1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində yüzlərlə kənd, şəhər işğal edildi, dinc əhali doğma yurdlarından didərgin salındı. İnsanlar bir gecənin içində ev-eşiklərindən, ata-baba torpaqlarından uzaq düşdülər. Onlar uzun illər çadırlarda, vaqonlarda, yarımçıq binalarda yaşamalı oldular. 30 ilə yaxın bir dövrdə bu insanlar öz doğma yurdlarına qayıtmaq ümidi ilə yaşadılar. Hər il, hər gün vətən həsrəti onların qəlbində bir yara kimi qaldı. Amma bu çətin illərdə Azərbaycan dövləti məcburi köçkünlərin problemlərini aradan qaldırmaq, onların sosial vəziyyətini yaxşılaşdırmaq üçün mühüm addımlar atdı. Yeni qəsəbələr salındı, evlər tikildi, məktəblər, xəstəxanalar və sosial obyektlər istifadəyə verildi. 2007-ci ildə ölkə ərazisində mövcud olan 12 çadır düşərgəsi və dəmir yolu üzərindəki yük vaqonlarından ibarət yaşayış məntəqələri tamamilə ləğv edildi. Müvəqqəti xarakter daşıyan 16 fin tipli qəsəbədən sonuncusu isə 2016-cı ildə bütövlüklə aradan qaldırıldı. Dövlətin diqqət və qayğısı sayəsində qaçqın və məcburi köçkünlər üçün daha normal yaşayış şəraiti yaradıldı. Lakin bütün bu illər ərzində onların ən böyük arzusu – doğma torpaqlara qayıtmaq idi. Bu arzu 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi nəticəsində gerçək oldu. Azərbaycan Ordusunun Zəfəri nəticəsində işğal altında olan torpaqlar azad edildi.
Uzun illər dağıntılara və vandalizmə məruz qalmış Qarabağ və Şərqi Zəngəzurda bu gün həyat yenidən qurulur. Dövlət tərəfindən həyata keçirilən sistemli və mərhələli layihələr nəticəsində regionda bərpa və quruculuq işləri paralel şəkildə icra olunur, sosial-iqtisadi infrastruktur yenidən formalaşdırılır. Prezident İlham Əliyevin "Biz Böyük qayıdış proqramını uğurla icra edirik və işğaldan azad edilmiş ərazilərdə bu gün böyük quruculuq işləri aparılır" fikri bu prosesin mahiyyətini dəqiq ifadə edir. Bütün bu proseslərin mərkəzində isə Böyük Qayıdış Proqramı dayanır. Bu proqram yalnız fiziki infrastrukturun qurulmasını deyil, insanların öz doğma torpaqlarına təhlükəsiz, mərhələli və ləyaqətli şəkildə qayıdışını təmin etməyi hədəfləyir. Prezidentin işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərləri, görülən işlərə şəxsən nəzarət etməsi və sakinlərlə birbaşa ünsiyyəti Böyük Qayıdışın insanyönümlü siyasət olduğunu açıq şəkildə göstərir.
Qayıdış prosesi təkcə evlərin tikintisi ilə məhdudlaşmır. Köçürülən ailələr üçün təhsil, səhiyyə, sosial xidmətlər, məşğulluq imkanları və psixoloji adaptasiya mexanizmləri yaradılır. Bu yanaşma insanların uzunmüddətli perspektivdə bölgədə sabit və təhlükəsiz həyat qurmasına imkan verir. 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf Strategiyası və Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı məhz bu məqsədlərə xidmət edir və beş milli prioritet əsasında icra olunur. Son illər Böyük Qayıdış prosesində ciddi irəliləyişlər qeydə alınıb. Xüsusilə ötən il bu baxımdan mühüm mərhələ kimi yadda qalıb. 2025-ci ildə Qarabağ və Şərqi Zəngəzurda 22 yeni yaşayış məntəqəsinə - 2 şəhər, 3 qəsəbə və 17 kəndə köç prosesi həyata keçirilib. Yanvarın 9-da Ağdərə rayonunun Aşağı Oratağ, Heyvalı, Çapar və Çıldıran kəndləri ilk sakinlərinə qovuşub. İlk mərhələdə Aşağı Oratağ kəndinə 31 ailə - 119 nəfər, Çapar kəndinə 26 ailə - 96 nəfər, Heyvalı kəndinə 19 ailə - 74 nəfər, Çıldıran kəndinə isə 13 ailə - 48 nəfər qayıdıb. Hazırda respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış insanlar mərhələli şəkildə öz doğma yurdlarına köçürülür. Bu günədək 6554 ailə, 25754 nəfər artıq Qarabağ və Şərqi Zəngəzurda məskunlaşıb. Ümumilikdə 7 şəhər, 3 qəsəbə və 26 kənd sakinlərini qarşılayıb. 2027-ci ilədək isə 91 yaşayış məntəqəsinə 96 minə yaxın şəxsin qayıdışı planlaşdırılır. Böyük Qayıdışın birinci mərhələsi tamamlanana qədər isə 140 min nəfərin - 34 min 500 ailənin köçürülməsi nəzərdə tutulur. Bu irimiqyaslı proseslərin maliyyə təminatı da dövlət tərəfindən tam şəkildə həyata keçirilir. 2020-2026-cı illər ərzində işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulmasına 30,5 milyard manat vəsait ayrılıb. Belə ki, 2020-2025-ci illərdə bərpa işlərinə 22,3 milyard manat, o cümlədən 18,5 milyard manatı investisiya xərcləri olmaqla vəsait ayrılıb. 2025-ci ildə 4,7 milyard manat xərclənib, 2026-cı ildə isə 3,5 milyard manat vəsait nəzərdə tutulub. Ümumilikdə 2026-cı il daxil olmaqla məbləğ 30,5 milyard manatdır.
