1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mühürm rol oynamış tarixi hadisələrdəndir. Bu unikal elmi tədbirdə türkologiyanın ən aktual məsələləri geniş və sistemli müzakirə obyektinə çevrilmiş, həmçinin latın qrafikası əsasında vahid ümumtürk əlifbasına keçilməsi xüsusi diqqət mərkəzində saxlanılmışdır. Bu gün də həmin qurultay diqqət mərkəzindədir. 2025-ci il oktyabrın 6–7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşünün Bəyannaməsində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi çağırışının öz əksini tapmasını buna misal göstərmək olar. Həmin ayda Prezident İlham Əliyev “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam da imzalayıb. Artıq bu Sərəncam əsasında bir sıra tədbirlər keçirilib. Hazırda da belə tədbirlər davam etdirilir. Bu tədbirlər türk birliyinin daha da gücləndirilməsinə sanballı töhfələr verir. Bu mənada demək olar ki, bu gün XXI əsrdə türk xalqlarının yeni müstəvidə birliyi, həmrəyliyi və inteqrasiyası istiqamətində atılan addımlarda Türkoloji Qurultayla bağlı keçirilən tədbirlər mühüm rol oynayır.
İyun ayında Bakıda türk xalqlarının elmi-mədəni birliyinə böyük töhfə vermiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən daha bir tədbir - “Türk dünyası həftəsi” keçiriləcək. Bu barədə Prezident İlham Əliyev mayın 15-də Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşündəki çıxışında bildirib.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İsmayıl Kazımov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Birinci Türkoloji Qurultayıb türk xalqlarının elmi və mədəni həmrəyliyinin möhkəmləndirilməsində mühüm platforma rolunu oynaması danılmazdır: “Qurultayın qəbul etdiyi qərarların sonrakı dövrlərdə türkologiya elminin inkişaf istiqamətlərinə ciddi təsir göstərdiyi də bunu təsdiq edir. Birinci Türkoloji Qurultayda təməli qoyulan elmi-mədəni bağlılıq hazırda yeni mərhələyə yüksəlmiş, bu əlaqə “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” söyləyən ölkə başçısı İlham Əliyevin dediyi kimi, türk xalqlarının hərtərəfli birliyinə töhfə verməkdədir. Artıq ortaq tarix və mədəniyyət məsələləri türk dünyasında reallaşmış və yeni məzmun-ideya kəsb etmişdir. Latın əlifbasına keçidlə əlaqədar bəzi Türk xalqlarında əngəllər aradan qaldırılmış, ortaq ədəbi dil və mədıni irsin tədqiqi gücləndirilmişdir. Hətta deyərdim ki, türk xalqlarının müasir dövrdəki birliyi və inteqrasiyası yeni mərhələyə qədəm qoymuşdur”.
Professorun sözlərinə görə, müasir mərhələdə elmi-mədəni əlaqələrin miqyası daha da genişlənmiş və instititusional səciyyə qazanmışdır: “Təhsil, elm, mədəniyyət, media sahələrində əlaqələr daha da möhkəmlənmiş, birgə elmi tədbirlər, eləcə də layihələr həyata keçirilməkdədir. Yeri gəlmişkən qeyd edim ki, bu yaxınlarda Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədlinin “1926-cı il I Türkoloji Qurultay: tarixi zəmində, arxiv sənədlərində, milli mətbuatda” adlı kitabı da nəşr olunub. Bu kitabda həmin günlərin nəfəsini, tribunadan səslənən hər bir fikri duymaq mümkündür”.
Müsahibimiz daha sonra dedi: “Bu gün vahid ümumtürk dilinin yaranmasına böyük ehtiyac var. Həmin məsələ elmi-mədəni mühitdə incəliklə və qayğıkeşliklə birdəfəlik qəbul edilməlidir. Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən “Türk dünyası həftəsi”nin iyun ayında Bakıda keçirilməsinə gəldikdə isə, bu tədbir dövlət başçısının bildirdiyi kimi, xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək. Şübhəsiz, həmin tədbirdə Birinci Türkoloji Qurultayla bağlı yeni fikirlər səslənəcək, onun əhəmiyyəti konkret detallarla bir daha dünyaya çatdırılacaq”.
Qvami Məhəbbətoğlu, “İki sahil”