15 iyun 1993-cü il Azərbaycan Respublikasının müasir tarixində qurtuluşun, milli dirçəlişin və dövlətçilik ənənələrinin yenidən möhkəmlənməsinin başlanğıcı kimi xüsusi əhəmiyyət daşıyan bir gündür. Bu tarix həm siyasi, həm də mənəvi baxımdan xalqımızın yaddaşına dərin həkk olunmuş, Azərbaycanın parçalanma və xaos təhlükəsindən xilas olduğu gün kimi tarixə düşmüşdür. Məhz həmin gün ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə ölkəmizin taleyində yeni və həlledici mərhələ başlandı.
Azərbaycan 1991-ci ildə müstəqilliyini elan etsə də, müstəqilliyin ilk illəri olduqca ağır, mürəkkəb və təhlükəli proseslərlə müşayiət olunurdu. Ölkədə siyasi xaos, hakimiyyət uğrunda mübarizə, silahlı qarşıdurmalar, separatizm meyilləri və Ermənistanın hərbi təcavüzü vəziyyəti daha da gərginləşdirirdi. Daxildə sabitliyin pozulması, idarəetmədə yaranmış böhran və cəmiyyətin parçalanma təhlükəsi Azərbaycanın dövlət müstəqilliyini real risk qarşısında qoymuşdu. Bu dövr göstərdi ki, müstəqilliyi elan etmək qədər onu qorumaq, möhkəmləndirmək və dayanıqlı dövlət institutları yaratmaq da tarixi məsuliyyət tələb edir.
Belə bir ağır və taleyüklü zamanda xalqın ümid yeri dövlətçilik təcrübəsi, siyasi iradəsi, müdrikliyi və prinsipiallığı ilə seçilən Heydər Əliyev idi. Xalqın və ziyalıların israrlı tələbi ilə Ulu Öndər Naxçıvandan Bakıya dəvət olundu və 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu hadisə cəmiyyətdə böyük ruh yüksəkliyi yaratdı, xalqda sabaha inamı bərpa etdi və ölkədə sabitliyin təmin olunmasına yol açdı. Heydər Əliyevin Bakıya qayıdışı təkcə siyasi hakimiyyət dəyişikliyi deyil, xalqın öz dövlətini qorumaq iradəsinin təzahürü idi. Ulu Öndərin hakimiyyətə qayıdışı nəticəsində Azərbaycan vətəndaş qarşıdurmasından, parçalanmadan və dövlətçiliyin süqutundan xilas oldu.
Məhz buna görə 15 iyun tarixi sonralar Milli Qurtuluş Günü kimi rəsmi şəkildə təsis edildi və hər il dövlət səviyyəsində qeyd olunmağa başlandı. Bu gün Azərbaycan xalqı üçün yalnız keçmişin xatirəsi deyil, həm də dövlətçiliyin xilası, milli birliyin gücü və siyasi uzaqgörənliyin əhəmiyyəti barədə mühüm tarixi dərsdir. Milli Qurtuluş Günü bizə göstərir ki, xalqın vahid mövqeyi və güclü lider amili dövlətin ən çətin anlarında həlledici rol oynaya bilər.
Ümummilli lider Heydər Əliyev 1993-cü il oktyabrın 3-də keçirilmiş ümumxalq səsverməsində Azərbaycan Respublikasının Prezidenti seçildi. Onun rəhbərliyi ilə qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, dövlət idarəçiliyində islahatlara başlanıldı, hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı. Ulu Öndər həmçinin milli ordunun formalaşdırılması, xarici siyasətdə balansın qorunması, konstitusiya quruluşunun möhkəmləndirilməsi və cəmiyyət həyatının bütün sahələrində inkişafın təmin olunması istiqamətində ardıcıl siyasət həyata keçirdi. 1998-ci il oktyabrın 11-də keçirilən yüksək fəallıqlı seçkilərdə Heydər Əliyev yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.
Heydər Əliyev siyasətinin əsas gücü ondan ibarət idi ki, bu siyasət yalnız mövcud böhranı aradan qaldırmaqla kifayətlənmədi, eyni zamanda gələcək inkişafın ideoloji, siyasi və iqtisadi təməllərini formalaşdırdı. Onun müəyyən etdiyi dövlətçilik xətti müstəqilliyin qorunmasına, milli maraqların müdafiəsinə və Azərbaycanın beynəlxalq aləmdə layiqli yer tutmasına xidmət etdi. Bu baxımdan 15 iyun hadisələri Azərbaycanın xilas mərhələsindən inkişaf mərhələsinə keçidinin başlanğıcı kimi də qiymətləndirilə bilər.
