Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə çıxışı aqrar sahənin gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm mesajlarla yadda qalıb. Kənd təsərrüfatı yalnız iqtisadi sektor kimi deyil, həm də sosial rifahın, məşğulluğun, regional tarazlığın və ərzaq təhlükəsizliyinin əsas komponentlərindən biridir. Müşavirədə aqrar sahənin inkişafı üçün həyata keçirilən dövlət proqramları, subsidiya mexanizmləri, regional siyasət, ərzaq təhlükəsizliyi və investisiya imkanları geniş şəkildə təhlil olunub. Bu sahənin inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olaraq qalır və həmin istiqamətdə qarşıya yeni strateji hədəflər qoyulur.
Kənd təsərrüfatı sahəsinə daim xüsusi diqqət göstərilib. Hələ 2004-cü ildə qəbul edilmiş ilk regional inkişaf proqramı bölgələrin sosial-iqtisadi potensialının gücləndirilməsi ilə yanaşı, aqrar sektorun inkişafına da mühüm təkan verib. Həmin proqram çərçivəsində bölgələrdə yol infrastrukturu yenilənib, elektrik, qaz və su təchizatı yaxşılaşdırılıb, kəndlərdə sosial obyektlərin tikintisi sürətləndirilib. Sonrakı illərdə qəbul olunan bir neçə beşillik proqram nəticəsində regionların siması tamamilə dəyişib, kənd təsərrüfatı istehsalının genişlənməsi üçün müasir infrastruktur formalaşdırılıb. Yeni suvarma sistemlərinin qurulması, logistika imkanlarının genişləndirilməsi və aqroparkların yaradılması aqrar sahədə məhsuldarlığın artırılmasına mühüm təsir göstərib. Bu proqramlar nəticəsində bölgələrdə minlərlə yeni iş yeri yaradılıb və kənd əhalisinin məşğulluq imkanları əhəmiyyətli dərəcədə genişlənib.
Aqrar sektorun inkişafında subsidiyalar mühüm rol oynayır. Fermerlərə verilən gübrə və yanacaq güzəştləri, güzəştli kreditlər, metodiki dəstək və digər təşviq mexanizmləri aqrar sahənin dayanıqlı inkişafına xidmət edir. Bu dəstək mexanizmləri kənd təsərrüfatı ilə məşğul olan insanların maliyyə yükünü azaltmaqla yanaşı, istehsalın genişləndirilməsinə və məhsuldarlığın artırılmasına da mühüm töhfə verir. Dünyada az sayda dövlət bu qədər genişmiqyaslı subsidiya mexanizmləri tətbiq edir. Bütün bunlar kənd təsərrüfatına göstərilən diqqətin real göstəricisidir. Müasir texnologiyaların tətbiqi, rəqəmsal idarəetmə sistemlərinin genişləndirilməsi və fermerlərin maarifləndirilməsi aqrar sahənin daha da inkişaf etməsinə imkan yaradacaq əsas amillərdəndir.
Bölgələrdə yaradılan imkanlar insanların doğma torpaqlarında yaşayıb fəaliyyət göstərməsinə şərait yaradır. Aqrar fəaliyyətlə yanaşı, turizm və xidmət sektorunun inkişafı da bölgələrin sosial-iqtisadi fəallığını artırır. Son illərdə regionlarda yaradılmış yeni müəssisələr, emal sənayesi obyektləri və kənd turizmi imkanları kənd yerlərində həyat səviyyəsinin yüksəlməsinə mühüm təsir göstərib. Dövlətimizin başçısının qeyd etdiyi statistik rəqəmlər aqrar sahədə əldə olunan nəticələrin ümumi mənzərəsini ortaya qoyub. Tərəvəz istehsalı üzrə daxili təminat 107 faiz təşkil edir və yüz minlərlə ton məhsul ixrac olunur. Meyvə və giləmeyvə istehsalı daxili tələbatı tam ödəməklə yanaşı, böyük ixrac potensialı yaradır. Bu göstəricilər aqrar sahədə həyata keçirilən siyasətin uğurlu nəticələr verdiyini nümayiş etdirir. Prezident İlham Əliyev qeyd edib ki, bir çox magistral, şəhərlərarası və kənd yolları inşa edilmişdir: “Böyük su anbarları inşa edilmişdir, ilk növbədə, Taxtakörpü, Şəmkirçay, Göytəpə və digərləri. Kanallar yenidən qurulmuşdur və bu proses davam etdirilir. Bir sözlə, bölgələrin və kənd təsərrüfatının inkişafı çox sürətlə getmişdir. Bunun nəticəsində bir çox istiqamətlər üzrə kənd təsərrüfatı məhsullarının istehsalında böyük artım olmuşdur. Onu da bildirməliyəm ki, bu illər ərzində bir neçə dövlət proqramı qəbul edilmişdir, üzümçülük, pambıqçılıq, fındıqçılıq, sitrusçuluq, digər istiqamətlər üzrə və bu sahələrə böyük təkan verilmişdir”.
Heyvandarlıq və ərzaq məhsulları üzrə göstəricilər də diqqət çəkir. Mal əti, quş əti, qoyun-keçi əti, yumurta, balıq məhsulları, şəkər, un və digər strateji məhsullar üzrə daxili istehsalın yüksək səviyyəyə çatdırılması ərzaq təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə qlobal iqtisadi çağırışların və beynəlxalq bazarlarda müşahidə olunan dalğalanmaların artdığı bir dövrdə daxili istehsal potensialının gücləndirilməsi strateji məsələ kimi ön plana çıxır. Bununla yanaşı, bəzi məhsullar üzrə idxaldan asılılığın qalması yeni investisiyalar üçün geniş imkanlar yaradır. Aqrar emal sənayesinin inkişaf etdirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və müasir texnologiyaların tətbiqi idxaldan asılılığın daha da azaldılmasına imkan verəcəkdir.
Beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsi, əlverişli biznes mühiti və qanunvericilik çərçivəsində yaradılan şərait kənd təsərrüfatına investisiya cəlbediciliyini artırır. Aqrar sektor böyük iqtisadi potensiala malik sahələrdən biri kimi investorların diqqətini cəlb edir. Xarici şirkətlərin müasir texnologiyalar, innovativ yanaşmalar və yeni idarəetmə modelləri ilə aqrar sahəyə töhfə verməsi istehsalın daha da artmasına səbəb olacaqdır. Eyni zamanda, yerli sahibkarların aqrar sahəyə daha çox sərmayə yatırması daxili bazarın genişlənməsinə və yeni ixrac imkanlarının yaranmasına şərait yaradır.
Aqrar sektorun inkişafı regionların sosial rifahını yüksəldir, məşğulluğu artırır, ərzaq təhlükəsizliyini təmin edir və ixrac potensialını gücləndirir. Kənd təsərrüfatının inkişafı kənd yerlərində əhalinin yaşayış səviyyəsinin yaxşılaşmasına, sosial sabitliyin möhkəmlənməsinə və regionların iqtisadi fəallığının artmasına töhfə verir. Aqrar sahədə həyata keçirilən siyasət uzunmüddətli perspektivdə dayanıqlı inkişafın mühüm təminatlarından biri kimi çıxış edir. Bu siyasət nəticəsində bölgələrdə iqtisadi fəallıq artır, yeni biznes imkanları yaranır və kənd təsərrüfatı müasir inkişaf mərhələsinə qədəm qoyur.
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri