08 iyun 2026 18:47
147

Azərbaycan-Türkiyə münasibətləri: Qardaşlığın, dostluğun, müttəfiqliyin nümunəsi

Tarixi köklərə malik olan bu münasibətlərdə yeni səhifə açan Şuşa Bəyannaməsinin imzalanmasından 5 il keçir

15 iyun 2021-ci il. Həmin gün Azərbaycan-Türkiyə münasibətlərində yeni səhifə açıldı. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmin tarixdə işğaldan azad olunan Şuşa şəhərinə tarixi səfər etdi. Bu səfər çərçivəsində Qarabağın ürəyi olan Şuşada tarixi Bəyannaməyə imza atıldı. 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə dünya iki dost ölkənin timsalında bir daha qardaşlığın nümunəsinin şahidinə çevrildi. Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan tək deyil” çağırışı ilə həm dünyaya mesaj ünvanladı, həm də ölkəmizə siyasi, mənəvi dəstəyini ifadə etdi. Bu dəstək Azərbaycana əlavə güc verərək Qələbəyə doğru inamlı addımlarında əhəmiyyətli rol oynadı. Prezident İlham Əliyev hər bir çıxışında Türkiyə dövlətinin, xalqının dəstəyini xüsusi qeyd edir, yüksək dəyərləndirir. Təbii ki, Azərbaycan xalqı da bu diqqət və qayğını heç zaman unutmur, unutmayacaq.

İstər Vətən müharibəsi, istərsə də hazırkı postmünaqişə dövrü Azərbaycan-Türkiyə münasibətlərinin dərin tarixi köklərə malik olduğunu, günbəgün daha da möhkəmləndiyini, ən çətin, eyni zamanda, sevincli anlarda bir-birinin yanında olduğunu təsdiqləməklə yanaşı, bu birliyin sarsılmazlığını dünyaya nümayiş etdirir. Bunun üçün şanlı Qələbəmizdən sonra Zəfərimizin dünyaya təqdimatında əhəmiyyətli rol oynayan Zəfər paradında iki qardaş, dost ölkənin prezidentlərinin birgə iştirakından bu günədək atılan addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Türkiyə Prezidentinin həmin səfəri çərçivəsində müxtəlif sahələrdə, o cümlədən media sahəsində əməkdaşlığa dair sənədlər imzalandı. Rəcəb Tayyib Ərdoğan “Bu gün atılan imzalar, əslində, simvolik imzalardır. Atılacaq daha çox imzalar var. Bu imzalarla birlikdə inşallah, Azərbaycan Qarabağın tamamilə fərqli şəkildə yüksəlişinə davam edəcəkdir” fikirləri ilə münasibətlərimizin gələcək inkişafının aydın mənzərəsini təqdim etdi.

Azad Qarabağa gələn xarici ölkələrin liderlərindən bəhs edərkən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ilk səfər edən dövlət başçısı olduğunu böyük qürur hissi ilə qeyd edirik. Dövlətimizin başçısı İlham Əliyev 2021-ci il 15 iyun tarixində Qarabağın tacı Şuşanın şahidliyi ilə Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının, müttəfiqliyinin təsdiqi olan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanmasından sonra Rəcəb Tayyib Ərdoğanla birgə mətbuata bəyanatında “Əziz qardaşım Azərbaycanda dəfələrlə olub, ancaq biz ilk dəfə Qarabağ torpağında - Şuşada bir yerdəyik. Bu səfərin tarixi əhəmiyyəti var. Çünki bu gün imzalanmış Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır” söyləyərək bu səfərin həm iki ölkənin münasibətlərinin gələcək inkişafında yol xəritəsi olacaq sənədin imzalanmasından, həm də qardaş ölkənin Prezidentinin Qarabağa ilk səfər edən lider olmasından məmnunluğunu ifadə etdi. Cənab İlham Əliyev, həmçinin vurğuladı ki, bu gün Türkiyə və Azərbaycan bir-birinə dünya çapında ən yaxın olan ölkələrdir. Bizi birləşdirən bir çox amillər var, ilk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib. Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk.