Bu gün Ulu Öndərin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyev ideyaları müasir Azərbaycanın inkişaf strategiyasının təməlini təşkil edir. Ümummilli liderin ən böyük arzularından biri Qarabağın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası idi. Bu tarixi arzunu onun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev həyata keçirdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan xalqı qələbə sevincini yaşadı. Dövlət bayrağımız əzəli və əbədi torpaqlarımızda dalğalandı, xalqımızın illərlə gözlədiyi tarixi ədalət bərpa olundu. Beləliklə, müstəqil Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi.
Bu reallıq Qurtuluşdan Zəfərə uzanan tarixi yolun məntiqi nəticəsidir. 1993-cü ildə qorunub saxlanılan dövlətçilik 2020-ci ildə Zəfərlə, sonrakı mərhələdə isə suverenliyin tam bərpası ilə öz tarixi gücünü nümayiş etdirdi. Əgər Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasını ifadə edirdisə, Zəfər və suverenliyin bərpası həmin dövlətçiliyin qüdrətini və davamlılığını təsdiqlədi. Bu tarixi prosesin mühüm davamı kimi 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan bu sənəd iki qardaş dövlət arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Şuşa Bəyannaməsi təkcə Azərbaycan-Türkiyə qardaşlığının hüquqi ifadəsi deyil, həm də Vətən müharibəsində qazanılmış tarixi Zəfərin və regionda yaranmış yeni reallıqların siyasi təsdiqidir.
Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin qorunub saxlanıldığı və yenidən möhkəmləndiyi gün kimi yadda qalırsa, Şuşa Bəyannaməsi bu dövlətçiliyin regional gücə çevrildiyini göstərən mühüm sənəddir. Bu bəyannamə siyasi, iqtisadi, hərbi, mədəni və humanitar sahələri əhatə edən dərin müttəfiqlik sənədidir. Şuşa Bəyannaməsi həm də Azərbaycanın artıq yalnız öz təhlükəsizliyini təmin edən dövlət deyil, regionda sülh, əməkdaşlıq və yeni geosiyasi reallıqlar yaradan güc olduğunu nümayiş etdirir. Bu sənəd Azərbaycanın müstəqil, güclü və milli maraqlarına əsaslanan siyasət yürüdən dövlət kimi mövqeyini daha da möhkəmləndirdi. 15 iyun tarixinin mənəvi-siyasi əhəmiyyəti həm də ondadır ki, bu gün xalq-dövlət birliyinin gücünü simvolizə edir. Xalqın çətin anlarda doğru seçim etməsi, liderinə inanması və milli maraqlar ətrafında birləşməsi Azərbaycanın sonrakı uğurlarının əsasını təşkil etdi. Bu baxımdan Milli Qurtuluş Günü gənc nəsil üçün də mühüm tarixi dərsdir. O, dövlət müstəqilliyinin dəyərini, milli birliyin əhəmiyyətini və güclü dövlətçilik ənənələrinin qorunmasının vacibliyini xatırladır.
Nəticə etibarilə, 15 iyun 1993-cü il Azərbaycan tarixində təkcə bir siyasi hadisə deyil, xalqımızın taleyini dəyişən, dövlətçiliyimizi xilas edən və gələcək inkişafımızın əsasını qoyan dönüş nöqtəsidir. Bu tarixdən başlayan yol Azərbaycanı sabitliyə, inkişafa, beynəlxalq nüfuza və nəhayət, tarixi Zəfərə apardı. Şuşa Bəyannaməsi isə bu yolun yeni mərhələsini, Azərbaycan-Türkiyə birliyinin strateji mahiyyətini və regionda sülhün, sabitliyin, təhlükəsizliyin əsas dayaqlarından birinə çevrildiyini təsdiqlədi.
Beləliklə, Milli Qurtuluş Günü ilə başlanan dövlətçilik salnaməsi bu gün qalib, suveren və güclü Azərbaycanın reallığında öz davamını tapır. Qurtuluşdan dirçəlişə, dirçəlişdən inkişafa, inkişafdan Zəfərə uzanan bu yol Azərbaycan xalqının tarixində əbədi yaşayacaq.
Mövlan Məmmədov
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin deputatı