Əliməmməd Nuriyev: 7 iyun parlament seçkilərində ifadə olunan ictimai iradənin sonrakı siyasi qərarlarda da öz əksini tapması indi Ermənistan hakimiyyətinin üzərinə düşən əsas məsuliyyətlərdən biridir.
“Ermənistanda keçirilən 7 iyun parlament seçkiləri ilk baxışda növbəti siyasi kampaniya kimi görünə bilər. Lakin bu seçkilərin mənası hakimiyyət uğrunda rəqabətin hüdudlarını çoxdan aşır. Söhbət təkcə parlament çoxluğunun kim tərəfindən formalaşdırılacağından getmir. Əslində Ermənistan cəmiyyəti qarşısında duran əsas sual ölkənin hansı tarixi istiqaməti seçəcəyi ilə bağlı idi”.
Bu fikri “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, politoloq Əliməmməd Nuriyev mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi.
Ə.Nuriyev diqqətə çatdırdı ki, seçkilərin yekun nəticələri göstərdi ki, Ermənistan cəmiyyəti sülh gündəliyinə növbəti dəfə siyasi legitimlik verdi. Bu nəticə revanşizmə, yeni qarşıdurma və yeni müharibə vədlərinə deyil, daha realist siyasi xəttə verilmiş dəstək kimi qiymətləndirilə bilər. Poiotoloq qeyd etdi ki, Ermənistan cəmiyyəti son illərdə ikinci dəfədir ki, qisasçılıq ritorikasına deyil, gələcəklə bağlı daha praqmatik yanaşmaya üstünlük verir. Bu seçimin arxasında isə təkcə siyasi simpatiya deyil, həm də son illərin ağır dərsləri dayanır: “Bəzən xalqların taleyi döyüş meydanlarında dəyişir, bəzən isə seçki qutularının qarşısında. Ermənistanda baş verən də məhz belə hadisələrdən biridir. Çünki seçici faktiki olaraq keçmişlə gələcək arasında seçim etdi. Bir tərəfdə uzun illər regionu qarşıdurma məkanına çevirən, Ermənistanı geosiyasi asılılıqlara sürükləyən köhnə düşüncə dayanırdı. Digər tərəfdə isə bütün çətinliklərinə baxmayaraq sülh, əməkdaşlıq və açıq kommunikasiyalar perspektivi var idi”.

Politoloqun fikrincə, bu seçimin formalaşmasında son illərdə regionda yaranmış yeni reallıqların xüsusi rolu var. Həmin reallıqların əsas müəllifi isə Azərbaycandır. 2020-ci ildən sonra yaranmış vəziyyət təkcə hərbi-siyasi balansı dəyişmədi. Eyni zamanda, Cənubi Qafqazın gələcəyi ilə bağlı yeni gündəm formalaşdırdı. İlk dəfə olaraq regionun inkişafı münaqişənin davam etdirilməsi üzərində deyil, sülh sazişi, nəqliyyat-kommunikasiya əlaqələrinin açılması, sərhədlərin müəyyənləşdirilməsi və iqtisadi əməkdaşlıq üzərində müzakirə olunmağa başladı: “Tarixdə elə məqamlar olur ki, hərbi qələbənin həqiqi dəyəri sonrakı siyasi nəticələrlə ölçülür. Dövlətlər var ki, müharibəni qazanır, amma sülhü itirirlər. Dövlətlər də var ki, qələbəni yeni siyasi arxitekturanın təməlinə çevirə bilirlər. Azərbaycanın son illərdə yürüdüyü siyasətin mahiyyəti məhz bundan ibarət idi. Məqsəd yalnız müharibədə qalib gəlmək deyildi. Məqsəd regionun gələcəyini dəyişmək idi”.