İmzalanan Şuşa Bəyannaməsi tarixə əsaslanır. Bəyannamədə böyük öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Ulu Öndər Heydər Əliyev bildirmişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi kəlamlar iki ölkənin birgə fəaliyyəti üçün əsas amildir. Dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk.

Azərbaycan üçün çox önəmli bir tarixdə - Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş dövlət arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi iki qardaş ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin regional və beynəlxalq rolunu, çəkisini daha da artırır. Şuşa Bəyannəməsinin imzalanmasından ötən beş ilin iki ölkənin münasibətlərində hansı uğurlara yol açdığı günümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. Həmin sənəddə tərəflər ikitərəfli münasibətlərin daha da genişləndirilməsi və dərinləşdirilməsi perspektivlərini hərtərəfli nəzərdən keçirərək, ayrı-ayrı sahələrdə mövcud imkanlara söykənərək atılan və atılacaq addımları bəyan etmişdilər. Əsas çağırışlardan biri bu oldu ki, tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq, onların aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Şuşa Bəyannaməsi ümumilikdə Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə qazandığı uğurların məcmusu, onlara söykənərək qarşıdakı dövrdə atılacaq addımların təqdimatıdır. Tarixi Zəfərimizdən sonra əməkdaşlıqda diqqət göstərilən sahələr media və təhsil oldu. Ortaq Media Platformasının, həmçinin Türkiyə-Azərbaycan Universitetinin yaradılması bunun bariz nümunəsidir. Hər iki addım birliyimizin növbəti rəmziləri kimi dəyərləndirildi.

İki dost, qardaş ölkənin münasibətlərinin dünəninə, bu gününə və onların əsasında gələcəyi ilə bağlı müəyyənləşdirilən hədəflərə nəzər salaq. Dünya Azərbaycan-Türkiyə münasibətlərinin fonunda dostluğun, qardaşlığın nümunəsini görür. Dünyada elə ölkələr yoxdur ki, Azərbaycan və Türkiyə qədər biri-birinə yaxın olsun. Bu birlik, həmrəylik ümumilikdə Türk dünyasının birliyinin, həmrəyliyinin aydın mənzərəsini təqdim edir. 44 günlük İkinci Qarabağ müharibəsi bu birliyi daha da möhkəmləndirdi. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, xarici siyasətimizdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə bizim əlaqələrimiz prioritet təşkil edir. Bu ölkələrlə bizim tarixi, mədəni, etnik köklərimiz gözəl təməl formalaşdırır və bu gün müstəqil dövlətlər kimi biz bütün beynəlxalq təşkilatlarda da vahid mövqedən çıxış edirik, bir-birimizi dəstəkləyirik. Yaxşı günlərdə, çətin günlərdə bir-birimizin yanındayıq. Bu gün Türk Dövlətləri Təşkilatı dünya miqyasında böyük nüfuz qazanmışdır və bizim beynəlxalq mövqelərimiz möhkəmlənir. Həm bölgədə gedən proseslərə bizim təsir imkanlarımız artır, eyni zamanda, qlobal müstəvidə də təşkilatımızın rolu artmaqdadır və biz müştərək səylərlə mövqelərimizi möhkəmləndirməliyik. Bu gün bizim təşkilatımız dünyanın aparıcı beynəlxalq təşkilatlarının sırasına daxil edilməlidir. Bu, bizdən asılıdır. Biz nə qədər səylər göstərsək, birlik göstərsək, önəmli layihələrin icrasına nail olsaq və eyni zamanda, tərəfdaşlarımız üçün də önəmli imkanlar yaratsaq, bizim beynəlxalq nüfuzumuz da, mövqelərimiz də, imkanlarımız da bir o qədər artacaq.

