10 iyun 2026 10:20
127

Paşinyan sülh siyasətində israrlı görünür - ŞƏRH

İyunun 7-də Ermənistanda növbəti parlament seçkiləri keçirildi. 17 partiya daxil olmaqla 19 siyasi təşkilatın iştirakı ilə keçirilən bu prosesdə əsas mübarizə Nikol Paşinyan və ona rəqib olan Samvel Karapetyan, Robert Koçaryan arasında getdi. Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, baş naziri Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" 49,825 %, iş adamı Samvel Karapetyanın "Güclü Ermənistan" bloku 23,281 %, sabiq prezident Robert Koçaryanın "Ermənistan" bloku 9,934 % səs topladı. Qalan partiya və bloklar isə keçid bariyerini aşa bilmədilər. Seçkilərin nəticələrinə görə, hakim "Vətəndaş Müqaviləsi" Partiyası parlament çoxluğunu (64 yer) təşkil edəcək və hökuməti formalaşdıracaq. Xatırladaq ki, Ermənistan Konstitusiyasına görə, parlamentdə çoxluğa malik siyasi qüvvə hökuməti formalaşdırmaq hüququ qazanır. Parlament çoxluğuna malik siyasi qüvvə baş nazir postuna öz namizədini irəli sürür.

 Bununla da sadə ermənilər Paşinyana yenidən etimad göstərdilər. Şübhəsiz, bu fakt bir daha Paşinyanın və onun partiyasının xalq arasındakı nüfuzundan xəbər verir. Bunu həm də Ermənistan cəmiyyətində formalaşan yeni düşüncənin qələbəsi kimi dəyərləndirmək olar. Seçkilərdə revanşist və separtizmin tərəfdarlarının məğlubiyyəti onu sübut etdi ki, erməni xalqı onlardan bezib, hansısa ölkənin təhriki və təxribatına qurban olmaq istəmir.

Amma Paşinyanın seçkilərdə qələbəsi heç də birmənalı qarşılanmayıb. Məsələn, “Ermənistan” bloku səsvermənin nəticələri ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etmək niyyətindədir. Blokdan yerli mediaya bildirilib ki, iyunun 14-də seçkilərin yekun nəticələri açıqlandıqdan sonra ciddi və tutarlı faktlarla Konstitusiya Məhkəməsinə müraciət edəcəyik: “Hazırda kifayət qədər geniş sənədlər paketi hazırlanır”. Avropa İttifaqı isə Ermənistan siyasətçilərini səsvermənin nəticələrinə hörmət etməyə çağırıb.

Parlament seçkilərinin ilkin nəticələrinin açıqlanmasından sonra “üçbaşlı müharibə partiyası”nın məğlub olduğunu, erməni xalqının öz səsi ilə dövlətə, müstəqilliyə, gələcəyə, sülhə və Ermənistana sahib çıxdığını bildirən Nikol Paşinyan rəsmi İrəvanın Azərbaycanla bağlı mövqeyinin dəyişməz olaraq qalacağını da vurğulayıb. Onun sözlərinə görə, Ermənistan üçün əsas prioritetlərdən biri Azərbaycanla sülh prosesinin institusional səviyyədə möhkəmləndirilməsidir. Azərbaycanla münasibətlərdən danışan Paşinyan xatırladıb ki, tərəflər artıq sülh müqaviləsinin mətni ilə bağlı razılığa gəliblər: "Azərbaycana gəldikdə, bilirsiniz ki, bizim əvvəlcədən razılaşdırılmış sülh müqaviləmiz var. Biz onu imzalamalıyıq". Bununla da Paşinyan sülh siyasətində israrlı olduğunu bir daha nümayiş etdirib. O, hətta Bakıda keçirilməsi planlaşdırılan “Avropa Siyasi Birliyi”nin sammitində iştirak etmək niyyətində olduğunu da vurğulayıb. Qeyd edək ki, “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısı 2028-ci ildə Azərbaycanda keçiriləcək.

Bir məsələni vurğulayaq ki, sülh müqaviləsinin imzalanmasının əsas şərti Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiasının çıxarılmasıdır. Bunun üçün isə referendum keçirilməlidir. Yəni, öncə referendum, sonra sülh müqaviləsinin imzalanması reallaşdırılmalıdır. Paşinyan referndumdan öncə sülh müqaviləsinin imzalanmasına cəhd göstərir. Azərbaycan isə fikrində israrlıdır: əvvəl referendum, sonra sülh müqaviləsi. Siyasətçilərin fikrincə, 7 iyun seçkilərinin nəticələri ölkə Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının çıxarılması üçün keçirilməli olan referendumun yolunu açıb.

Paşinyan Ermənistan-Türkiyə münasibətlərinə də toxunub. Qeyd edib ki, İrəvan normallaşma prosesində və iki ölkə arasında dövlət sərhədinin açılmasında daha da irəliləyiş gözləyir. Bununla da o, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının rəsmi İrəvan üçün prioritet olaraq qaldığını bəyan edib. Çünki o, yaxşı başa düşür ki, Ermənistanın iqtisadi inkişafı, regional layihələrə qoşulması və beynəlxalq əlaqələrinin genişlənməsi böyük ölçüdə qonşu dövlətlərlə münasibətlərin normallaşmasından və davamlı sülhün təmin olunmasından keçir.

Moskva ilə əlaqələr barədə sualı cavablandıran baş nazir münasibətlərdə heç bir gərginlik görmədiyini, əlaqələrin dərin institusional xarakter daşıdığını və Rusiya Prezidenti ilə birbaşa, sağlam dialoqunun olduğunu qeyd edib. Yeri gəlmişkən qeyd edək ki, son seçkilərin Ermənistan cəmiyyətində yüksək dərəcədə qütbləşməni nümayiş etdirdiyini vurğulayan Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvanın rəsmi İrəvanla gələcək münasibətlərini ölkə rəhbərliyinin real hərəkətlərini nəzərə alaraq qurmaq niyyətində olduğunu bildirib.

Xatırladaq ki, Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilmiş birgünlük antiterror əməliyyatı nəticəsində bölgədə yaranmış yeni reallıqlar Ermənistan siyasi elitasında dərin fikir ayrılıqları yaradıb. Belə ki, hakim komandaya qarşı çıxan erməni müxalifəti Paşinyanı Qarabağ məsələsində yanlış qərarlar qəbul etməkdə, Ermənistanın milli maraqlarını satmaqda, Rusiyadan uzaqlaşmaqda, Qərbə daha çox bel bağlamaqda suçlayır. Yeri gəlmişkən, Paşinyan revanşistlərə mesaj göndərməyi də unutmayıb: “Onlar Ermənistandan tamamilə silinməlidir və əlbəttə ki, bu, hökumətin ən vacib gündəliyindən biri olacaq".

Qvami Məhəbbətoğlu, “İki sahil”