08 iyun 2026 12:26
85

NATO qırıcıları Latviya üzərində pilotsuz uçuş aparatını vurub

Latviyanın Silahlı Qüvvələrinin məlumatına görə, NATO-ya məxsus qırıcı təyyarələr ölkənin hava məkanına daxil olan pilotsuz uçuş aparatını (PUA) məhv edib.

“İki sahil” xəbər verir ki,  qurumun sosial şəbəkədə yaydığı açıqlamada bildirilir ki, Latviyanın hava məkanında növbətçilik həyata keçirən müttəfiq qırıcıları hava məkanına daxil olan pilotsuz uçuş aparatını uğurla vurublar.

Hadisənin detalları, o cümlədən pilotsuz aparatın mənsubiyyəti, uçuş marşrutu və məqsədi barədə hələlik əlavə məlumat verilməyib. Bununla belə, hadisə Baltik regionunda təhlükəsizlik məsələlərinin yenidən diqqət mərkəzinə çıxmasına səbəb olub.

Mövzu ilə bağlı daha əvvəl ABŞ-ın keçmiş hərbi kəşfiyyat əməkdaşı Skott Ritter bəyan etmişdi ki, Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının Baltik ölkələrinin hava məkanından keçməsinə imkan verilməsi həmin dövlətləri münaqişənin fəal iştirakçısına çevirə bilər. Onun sözlərinə görə, bu cür hadisələr beynəlxalq münasibətlərdə ciddi hüquqi və siyasi nəticələr doğuran “casus belli” – yəni müharibə üçün əsas hesab edilə biləcək vəziyyət yarada bilər.