Hazırda Müttəfiqlik Bəyannaməsi əsas götürülərək bütün məsələlərdə iki dost ölkə bir yerdədir, bir nöqtəyə vurur. Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. Cənab İlham Əliyevin “Vaxtilə biz qarşıya müştərək hədəflər qoyduq və indi bu hədəflərə doğru gedirik” çağırışı da özündə mühüm məqamları ehtiva edir. Azərbaycan və Türkiyənin birgə həyata keçirdikləri layihələr regionda sabitlik, əməkdaşlıq gətirir. Bu birlik hər zaman regionda sabitliyin, təhlükəsizliyin qarantı kimi dəyərləndirilir. Enerji və nəqliyyat təhlükəsizliyi bu gün dünya gündəliyinin ön sıralarında olan mövzulardır. İki ölkənin siyasi iradəsi əsasında reallığa çevrilən enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib etdi. Regional çərçivədə qurulan əməkdaşlığın coğrafiyası genişlənərək beynəlxalq miqyas alıb. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin ardınca Cənub Qaz Dəhlizi layihəsi reallığa çevrildi. Azərbaycan Türkiyə vasitəsilə Avropaya enerji tədarük edir. Bu sahədəki əməkdaşlıq xüsusilə 2006 və 2007-ci illərdə istifadəyə verilən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələri ilə dərinləşib. Bu layihələr yalnız iqtisadi deyil, həm də siyasi və strateji əhəmiyyətə malikdir, çünki Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. TANAP Cənubi Qafqazı Avropa bazarına bağlayan əsas enerji layihələrindən biridir və bu, yalnız iki ölkə arasındakı iqtisadi əlaqələri möhkəmləndirmir, həm də Azərbaycanın enerji ehtiyatlarını Avropaya çıxarmaq üçün geniş imkanlar təqdim edir. Bu layihələr həm də Azərbaycanın və Türkiyənin regional enerji təhlükəsizliyini təmin etməsinə və Avropa bazarları ilə daha sıx əlaqə qurmasına şərait yaradır. İki ölkə arasında ticarət əlaqələri, enerji və nəqliyyat sahələrində əməkdaşlıq da kifayət qədər genişdir.

Bu günlərdə Azərbaycanda 1994-cü ildən bəri ənənəvi keçirilən Bakı Enerji Həftəsinin 31-ci iclasına təbrik məktubunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, regionumuzda yaşanan proseslər Azərbaycanla birlikdə enerji sahəsində atdığımız addımların nə qədər düzgün olduğunu göstərir. Bölgəmiz üçün xəyal kimi görünən bir çox meqalayihəni Azərbaycanla birlikdə uğurla həyata keçirməkdə davam edirik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP boru kəmərləri kimi layihələr Azərbaycanla birlikdə başlatdığımız və digər bir dost ölkə Gürcüstanın da töhfələri ilə başa çatdırdığımız layihələr arasındadır. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” layihələrində tərəfdaşlığımız sayəsində Azərbaycanla əməkdaşlığımızın daha da dərinləşdiyini görürük. “Şəfəq-Asiman” yatağı üzrə yeni tərəfdaşlığımız bu əməkdaşlığımızın fasiləsiz şəkildə davam etməsinin növbəti bariz sübutudur. Ötən il istifadəyə verilən İğdır-Naxçıvan qaz kəməri Naxçıvan bölgəsinin enerji təhlükəsizliyini dəstəkləyib və möhkəmləndirib. Türkiyə ilə Azərbaycan arasındakı elektrik bağlantıları bizim üçün strateji əhəmiyyət daşımaqdadır. İnşallah, Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstan arasında yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti layihəsinin həyata keçirilməsi ilə bütün regionumuzun enerji təhlükəsizliyinə töhfə verməyi düşünürük. Eyni qaydada, ötən ilin avqust ayında Türkiyə və Azərbaycanın birgə təşəbbüsü nəticəsində Suriyaya qaz tədarükünün başlanmasının bu ölkənin inkişafına və regional təhlükəsizliyə töhfələri mübahisəsizdir. Türkmənistan qazının Azərbaycan və Türkiyə vasitəsilə ixracı istiqamətində əməkdaşlığımızı genişləndirmək üçün qarşımızda böyük imkanlar mövcuddur. Qazaxıstanın təbii ehtiyatlarının Qərb bazarlarına çatdırılmasında Bakı-Tbilisi-Ceyhan boru kəmərindən istifadənin daha da artmasının şahidi oluruq. O da qeyd edildi ki, Türkiyə bərpaolunan və yaşıl enerji də daxil olmaqla enerji sektorunun bütün istiqamətlərində səmərəliliyi və ətraf mühitə qayğını əsas götürərək məhsuldarlığı təmin etməyə yönəlmiş baxışa sahibdir. Qlobal iqlim fəaliyyəti sahəsində öncül və nümunəvi ölkələrdən biri olmaq əzmimizi bu il noyabrın 9-20-də Antalyada ev sahibliyi edəcəyimiz COP31 Sammiti ilə daha da möhkəmləndirəcəyik.

