04 iyun 2026 10:39
92

Kubada "Visa" və "Mastercard" kartlarının fəaliyyəti dayandırılacaq

Kubada "Visa" və "Mastercard" beynəlxalq ödəniş kartlarının istifadəsi yaxın günlərdə ciddi məhdudiyyətlərlə üzləşəcək.

“İki sahil” xəbər verir ki, bu barədə "Cubadebate" portalı Kuba Mərkəzi Bankına istinadla məlumat yayıb.

Məlumata görə, xarici banklardan biri iyunun 2-də Kubanın dövlət maliyyə korporasiyası olan Fincimex ilə əməkdaşlığı dayandırdığını bildirib. Həmin bank Visa və Mastercard kartları vasitəsilə həyata keçirilən əməliyyatların emalı ilə məşğul olurdu. Qərar iyunun 6-dan qüvvəyə minəcək.

Portalın məlumatına əsasən, məhdudiyyətlər qüvvəyə mindikdən sonra Kuba təşkilatı ilə mövcud müqavilələrin icrası qanunsuz və mümkün olmayan fəaliyyət hesab ediləcək. Nəticədə ölkə Visa və Mastercard kimi beynəlxalq səviyyədə tanınan ödəniş kartları vasitəsilə mal və xidmət satışından gəlir əldə edə bilməyəcək.

Bankın adı açıqlanmasa da, qərarın ABŞ-ın Kubaya qarşı tətbiq etdiyi sanksiyalarla əlaqədar olduğu bildirilir.

Bununla belə, Kubada Rusiyanın “Mir” ödəniş sistemi və Çinin UnionPay kartları ilə ödəniş imkanları qüvvədə qalacaq.