarmağa xidmət edir. Analitik nöqteyi-nəzərdən rəqəmsallaşma təkcə şəffaflıq demək deyil, həm də dövlətin əlində real vaxt rejimində tələb və təklifə uyğun olaraq bazarı tənzimləmək üçün dəqiq data (məlumat) bazasının formalaşması deməkdir.

Göründüyü kimi, Azərbaycan aqrar sahədə daha təkmil inkişaf xətti həyata keçirməklə, həm daxili tələbatın daha etibarlı təminatına, həm də ixrac potensialının genişləndirilməsinə nail olmağı qarşıya məqsəd qoyub. Bu məsələlər Prezident İlham Əliyevin mayın 25-də təsdiq etdiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb. “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar hazırlanan Dövlət Proqramı 2026-2030-cu illərdə aqrar sahədə dayanıqlı inkişafın təmin edilməsini, intensiv və rəqabət qabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsini, aqrar sahədə dəyər zəncirlərinin inkişaf etdirilməsini, fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsini, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafını nəzərdə tutur.

Sevinc Azadi, “İki sahil”