Prezident İlham Əliyev: Orta Dəhliz Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirir; formalaşmaqda olan Zəngəzur dəhlizi - TRIPP əlaqəlilik marşrutu kimi də tanınır - isə Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək və bütün Avrasiya məkanında ticarət, investisiya və sənaye əməkdaşlığı üçün yeni imkanlar yaradacaq
Çağdaş dünyada baş verən dağıdıcı müharibələrin, davamlı münaqişələrin, təchizat zəncirinin yenidən formalaşdığı, iqtisadi-siyasi böhranların və etimadsızlığın fonunda Cənubi Qafqazda davamlı sülhün, əməkdaşlığın və təhlükəsizliyin bərqərar olması istiqamətində ciddi addımlar atan Azərbaycanın iqtisadiyyatının dayanıqlı və inklüziv inkişafı istiqamətində reallaşdırılan kompleks islahatlar və strateji layihələri ölkəmizin beynəlxalq maliyyə bazarlarında nüfuzunun güclənməsinə, makroiqtisadi sabitliyin təmin olunmasına və uzunmüddətli perspektivlərin möhkəmlənməsinə xidmət etməklə bərabər, onun iqtisadi potensialının və idarəetmə keyfiyyətinin beynəlxalq səviyyədə tanınmasının əyani göstəricisidir. 2020-ci ildən etibarən qeyri-neft sektorunda real ÜDM artımı orta hesabla ildə 5 faiz təşkil edib, qeyri-neft sənayesi 1,5 dəfə artıb, qeyri-neft ixracı isə təxminən iki dəfə yüksəlib. Nəticədə 2025-ci ildə qeyri-neft sektorunun ÜDM-də payı 72 faizə çatıb.
Təbii ki, bütün bu müsbət meyillər beynəlxalq reytinq agentlikləri tərəfindən də etiraf olunmuşdur. “Fitch” və “Moody's” agentlikləri Azərbaycanın suveren kredit reytinqlərini investisiya səviyyəsinə yüksəltmiş, növbəti dövr üzrə proqnozu müvafiq olaraq “sabit” və “müsbət” kimi qiymətləndirmişdir. Bütün bunlar son illər respublika iqtisadiyyatında həyata keçirilən islahatların beynəlxalq aləmdə yüksək dəyərləndirildiyini bir daha təsdiqləyir. Qeyri-neft-qaz sektorunun inkişafı və iqtisadiyyatın karbohidrogenlərdən asılılığının azaldılması istiqamətində atılan addımlar növbəti dövrlər üçün müsbət proqnozları şərtləndirir Kredit reytinqinin bu səviyyəyə yüksəlməsi ölkənin beynəlxalq kapital bazarlarına çıxışını asanlaşdırır, xarici borclanma xərclərini azaldır və beynəlxalq investorların Azərbaycan iqtisadiyyatına olan etimadını əhəmiyyətli dərəcədə artırır.
Cənubi Qafqazda bərqərar olmaqda olan sülh regional əməkdaşlıq, əlaqəlilik, ticarət və investisiyalar üçün yeni imkanlar yaradır, eyni zamanda, daha dərin iqtisadi inteqrasiyaya və diversifikasiyaya dəstək verir. Azərbaycan emal sənayesi, nəqliyyat və logistika, bərpaolunan enerji, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı və qida emalı, turizm, infrastruktur və digər yüksək əlavə dəyərli sahələrdə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə yaranan bərpa və inkişaf imkanları da daxil olmaqla, mühüm imkanlar təklif edir. Qabaqcıl texnologiyalar gətirən, məhsuldarlığı artıran, ixtisaslı iş yerləri yaradan və regional və qlobal dəyər zəncirlərinə inteqrasiyamızı gücləndirən layihələrə xüsusi önəm verilir. Müasir infrastruktur, sənaye parkları, Ələt Azad İqtisadi Zonası və dövlət-özəl tərəfdaşlığı mexanizmləri belə əməkdaşlıq üçün möhkəm zəmin yaradır. Qırx dörd günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə nəticəsində işğaldan azd edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası və bu ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası da qeyri-neft sektorunun inkişafında mühüm rola malikdir.
Prezident İlham Əliyev sentyabrın 25-də işə başlayan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib: “Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib. Orta Dəhliz Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirir; formalaşmaqda olan Zəngəzur dəhlizi - TRIPP əlaqəlilik marşrutu kimi də tanınır-isə Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək və bütün Avrasiya məkanında ticarət, investisiya və sənaye əməkdaşlığı üçün yeni imkanlar yaradacaq”,
Dövlətimizin başçısı, həmçinin vurğulayıb ki, Azərbaycanın strateji coğrafi mövqeyi, nəqliyyat-logistika imkanları, iqtisadi zonalarda yaradılmış müasir infrastruktur, vergi və gömrük güzəştləri, habelə dövlət-özəl tərəfdaşlığı mexanizmləri və tərəfdaş ölkələrlə təsis edilmiş birgə investisiya fondları investorlara dayanıqlı layihələrdə iştirak etmək və bütün regiona texnologiya, kapital və təcrübə gətirən tərəfdaşlıqlar qurmaq üçün geniş imkanlar açır.
Zahid Rza, “İki sahil”
Heç bir rəqəm bir şəhidin həyatının dəyərini ifadə edə bilməz – Tahir Mirkişili
Kamran Bayramov: Bu gün Bakıda qlobal iqtisadiyyatın gələcəyi müzakirə olunur