Azərbaycan-Türkiyə qardaşlığının böyük gələcəyi var. Bu, özünü bütün sahələrdə təsdiqləyir. Azərbaycan və Türkiyənin enerji və nəqliyyat imkanlarının birləşdirilməsi ilə reallığa çevrilən layihələr regionda sülhün, təhlükəsizliyin qarantı kimi dəyərləndirilir, ölkələr, xalqlar arasında körpü rolunu oynayır. Ölkələrimizin hərbi sahədəki əməkdaşlığı da hər zaman böyük önəm daşıyır. Azərbaycanın müdafiə qabiliyyətinin artırılmasına Türkiyənin verdiyi dəstək, xüsusilə hərbi təlimlər və silah tədarükü sahələrində davam edir. Ordularımız bir yumruq anlamına gəlib. Şuşa Bəyannaməsində də bu məqam xüsusi qeyd edilib ki, tərəflər iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərməyə davam edəcək, minalanmış ərazilərin təmizlənməsi əsas götürülməklə Ermənistan işğalından azad edilmiş rayonlarda həyatın normallaşdırılması istiqamətində fəaliyyətləri dəstəkləyəcəklər. Həmçinin vurğulanıb ki, hər iki ölkə müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsini, birgə təhsil və təlimlərin keçirilməsini, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsini təşviq edəcəklər. Azərbaycan və Türkiyə digər dost dövlətlərin orduları ilə birlikdə hərbi təlimlərin keçirilməsini dəstəkləyəcəklər.

Sənədin imzalanmasından ötən beş ildə qeyd olunan istiqamətlərdə atılan addımlar Şuşa Bəyannaməsinin mühüm əhəmiyyətindən kəsb etməsindən xəbər verir. Hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir. Cənab İlham Əliyev bildirir ki, İkinci Qarabağ savaşı və ondan üç il sonra 2023-cü ilin sentyabr ayında həyata keçirilən bir günlük antiterror tədbirləri bir daha onu göstərdi ki, Türkiyənin Ordu modeli Azərbaycanda artıq tam oturuşub. Müdafiə sənayesi sahəsində yeni imkanlar açılıb. Birgə istehsalla əlaqədar konkret planlar var.

