29 may 2026 14:34
141

Ağdərədə XI-XV əsrlərə aid saxsı nümunələri və kurqanlar tapılıb

“Azerbaijan International Mining Company Limited (AIMC)” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi və “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi ilə bağlanmış müqavilələr əsasında AMEA Arxeologiya və Antropologiya İnstitutunun Yeni tikinti sahələrinin arxeoloji tədqiqi şöbəsi tərəfindən Ağdərə və Ağdam rayonlarında arxeoloji monitorinq və qazıntı işləri aparılıb.

“İki sahil” xəbər verir ki,  İnstitutdan bildirilib ki, Ağdərə rayonunun Canyataq kəndi yaxınlığında yerləşən “Dəmirli” Filiz Emalı Kompleksi ərazisində Neolit dövrünə aid yaşayış yeri tədqiq edilib. Aparılan qazıntılar zamanı zəngin saxsı nümunələri, iri daş alət fraqmentləri və oxra qırıntıları aşkar olunub. Tədqiqatlar göstərir ki, ərazi qədim dövrdə oxra tədarükü və emalı üçün istifadə olunan düşərgələrdən biri olub. Monitorinq zamanı ərazidə vaxtilə müsəlman qəbiristanlığının mövcud olduğu da müəyyən edilib. İşğal dövründə qəbiristanlığın böyük hissəsinin dağıdıldığı, ərazidə yol çəkildiyi və mədəni irs nümunələrinin ciddi zərər gördüyü müşahidə olunub.

Ərazidə, həmçinin XI–XV əsrlərə aid şirli və şirsiz keramika nümunələri, orta əsr tikili qalıqları, eləcə də üç kurqan qeydə alınıb.

Ağdam rayonunun Göytəpə kəndi ərazisində aparılan monitorinq zamanı İlk Tunc dövrünə aid Göytəpə yaşayış yerində Antik dövrə məxsus mədəni təbəqə aşkar edilib. Sahəsi 4 hektardan artıq olan abidə qədim dövrdə ərazidə intensiv məskunlaşmanın mövcudluğunu göstərir.

Monitorinq çərçivəsində Eyvazxanbəyli kənd qəbiristanlığında 1924-cü ilə aid altıbucaqlı türbə də qeydə alınıb. Kitabəyə əsasən türbə “Şamil bəy Salman bəy oğlu”na məxsusdur. Bu tip altıbucaqlı türbələr Azərbaycan memarlığında nadir nümunələrdən hesab olunur.