08 iyun 2026 12:37
89

Moldovada pilotsuz uçuş aparatı partlayıb

İyunun 8-nə keçən gecə Moldovanın Orhey rayonunun Lopatna kəndi yaxınlığında pilotsuz uçuş aparatı (PUA) partlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə yerli polisə istinadla məlumat yayılıb.

TASS xəbər verir ki, hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, gecə yarısına yaxın kənd sakinlərindən biri naməlum uçuş aparatını, ehtimal ki, dronu gördüyünü və onun bir müddət sonra partladığını xəbər verib. İlkin məlumatlara əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.

Hazırda hadisə yerində polis əməkdaşları və istehkamçılar işləyir. Təhlükəsizlik məqsədilə partlayışın baş verdiyi ərazi mühasirəyə alınıb və araşdırmalar davam etdirilir.

Hadisə Moldova ilə Rusiya arasında pilotsuz uçuş aparatları ilə bağlı son dövrlərdə yaşanan gərginlik fonunda baş verib. Xatırladaq ki, iyunun 2-də Moldova Xarici İşlər Nazirliyi Rusiyanın Kişinyovdakı müvəqqəti işlər vəkilini nazirliyə çağıraraq etiraz notası təqdim etmişdi. Buna səbəb mayın 29-da Rumıniyanın Qalați şəhərində çoxmənzilli yaşayış binasına pilotsuz uçuş aparatının düşməsi olmuşdu.