25 iyul 2026 08:00
139

Dövlət dəstəyi aqrar sektoru gücləndirir: Meyvə, fındıq və süd istehsalında rekord göstəricilər

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən 22 iyul Milli Mətbuat Günü münasibəti ilə Quba, Qusar və Xaçmaz rayonlarında mövcud olan təsərrüfatlara media tur təşkil edilib.

“İki sahil” yazır ki, səfər zamanı qeyd olunan bölgədə fəaliyyət göstərən təsərrüfat subyeklərinə - meyvə və fındıq bağlarına, həmçinin aqroturizm və heyvandarlıq təsərrüfatlarına baxış təşkil olunub.

Baxış zamanı media nümayəndələrinə AKİA-nın kənd təsərrüfatı istehsalçılarına təqdim olunan əkin, məhsul, toxum, barama və heyvan subsidiyaları, eləcə də texnika və avadanlıqlar, müasir suvarma sistemləri, soyuducu anbar komplekslərinə, bundan başqa damazlıq heyvan alışına güzəştli şərtlərlə dövlət dəstəyi mexanizmləri, o cümlədən bu dəstəklərdən yararlanan nümunəvi təsərrüfatlarda qurulan infrastruktur, əldə olunan real nəticələr və həyata keçiriləcək yeni layihələr barədə ətraflı məlumat verilib.

Bunula yanaşı qeyd olunub ki, Agentlik fermerlərin maliyyə çıxışını daha əlçatan edən, dəstək mexanizmlərindən istifadəni asanlaşdıran, aqrar sahənin inkişafını dəstəkləyən və kənd təsərrüfatının davamlı inkişafına, fermerlərin rifahının yüksəlməsinə, bundan başqa davamlı maarifləndirilməsi istiqamətində müxtəlif fəaliyyət növlərini həyata keçirir.

Media nümayəndələri ilk öncə Qubanın Nügədi kəndində yerləşən "Kənd İnn" aqroturizm mərkəzində oldular.

Kompleksin ərazisində alma bağları, tərəvəz əkilən sahələr, meyvə ağacları və yaşıllıqla əhatə olunmuş gəzinti yolları var. Təsərrüfatda atlar, dovşanlar, pişiklər, qazlar, ördəklər və digər ev heyvanları saxlanılır. Qonaqlar heyvanları yaxından görə, onlarla ünsiyyət qura və kənd həyatını canlı şəkildə hiss edə bilirlər.

Burada müxtəlif cins - Qarabağ, ərəb, ingilis, fransız və digər at növlərini görmək, onları yemləmək və müəyyən xidmətlərdən istifadə etməklə at gəzintisi etmək mümkündür.

"Kənd İnn" aqroturizm mərkəzinin direktoru Vüsal Şərifli jurnalistlərə bildirib ki, aqroturizm adından da bəlli olduğu kimi, aqro və turizmin vəhdətindən yaranan bir fəaliyyət növüdür: "Yəni, turizmin kənd təsərrüfatında bir hissəsi. Burada meyvəçilik, arıçılıq, heyvandarlıq, balıqçılıq və s. fəaliyyət növləri mövcuddur. Burada həm flora ilə, həm fauna ilə vaxt keçirmək oıar. Daha sonra bizim bağçılıq təsərrüfatımız alma, armud və gilas ağaclarından ibarətdir. Məhsullarımız həm daxili bazara, eyni zamanda da xarici bazara ixrac olunur. Burada həmin o meyvələrin yetişməsi üçün də kifayət qədər münbit şərait var. Məkanımızda müxtəlif cins atlar və digər heyvanlar saxlanılır. Onları daha maraqlı təqdim etmək məqsədilə hər birinə xüsusi ad verilib və personajlaşdırılıb ki, bu da qonaqların böyük marağına səbəb olur."

Vüsal Şərifli eyni zamanda aqroturizm mərkəzinin fəaliyyətində dövlətin dəstəyini xüsusi vurğulayıb: "Biz bu bağın ərsəyə gəlməsində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən subsidiya da almışıq. Eyni zamanda aqroturizm fəaliyyətləri üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən və digər dövlət qurumlarından da dəstək almışıq. Çalışırıq ki, bu təsərrüfat daha da inkişaf eləsin. Bu superintensiv bağın ərsəyə gəlməsində dövlətin böyük dəstəyi var. Bu da sahibkar üçün kifayət qədər motivasiyadır eyni zamanda, daha rentabelli olması üçün dəstəkdir."

Media nümayəndələri daha sonra Qusar rayonunda yerləşən "Aqrovest fruits" MMC-də oldular.

Jurnalistlər burada məhsul yığımı, soyuducu anbarda məhsulların çeşidlənməsi prosesini izləyiblər.