Qardaş Türkiyə daim bizimlə olduğu kimi, Azərbaycan da hər zaman dost ölkənin yanındadır. Bunun bariz nümunəsi kimi 2023-cü ilin fevralında Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Azərbaycan dövlətinin, xalqının dəstəyini yada salmaq kifayətdir. Həmin ağır günlərdə “Qardaş Türkiyə, sizinləyik!” çağırışı özündə Azərbaycan-Türkiyə qardaşlığının sözdə deyil, əməldə öz təsdiqini tapdığını bir daha nümayiş etdirdi. Zəlzələnin fəsadlarının aradan qaldırılması zamanı Azərbaycanın Türkiyəyə göstərdiyi yardım qardaşlıq və dostluq münasibətlərinin ən gözəl nümunəsidir. Bu dəstəyin ən mühüm nümunələrindən biri Kahramanmaraş vilayətində inşa edilən “Azərbaycan məhəlləsi” oldu. Yaşayış massivinə “Azərbaycan məhəlləsi” adının verilməsi isə iki qardaş ölkə arasında bağları daha da gücləndirir. Məhəllənin girişində Azərbaycan və Türkiyə bayraqları yanaşı dalğalanır və mərkəzdə Azərbaycan-Türkiyə dostluğunun simvolu olan abidə ucaldıldı. Azərbaycan təkcə Kahramanmaraşda deyil, Hatay və Adıyaman kimi zəlzələdən zərər çəkən digər bölgələrdə də tikinti işlərində Türkiyəyə dəstəyini davam etdirir.

Azərbaycanın tarixi Zəfəri, suverenliyini tam bərpa etməsi ilə yaratdığı yeni reallıqlar regionda, dünya siyasətində mühüm yeniliklərə yol açdı. Yeni dünya nizamının formalaşdığı indiki dövrdə Azərbaycan-Türkiyə qardaşlığı Türk dünyasının birliyini təqdim edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlarında vurğulayır ki, Qarabağın azadlığa qovuşması təkcə Azərbaycan üçün deyil, Türk dünyası üçün də böyük bir qürur mənbəyidir. Azərbaycan Ordusunun Qarabağ torpağında atdığı hər addım, istiqlal və şərəf uğrunda tökülən hər damla qan Türk dünyasının tarixində şərəf nişanəsi olaraq ortaq tariximizə qızıl hərflərlə yazılmışdır. Can Azərbaycan ilə ikitərəfli əlaqələrimizlə yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsindəki birlik və həmrəyliyimizi də davam etdiririk.

Hazırda dünya siyasətində özünəməxsus yeri, nüfuzu olan, siyasi, iqtisadi, hərbi qüdrəti ilə də başqa dövlətlərə nümunə göstərilən bu qardaşlıq Türk dünyasının birlik və həmrəyliyinə də önəmli töhfələr verir. Zəngin tarixə söykənən Azərbaycan-Türkiyə münasibətləri bütün sahələrdə uğurla inkişaf edir. Hər iki ölkənin dövlət və hökumət başçılarının davamlı xarakter daşıyan qarşılıqlı səfərləri bu əlaqələri daha da möhkəmləndirir.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Türkiyə və Azərbaycan qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək eyni mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi ilə yanaşı, həmçinin BMT, ATƏT, Avropa Şurası, TDƏŞ, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla, beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək verirlər. Tarixi sənəd özündə Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, ümumi problemlərlə bağlı birgə addımların atılması, davamlı həmrəylik göstərilməsi, milli mənafelərin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diaspor fəaliyyətinin əlaqələndirilməsi və qarşılıqlı dəstəyin verilməsini də ehtiva edir. Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən uca zirvəsinə yüksəlib. Xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması ölkələrimizi həmişə bir-birinə yaxın edib. Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyəsi ümumilikdə regionun tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Bu töhfələr davamlıdır. Qarşılıqlı etimad mühitinin qorunması fonunda yüksələn xətlə inkişaf edən Azərbaycan-Türkiyə münasibətləri Şuşa Bəyannaməsində əksini tapan müddəalara uyğun olaraq uğurla inkişaf etməklə əlaqələrin gələcəyi barədə aydın təsəvvür yaradırlar. Bu birlik əbədidir, sarsılmazdır. Dövlətimizin başçısı İlham Əliyevin bu fikirlərini bir daha xatırlatmaq istərdik: “Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu gün biz bunu sübut edirik. Bu gün bütün atalarımızın, əcdadlarımızın ruhu şaddır. Çünki Türkiyə və Azərbaycan bir yerdədir. Atam demişkən, “Bir millət, iki dövlət”, əlavə də etmək istəyirəm, “Bir yumruq!”.

Yeganə Əliyeva, “İki sahil”