Tarixin elə həlledici məqamları olur ki, orada verilən bir qərar həm bütöv bir millətin taleyini dəyişir, həm də dövlətin varlığını uçurumun astanasından xilas edir. Bu şanlı tarixin ən parlaq səhifələrindən biri, şübhəsiz ki, 15 İyun – Milli Qurtuluş Günüdür. 1993-cü ilin məhz bu günündə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaqdan, daxili xaosdan və müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Bu gün biz təkcə tarixi bir qayıdışı deyil, həm də Zəfərə gedən yolun əbədi təməlinin qoyulmasını qeyd edirik.
Tarixi paralellər və faktlar göstərir ki, Azərbaycanın faciələri Ulu Öndər Heydər Əliyevin 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Mixail Qorbaçovun yeritdiyi ədalətsiz siyasi xəttə etiraz olaraq istefa verməsindən dərhal sonra başladı. Müdrik liderin dövlət rəhbərliyindən getməsindən iki həftə keçməmiş, erməni millətçiləri və onların sovet iqtidarındakı himayədarları Qarabağ məsələsini qaldırdılar. Əgər o illərdə Heydər Əliyev hakimiyyətdə olsaydı, erməni şovinistləri bu çirkin əməllərə əl atmağa əsla cürət etməzdilər.
1992-1993-cü illərdəki AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin yoxluğu və kriminal düşüncəli şəxslərin vəzifələrə gətirilməsi ölkəni uçuruma sürüklədi. Siyasi hakimiyyət daxilindəki qruplaşmalar yalnız öz birincilikləri uğrunda mübarizə aparır, dövlət əmlakı talan edilir, ölkənin ehtiyat mənzil fondu belə mənimsənilirdi. Ali Baş Komandan olduğunu unudan prezident cəbhədəki durumdan bixəbər idi. Bu səriştəsizlik və xəyanət xalqı acınacaqlı duruma saldı, xarici dövlətlərlə münasibətləri korlayaraq Azərbaycanı təcrid vəziyyətinə saldı və nəticədə 1993-cü ilin aprelində Kəlbəcər işğal olundu. Ölkə daxilində baş qaldıran separatçılıq və qardaş qırğını fonunda yeganə ümid yeri xalqın dahi oğlu Heydər Əliyev idi. Sonda öz hərbi birləşmələrindən qorxub gizlənən və çarəsiz qalan ovaxtkı iqtidar da məhz Ulu Öndərdən imdad istəməyə məcbur oldu.
1993-cü il iyunun 9-da Ulu Öndər xalqın və dövlətin təkidli dəvətini qəbul edərək Bakıya gəldi. Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda, o, öz həyatını təhlükəyə ataraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış hərbi qiyamın qarşısını aldı. 15 İyun 1993-cü ildə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Prezident səlahiyyətləri ona həvalə olundu. Bu qayıdış ölkədə sabitliyin bərqərar olmasının ilk addımı idi.
1992-ci ilin noyabrında Naxçıvanda Ulu Öndərin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması ölkədə müasir və sağlam siyasi sistemin əsasını qoydu. Qısa müddətdə xalqın rəğbətini qazanan Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrildi.
Heydər Əliyev hər zaman xalqına verdiyi andına sadiq qaldı. Onun dərin biliyi, qətiyyəti, mahir diplomatik istedadı və uzaqgörənliyi sayəsində 1993-2003-cü illər ərzində bugünkü qüdrətli Azərbaycanın möhkəm bünövrəsi atıldı. Bu gün fəxrlə deyə bilərik ki, müasir Azərbaycan məhz Ulu Öndərin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş dövlətdir. Onun başladığı ordu quruculuğu strategiyasının nəticəsidir ki, bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır.
Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu, ən ali məqsədi Azərbaycanı bütöv görmək, işğal altındakı torpaqlarımızı, doğma Şuşanı azad etmək idi. O, məcburi köçkünlərlə hər görüşündə böyük inamla deyirdi: “Biz heç vaxt Laçınsız, Şuşasız, Kəlbəcərsiz, Ağdamsız yaşaya bilmərik. İnanın ki, gedəcəyik”.
Bu gün Ümummilli Liderin ruhu şaddır. Onun siyasi kursunu misilsiz uğurla davam etdirən və zənginləşdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər və antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpası məhz Heydər Əliyev dühasının və onun siyasi irsinin məntiqi nəticəsidir.
Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə bu gün üçrəngli bayrağımız Şuşada, Laçında, Xankəndidə, Ağdamda və digər azad edilmiş torpaqlarımızda əzəmətlə dalğalanır. Azad Qarabağda və Şərqi Zəngəzurda alovlandırılan Novruz tonqalları, reallaşan “Böyük Qayıdış” proqramı Milli Qurtuluş Gününün rəmzi mənasıdır.
Beləliklə, 15 İyun – sadəcə xilasın deyil, həm də dövlətimizin əbədi müstəqilliyinin, qüdrətinin və şanlı Zəfərinin başlanğıc nöqtəsidir. Xalqımız öz xilaskarının xatirəsini hər zaman uca tutur və onun müəyyən etdiyi parlaq yolla gələcəyə doğru inamla addımlayır.
Anar Məmmədov,
Milli Məclisin deputatı