"Aqrovest fruits" MMC-nin baş aqronomu Arif Qədimli jurnalistlərə müsahibəsində bildirib ki, şirkətin ümumi meyvə bağlarının sahəsi 356 hektardır: "Burada əsasən alma, armud, şaftalı, nektarin və gilas bağları salınıb. Hazırda şaftalı, nektarin və armudun yığım mövsümü davam edir. İlin əvvəlində hava şəraitinin qeyri-sabit keçməsinə baxmayaraq, bu il məhsuldarlıq gözləntilərimizə uyğundur. Şaftalı və nektarin bağlarında hər hektardan orta hesabla 26-27 ton, armud bağlarında isə 30-35 ton məhsul əldə etməyi hədəfləyirik."

Arif Qədimli məlumat verdi ki, toplanan məhsullar soyuducu anbar kompleksində çeşidlənərək emal olunur: "Daha sonra həm daxili bazara çıxarılır, həm də ixrac edilir. Hazırda əsas ixrac bazarımız Rusiya olsa da, məhsullarımız Dubaya da göndərilir. Eyni zamanda yeni ixrac bazarlarının tapılması istiqamətində də işlər aparılır."

Baş aqronom vurğulayıb ki, hazırda təsərrüfatda 170 hektar alma, 43 hektar armud, 72 hektar şaftalı-nektarin və 67 hektar gilas bağı mövcuddur: "2026-2027-ci əkin mövsümündə əlavə 100 hektar şaftalı-nektarin bağı salınması planlaşdırılır. Növbəti əkin mövsümü üçün də daha 100 hektar yeni bağın yaradılması nəzərdə tutulub.

Məhsul istehsalının artımını nəzərə alaraq yeni soyuducu anbar kompleksinin tikintisi də planlaşdırılır. Hazırda müəssisənin soyuducu anbarının tutumu 5 min tondur. Uzun müddət saxlanılması nəzərdə tutulan məhsullar burada mühafizə olunur və mövsümdənkənar dövrdə bazara çıxarılır. Ümumilikdə isə müəssisənin məhsul dövriyyəsi 9 min tona yaxındır."

Arif Qədimli onu da vurğulayıb ki, Dövlətin göstərdiyi dəstək bağçılığın inkişafına mühüm töhfə verir: "Yeni salınan alma və armud bağlarına ayrılan birdəfəlik subsidiyalar, eləcə də damcı suvarma sistemlərinin dəyərinin 40 faizinin dövlət tərəfindən - Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən qarşılanması yeni intensiv bağların salınmasını təşviq edir.

Müəssisədə daimi əsaslarla 276 nəfər çalışır. Əsasən ərtaf bölgələrin sakinləri cəlb olunublar. Məhsul yığımı mövsümündə isə işçilərin sayı 500-600 nəfərə çatır."

Media-tur zamanı "Agrovest fruit" soyuducu anbar kompleksinin rəhbəri Nazir Səfərov jurnalistlərə bildirib ki, hazırda kompleksdə yerli istehsal olunan nektarin, şaftalı, yastı şaftalı və gilasın qəbulu, çeşidlənməsi və qablaşdırılması prosesi davam edir. Yaxın günlərdə isə alma və armudun emalına başlanılacaq.

Onun sözlərinə görə, məhsullar İtaliya istehsalı olan "Unitec" avadanlığı vasitəsilə kalibr və sortuna uyğun çeşidlənərək qablaşdırılır. Məhsulun 97-98 faizi satış üçün hazırlanır, yalnız 2-3 faizi emala yönəldilir. Qablaşdırılan meyvələr həm daxili bazara, həm də ixrac üçün göndərilir.

Nazir Səfərov qeyd edib ki, tutumu 5 min ton olan və 26 kameradan ibarət soyuducu anbar kompleksi məhsulların 12 ay ərzində keyfiyyətini qorumağa imkan verir: "Bu da ixracın ilboyu fasiləsiz həyata keçirilməsini təmin edir. Hazırda əsas ixrac bazarları Rusiya Federasiyası və Birləşmiş Ərəb Əmirlikləridir."

Sonra media nümayəndələri Xaçmazda yerləşən "Agrarco" MMC-də olublar. Şirkətin Şimal regionu əməliyyatlar üzrə direktoru və baş aqronomu Şəmistan Novruzlu jurnalistlərə bildirib ki, bağlar şirkətin əsas fəaliyyət istiqaməti olan fındıq yetişdirmək, eyni zamanda, onun ixracı ilə məşğuldur: “Bağlarımızın ümumi ərazisi 600 hektar ətrafındadır. Yeni bağların da salınması planlaşdırılır. Bağlarımızda əsasən fındığın ata-baba çeşidləri, yerli Xaçmaz çeşidi və İtaliyadan gətirdiyimiz “Tonda di Giffoni”, “Romana” və digər çeşidlərimiz mövcuddur”.

