Qazaxıstandan xam neft tədarükünün dayandırılması Rumıniyada enerji təhlükəsizliyi ilə bağlı geniş müzakirələrə səbəb olub. Ölkənin aparıcı media orqanları – “Digi24”, “Adevărul”, “Evenimentul Zilei” (EVZ) və “Ziare.com” dərc etdikləri təhlillərdə Rumıniyanın neft idxalından yüksək asılılığını, alternativ tədarük marşrutlarını və bu prosesdə Azərbaycanın artan strateji rolunu ön plana çıxarıblar.
Rumıniya hazırda xam neft tələbatının böyük hissəsini idxal hesabına ödəyir və bu idxalın əsas hissəsi Qazaxıstandan Xəzər Boru Kəməri Konsorsiumu (CPC) vasitəsilə həyata keçirilir. Təhlillərdə qeyd olunur ki, bu marşrutda yaranan hər hansı fasilə ölkənin enerji təhlükəsizliyi, neft emalı müəssisələrinin fəaliyyəti və daxili yanacaq bazarı üçün ciddi risk yaradır.
“Adevarul” nəşri yazır ki, Rumıniyanın diqqət yetirdiyi əsas alternativ marşrutlardan biri Azərbaycan üzərindən keçən Trans-Xəzər istiqamətidir. Bu marşrut üzrə Qazaxıstan nefti tanker vasitəsilə Aktau limanından Bakıya çatdırılır, daha sonra Bakı–Tbilisi–Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan terminalına nəql olunur və oradan dəniz yolu ilə Rumıniyanın Konstansa limanına göndərilə bilər. Nəşr qeyd edir ki, bu marşrut daha yüksək logistika xərcləri tələb etsə də, geosiyasi baxımdan daha etibarlı alternativ hesab olunur.
“Adevarul” nəşri digər tərəfdən vurğulayır ki, son illərdə Rumıniya ilə Azərbaycan arasında enerji əməkdaşlığı əhəmiyyətli dərəcədə genişlənib. Azərbaycan artıq Rumıniyanın əsas neft tədarükçülərindən biridir və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan etibarlı tərəfdaş kimi qiymətləndirilir.
“Evenimentul Zilei” (EVZ) nəşrinin təhlilində bildirilir ki, Qazaxıstandan tədarükün uzun müddət dayanacağı halda Rumıniyanın daxili neft hasilatı ölkənin tələbatını tam ödəməyə kifayət etməyəcək. Bu səbəbdən hökumət Azərbaycan, Yaxın Şərq və digər ölkələrdən əlavə neft tədarükü imkanlarını araşdırır.
“Ziare.com” portalı isə qeyd edir ki, Azərbaycanın malik olduğu inkişaf etmiş ixrac infrastrukturu, xüsusilə Bakı–Tbilisi–Ceyhan boru kəməri və Xəzər regionunda formalaşdırdığı logistika imkanları Rumıniyanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm üstünlüklər yaradır. Nəşr hesab edir ki, iki ölkə arasında enerji əməkdaşlığının genişləndirilməsi həm Rumıniyanın idxal mənbələrinin şaxələndirilməsinə, həm də Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edəcək.
Rumıniyalı ekspertlərin ümumi qənaətinə görə, Azərbaycan təkcə alternativ neft tədarükçüsü deyil, həm də Xəzər regionunu Avropa bazarları ilə birləşdirən əsas enerji və logistika mərkəzidir. Məhz buna görə də Rumıniya hökuməti və ölkənin aparıcı analitik mərkəzləri Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsini uzunmüddətli perspektivdə ölkənin enerji təhlükəsizliyinin əsas istiqamətlərindən biri hesab edir.
AZƏRTAC