Azərbaycan dövlətinin sosial siyasət prioritetlərinə və mövcud qanunvericilik çərçivəsinə uyğun olaraq, işğal dövrünün başa çatması ilə əlaqədar məcburi köçkün statusu və ona tətbiq olunan xüsusi sosial mexanizmlər yenidən tənzimlənir. Yeni hüquqi qaydalara əsasən, işğaldan azad edilmiş ərazilərə köçürülən, habelə təklif olunan köçürülmədən imtina edən şəxslərin məcburi köçkün statusu həmin andan etibarən dəyişir və itirilmiş hesab olunur. Sosial müdafiə tədbirləri köçürülən şəxslər və köçürülmə təklifini qəbul etməyən şəxslər üçün statusun itirildiyi tarixdən sonra 3 il müddətində davam edir. Qanun qüvvəyə minənədək köçürülmüş şəxslər üçün bu 3 illik müddət köçürüldükləri tarixdən hesablanır. Məcburi köçkünlər işğaldan azad edilmiş ərazilərdə ev və ya mənzillə təmin edilir və həmin yaşayış sahəsi dərhal onların mülkiyyətinə verilir. Təhsil alan şəxslər üçün təhsil haqlarının dövlət büdcəsi hesabına ödənilməsi təhsil müddətinin sonunadək davam etdirilir. Dövlətin sosial müdafiə sistemi tək bir statusa bağlı deyil, çoxsəviyyəli mexanizmlərdən ibarətdir. Buraya ünvanlı sosial yardım, məşğulluq proqramları, mənzil təminatı, təhsil və səhiyyə dəstəyi, reabilitasiya və sosial inteqrasiya proqramları da daxildir. Dövlət tərəfindən məcburi köçkün ailələrinə göstərilən sosial dəstək siyasəti davam etdirilir. Ünvanlı sosial yardım, məşğulluq proqramları, təhsil və digər məcburi köçkün statusuna bağlı olmayan sosial müdafiə mexanizmləri qüvvədə qalır.
Bu islahatlarla dövlətin sosial siyasətində müvəqqəti rejimdən dayanıqlı inteqrasiya modelinə keçid reallaşır. Dövlətin sosial müdafiə sistemi tək bir statusla məhdudlaşmır və çoxsəviyyəli mexanizmlərə əsaslanır. Bu səbəbdən, Böyük Qayıdış çərçivəsində vətəndaşların rifahı və sosial təminatı yenə də prioritet istiqamət olaraq qalır - statusun itirilməsindən asılı olmayaraq dövlətin məşğulluq proqramları, ünvanlı sosial yardım, mənzil təminatı, təhsil, səhiyyə dəstəyi, reabilitasiya və sosial-iqtisadi inteqrasiya mexanizmləri vasitəsilə ailələrə göstərilən genişmiqyaslı dəstək tədbirləri davamlı şəkildə qüvvədə saxlanılır.
Məcburi köçkünlərlə bağlı həyata keçirilən bu hüquqi və sosial islahatlar Azərbaycanın postmünaqişə dövründə qarşıya qoyduğu strateji hədəflərin tərkib hissəsidir. Dövlətin sosial dəstək mexanizmlərinin yeni mərhələnin çağırışlarına uyğunlaşdırılması humanitar böhran idarəçiliyindən dayanıqlı və müasir inkişaf modelinə keçidin ən bariz göstəricisidir. Uzun illər ərzində məcburi köçkünlərin müdafiəsinə yönəlmiş xüsusi mexanizmlər öz tarixi missiyasını yerinə yetirərək, bu gün yeni reallıqlara uyğun şəkildə yenidən formalaşdırılır.
Sevinc Azadi, “İki sahil”