11 iyun 2026 15:15
100

XXI əsrdə dövlətlərin sabitliyi ərzaq təhlükəsizliyi ilə birbaşa bağlıdır - Sadiq Qurbanov

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycanın kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” ölkəmizin iqtisadi inkişaf strategiyasında mühüm yer tutur. Proqram ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, qeyri-neft sektorunun genişləndirilməsi, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, ixrac potensialının artırılması və müasir texnologiyaların tətbiqi istiqamətlərini vahid inkişaf konsepsiyasında birləşdirir.

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentdə keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr barədə dinləmədə çıxışı zamanı səsləndirib

O, qeyd edib ki, müasir dünyanın iqtisadi reallıqları göstərir ki, aqrar sektor dövlətlərin dayanıqlı inkişafının əsas sütunlarından biridir. Son illərdə qlobal ərzaq bazarlarında müşahidə olunan qiymət dəyişiklikləri, iqlim amillərinin təsiri, logistik zəncirlərdə yaranan çətinliklər və geosiyasi proseslər kənd təsərrüfatının strateji əhəmiyyətini daha da artırmışdır. Bu səbəbdən aqrar siyasət iqtisadiyyatın ayrıca bir istiqaməti olmaqla yanaşı, milli təhlükəsizlik sisteminin vacib komponentlərindən biri kimi qəbul olunur. Nobel mükafatı laureatı Teodor Şults yazırdı ki, kənd təsərrüfatında inkişafın əsas mənbəyi torpaq ehtiyatlarının həcmi yox, insan kapitalı, bilik və texnologiyadır. Bu fikir XXI əsrin aqrar inkişaf modelini ən dəqiq ifadə edən elmi yanaşmalardan biridir. Bu gün dövlətlərin uğuru torpaqların genişliyi ilə ölçülmür. Əsas göstərici həmin torpaqdan əldə olunan məhsuldarlıq, yaradılan əlavə dəyər və formalaşdırılan ixrac potensialıdır.

Sadiq Qurbanov bildirib ki, Azərbaycan təxminən 4,8 milyon hektar kənd təsərrüfatına yararlı torpaq fonduna malikdir. Bu göstərici bir çox Avropa ölkələrinin imkanlarını üstələyir. Qarşıda duran əsas vəzifə həmin torpaqların iqtisadi səmərəliliyini artırmaq, elmi yenilikləri istehsalata tətbiq etmək və məhsuldarlığın yeni mərhələsinə nail olmaqdan ibarətdir. Bu məsələyə beynəlxalq təcrübə fonunda baxdıqda maraqlı mənzərə yaranır. Məsələn, Hollandiya ərazi baxımından Azərbaycanın təxminən yarısı qədərdir. Buna baxmayaraq, uzun illərdir dünyanın ən böyük kənd təsərrüfatı məhsulları ixracatçıları sırasında yer alır. Uğurun əsas səbəbi aqrar elmin inkişafı, innovativ istixana sistemləri, rəqəmsal texnologiyalar, aqrologistika və emal sənayesinin yüksək səviyyədə təşkilidir. Məşhur iqtisadçı Maykl Porter qeyd edirdi ki, milli rəqabət üstünlüyü resursların mövcudluğundan daha çox onların səmərəli idarə olunması nəticəsində formalaşır. Bu yanaşma Azərbaycan üçün də xüsusi aktuallıq daşıyır. Qarşıdakı illərdə əsas hədəf torpaq və su ehtiyatlarından maksimum səmərəliliklə istifadə etməklə yüksək əlavə dəyər yaradan aqrar modelin formalaşdırılmasıdır. Bu kontekstdə Dövlət Proqramının mühüm istiqamətlərindən biri kənd təsərrüfatının intensiv inkişaf modelinə keçididir. Aqrar istehsalda rəqəmsal texnologiyaların tətbiqi, ağıllı suvarma sistemlərinin genişləndirilməsi, müasir seleksiya və toxumçuluq fəaliyyətinin inkişafı, elmi tədqiqatların istehsalla inteqrasiyası məhsuldarlığın yüksəlməsinə xidmət edən əsas amillərdir. İsrail təcrübəsi bu baxımdan xüsusilə diqqət çəkir. Ölkə ərazisinin böyük hissəsini quraq və yarımsəhra zonaları təşkil etsə də, damcı suvarma texnologiyalarının tətbiqi nəticəsində dünyanın ən məhsuldar aqrar sistemlərindən biri formalaşdırılmışdır. Bu nümunə göstərir ki, təbii resursların həcmi ilə yanaşı onların idarə olunma keyfiyyəti də inkişafın əsas şərtlərindəndir.

