11 iyun 2026 12:31
124

Azərbaycanda beynəlxalq sertifikatların maliyyələşdirilməsi proqramı hazırlanır

Azərbaycanda aparıcı beynəlxalq təşkilatlardan xüsusi sertifikatlar əldə edən vətəndaşların maliyyələşdirilməsi üçün yeni proqram hazırlanır.

“İki sahil” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov Bakıda keçirilən “TECHNOVATION” Forumunda bildirib. Onun sözlərinə görə, proqram çərçivəsində hökumət özəl sektorla əməkdaşlıq edərək beynəlxalq sertifikatların əldə olunmasını dəstəkləyəcək. Dövlət tərəfindən prioritet hesab edilən sahələr üzrə sertifikatların siyahısı müəyyənləşdiriləcək və vətəndaşlar əldə etdikləri sertifikatlar əsasında maliyyə dəstəyi ala biləcəklər.

F.Cəfərov qeyd edib ki, süni intellekt və rəqəmsal texnologiyaların sürətli inkişafı əmək bazarında yeni bacarıqlara tələbi artırır. Bu səbəbdən əhalinin beynəlxalq səviyyədə tanınan sertifikatlar əldə etməsi və yeni ixtisaslar üzrə biliklərini artırması xüsusi əhəmiyyət daşıyır.

4SİM-in icraçı direktoru bildirib ki, Azərbaycan hipermiqyaslı data mərkəzlərinin ölkəyə cəlb olunması üçün xüsusi mexanizmlər də hazırlayır. Onun sözlərinə görə, Ələt Azad İqtisadi Zonası bu şirkətlər üçün uzunmüddətli güzəştlər və etibarlı enerji təchizatı imkanları təqdim edən ən cəlbedici məkanlardan biridir.

F.Cəfərov vurğulayıb ki, ölkənin məqsədi yalnız data mərkəzlərinin xidmətlərindən istifadə etmək deyil, həm də onların yaratdığı imkanlar hesabına Mərkəzi Asiya və ətraf regionlara xidmət göstərən regional rəqəmsal mərkəzə çevrilməkdir.

O əlavə edib ki, “Rəqəmsal İqtisadiyyatın İnkişafı Strategiyası” çərçivəsində startapların, vençur maliyyələşməsinin və investisiya axınlarının təşviqi məqsədilə 50-dən çox təşəbbüs nəzərdə tutulub və bunların arasında səkkiz flaqman layihə xüsusi yer tutur.