Bağların əkin sxeminə görə bir-birindən fərqləndiyini söyləyən Şəmistan Novruzlu əlavə edib ki, müasir damlama-suvarma sistemlərinin qurulması, eyni zamanda daha innovativ yanaşmalarla yığım həyata keçirilir.

"Agrarco" MMC təmsilçisi bildirib ki, fəaliyyətlərində subsidiyalar, güzəştli kredit, aqrar kreditlər kimi dövlət dəstəyindən istifadə edirlər: “Biz təsərrüfat sahibi olaraq dövlət dəstəyi proqramlarından tam olaraq yararlanaraq bağlarımızda daha çox innovativ yeniliklər aparır, yeni çeşidlər əkərək Azərbaycanda fındıqçılığın istehsalını artırırıq. Məqsədimiz fındığın hektara düşən məhsuldarlığımızı artırmaq, eyni zamanda, məhsul keyfiyyətimizi qlobal bazarda daha ön planlara çıxarmaqdır”.

Satışla bağlı məlumat verən Ş.Novruzlu yığılan məhsulların daha çox Avropa bazarında satışa çıxarıldığını deyib: “Bizim yığılan məhsullar daha çox Avropa bazarında satışa çıxarılır. Ona uyğun çeşidlər əkilir. İqlimə uyğun çeşidlər Avropa bazarında daha çox maraq göstərilən bir çeşidlərdir."

Media nümayəndələri media-tur çərçivəsində daha sonra Xaçmaz rayonunda yerləşən "Yalama Aqropark" MMC-də oldular.

Məqsəd aqroparkın fəaliyyəti, müasir kənd təsərrüfatı texnologiyalarının tətbiqi, heyvandarlıq və yem istehsalı sahəsində görülən işlərlə, eləcə də dövlət dəstəyi hesabına həyata keçirilən layihələrlə tanışlıq olub.

"Yalama Aqropark" MMC-nin istehsal rəhbəri Eldar Kərəmov jurnalistlərə müsahibəsində bildirib ki, "Yalama Aqropark" 2016-cı ilin sentyabr ayından fəaliyyət göstərir: "Müəssisəmiz üç əsas istiqamət üzrə ixtisaslaşıb. Bunlar əkinçilik, yem istehsalı və heyvandarlıqdır. Əkinçilik sahəsində heyvandarlığın tələbatını tam ödəmək üçün bütün yemlik bitkiləri öz torpaq sahələrimizdə yetişdiririk. İstehsal olunan yemlər təsərrüfatımızdakı heyvanların qidalanmasında istifadə olunur. Heyvandarlıq istiqamətində isə əsas məhsullarımız ət və süddür."

Eldar Kərəmov bildirib ki, müəssisənin illik ət istehsalı 110 ton, süd istehsalımız isə 10 min ton təşkil edir: "Hazırda təsərrüfatımızda 2 500 baş iribuynuzlu heyvan saxlanılır. Onların təxminən 1 400 başı sağmal inəklərdən ibarətdir. Bir inək üzrə gündəlik orta süd məhsuldarlığı 25-26 litrdir. Təsərrüfatımızda əsasən simental cinsindən olan ətlik-südlük istiqamətli heyvanlar yetişdirilir. Bu cinslər vaxtilə Avstriya və Almaniyadan gətirilib. Sonrakı artım isə tamamilə təsərrüfatın öz daxili damazlıq bazası hesabına təmin olunur. Hazırda kənardan heyvan alınmır. Simental cinsi Azərbaycanın iqlim şəraitinə yaxşı uyğunlaşdığı üçün yüksək məhsuldarlıq nümayiş etdirir."

"Yalama Aqropark" MMC-nin istehsal rəhbəri vurğulayıb ki, ümumilikdə 1 850 hektar əkin sahəmiz var: "Bunun 830 hektarında pivot suvarma sistemi tətbiq olunur. Əkinlər növbəli əkin prinsipi əsasında aparılır. Əsasən qarğıdalı, arpa və soya becərilir ki, bunlar da heyvandarlığın yem bazasının formalaşdırılmasına xidmət edir. Dövlət dəstəyi təsərrüfatımızın inkişafında mühüm rol oynayır. Heyvanların alınmasına görə 60 faiz, ferma avadanlıqları, pivot suvarma sistemləri və digər texniki vasitələr üzrə isə 40 faiz subsidiya və güzəştlərdən yararlanmışıq. Bu dəstək iri təsərrüfatların fəaliyyətini genişləndirməsinə, istehsal gücünü artırmasına və yeni investisiyalar həyata keçirməsinə ciddi stimul verir. Gələcəkdə də dövlət dəstəyi hesabına təsərrüfatımızın daha da genişləndirilməsini nəzərdə tuturuq."

Orxan İsrafilov, “İki sahil”