Komitə sədri vurğulayıb ki, aqrar inkişafın mühüm istiqamətlərindən biri məhsulun emal səviyyəsinin yüksəldilməsidir. Dünya təcrübəsi göstərir ki, yüksək gəlir mənbəyi xammal istehsalından daha çox emal sənayesində formalaşır. Meyvə, tərəvəz, süd və ət məhsullarının emal olunaraq bazara çıxarılması əlavə dəyərin artmasına, yeni iş yerlərinin yaradılmasına və ixrac imkanlarının genişlənməsinə şərait yaradır. Nobel mükafatı laureatı Cozef Stiqlitz ölkələrin rifah səviyyəsini yaradılan əlavə dəyərin həcmi ilə əlaqələndirirdi. Məhz bu baxımdan Dövlət Proqramında emal müəssisələrinin inkişafına xüsusi diqqət ayrılması strateji əhəmiyyət daşıyır. Bu yanaşma ölkə daxilində istehsal zəncirinin dərinləşməsinə, rəqabət qabiliyyətinin yüksəlməsinə və iqtisadi səmərəliliyin artmasına xidmət edir.

Sadiq Qurbanov bildirib ki, Proqramın diqqət mərkəzində olan istiqamətlərdən biri də balıqçılıq və akvakultura sektorudur. Dünya iqtisadiyyatında akvakultura son onilliklərin ən sürətlə inkişaf edən sahələrindən hesab olunur. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatlarına əsasən, qlobal balıq məhsulları istehsalında akvakulturanın payı davamlı şəkildə artır və bir çox ölkələrdə əsas istehsal mənbəyinə çevrilir. Bu sahədə Norveç nümunəsi xüsusi maraq doğurur. Norveç elmi araşdırmalar, biotexnologiyalar, müasir yetişdirmə sistemləri və emal sənayesinin inkişafı hesabına dünya balıq ixracında lider mövqelərdən birini tutur. Vyetnam da son onilliklər ərzində akvakultura sahəsinə yönəlmiş məqsədyönlü siyasət nəticəsində dünya bazarında mühüm yer qazanmışdır. Azərbaycanın Xəzər dənizinə çıxışı, zəngin su ehtiyatları, su anbarları və əlverişli təbii şəraiti balıqçılıq və akvakultura sahəsində geniş imkanlar yaradır. Dövlət Proqramında nəzərdə tutulan tədbirlər həmin potensialın iqtisadi nəticələrə çevrilməsinə, yeni istehsal sahələrinin formalaşmasına və ixrac imkanlarının genişlənməsinə xidmət edir. Müasir dövrün əsas çağırışlarından biri iqlim dəyişiklikləridir. Su ehtiyatlarının idarə olunması, torpaq münbitliyinin qorunması, ekoloji tarazlığın saxlanılması və yaşıl texnologiyaların tətbiqi aqrar siyasətin mühüm istiqamətləri sırasında yer alır. Bu baxımdan proqram dayanıqlı inkişaf prinsiplərini, ekoloji məsuliyyəti və resurslardan səmərəli istifadə yanaşmasını özündə ehtiva edir.

Danılmaz faktordu ki,  XXI əsrdə dövlətlərin sabitliyi ərzaq təhlükəsizliyi ilə birbaşa bağlıdır. Həqiqətən də, güclü iqtisadiyyat etibarlı ərzaq sistemi, yüksək məhsuldarlıq, rəqabətqabiliyyətli istehsal və dayanıqlı kənd təsərrüfatı üzərində formalaşır. Məhz buna görə 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı Azərbaycan iqtisadiyyatının gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm strateji sənədlərdən biri kimi qiymətləndirilməlidir. Proqram ölkənin aqrar potensialının daha səmərəli reallaşdırılmasına, regionların iqtisadi fəallığının yüksəlməsinə, yeni iş yerlərinin yaradılmasına, ixrac imkanlarının genişlənməsinə və ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə güclü töhfə verəcəkdir.

Əminliklə söyləmək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində Azərbaycan yaxın illərdə yüksək məhsuldarlığa əsaslanan, innovativ texnologiyalar tətbiq edən, güclü emal sənayesinə malik və beynəlxalq bazarlarda rəqabət qabiliyyəti yüksək olan aqrar iqtisadiyyat formalaşdıracaqdır.