Ə.Nuriyev bildirdi ki, bu proses təsadüfən baş vermədi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müharibədən sonra qalib dövlət kimi region üçün yeni siyasi model təklif etdi: “Müxtəlif dövrlərdə bu təşəbbüslərə müqavimət göstərildi, fərqli güc mərkəzləri prosesi öz maraqlarına uyğun istiqamətləndirməyə çalışdı. Lakin zaman keçdikcə bir həqiqət daha aydın görünməyə başladı: regionda dayanıqlı inkişafın alternativi yoxdur və bu alternativin adı sülhdür. Təsadüfi deyil ki, son illərdə həm müəllif olaraq mənim çıxışlarımda, həm də “Konstitusiya” Araşdırmalar Fondunun müxtəlif analitik materiallarında regionun gələcəyinin məhz sülh gündəliyindən keçdiyi ardıcıl şəkildə vurğulanıb. Fondun təhlillərində dəfələrlə qeyd olunub ki, Azərbaycanın hərbi qələbəsinin ən mühüm nəticəsi yeni qarşıdurma üçün zəmin yaratmaq deyil, yeni regional sülh arxitekturası formalaşdırmaq imkanının yaranmasıdır. Hələ regionda qarşıdurma ritorikasının üstünlük təşkil etdiyi dövrlərdə irəli sürdüyümüz əsas tezis bundan ibarət idi ki, gec-tez Ermənistan cəmiyyəti də seçim qarşısında qalacaq: ya keçmişin geosiyasi asılılıqları və revanşist illüziyaları ilə yaşamaq, ya da regionun açdığı yeni imkanlardan faydalanmaq”.
Politoloq vurğulayıb ki, burada Prezident İlham Əliyevin siyasi iradəsini ayrıca qeyd etmək lazımdır. Son illərdə Azərbaycan rəhbərliyi müxtəlif təzyiqlərə, vasitəçilik formatlarının dəyişməsinə və beynəlxalq güclərin fərqli yanaşmalarına baxmayaraq sülh gündəliyindən geri çəkilmədi. Hətta ən mürəkkəb mərhələlərdə belə Azərbaycan tərəfi regional əməkdaşlıq modelini gündəmdə saxlamağa nail oldu. Bu gün həmin xətt artıq Ermənistan daxilində də siyasi nəticə verməyə başlayır: “Yekun nəticələrdən sonra Nikol Paşinyanın səsləndirdiyi fikirlər də diqqət çəkir. O, Ermənistan xalqının səsvermə yolu ilə dövlətçiliyin, müstəqilliyin, gələcəyin və sülhün müdafiəsinə qalxdığını bəyan etdi və “üçbaşlı müharibə partiyası” adlandırdığı qüvvələrin məğlubiyyətini vurğuladı”.
Ə.Nuriyev qeyd edib ki, bu gün Ermənistanın qarşısında duran əsas məsələ keçmiş münaqişələrin kölgəsində yaşamaq deyil, gələcək dövlətçiliyin əsaslarını müəyyənləşdirməkdir: “Çünki müstəqillik yalnız bayraq, himn və beynəlxalq tanınma deyil. Müstəqillik həm də tarixi məqamlarda düzgün qərar vermək, milli maraqları xarici təsirlərdən üstün tutmaq və gələcəyi keçmişin əsirinə çevirməmək bacarığıdır. Seçkilərdə ifadə olunan ictimai iradənin sonrakı siyasi qərarlarda da öz əksini tapması indi Ermənistan hakimiyyətinin üzərinə düşən əsas məsuliyyətlərdən biridir. Əgər bu baş verərsə, 7 iyun seçkiləri Cənubi Qafqazda yeni dövrün başlanğıcını rəsmiləşdirən siyasi hadisə kimi tarixə düşəcək. O zaman bu nəticələr bir partiyanın qələbəsindən daha böyük məna daşıyacaq: regionda sülh ideyasının, əməkdaşlıq perspektivinin və müharibədən sonrakı siyasi transformasiya xəttinin növbəti mühüm uğuru kimi qiymətləndiriləcək. Tarix xalqlara ikinci dəfə eyni fürsəti nadir hallarda verir. Bu gün Ermənistanın qarşısında açılmış imkan pəncərəsinin dəyəri də məhz bundadır”.
Zahid Rza, “İki sahil”