11 iyun 2026 16:59
54

YAP Sumqayıt şəhər təşkilatında partiya fəalları ilə görüş keçirilib

İyunun 11-də Sumqayıt şəhərində Yeni Azərbaycan Partiyasının fəallarının iştirakı ilə görüş keçirilib. Tədbir səmimi səhər yeməyi formatında təşkil olunub.

“İki sahil” xəbər verir ki, görüşdə şəhər üzrə partiya fəalları və təşkilatın əməkdaşları iştirak edərək cari dövrün əsas vəzifələri və qarşıda duran hədəflər ətrafında müzakirələr aparıblar. Mərkəzi Aparat tərəfindən müəyyən edilmiş tapşırıq və tövsiyələr iştirakçıların diqqətinə çatdırılıb, fəaliyyətin daha da gücləndirilməsi istiqamətində fikir mübadiləsi həyata keçirilib.

Tədbirdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov partiyanın milli dövlətçilik ənənələrinin qorunması və möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi ardıcıl siyasətdən bəhs edib. O vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirilir. Qeyd olunub ki, YAP ölkədə ictimai-siyasi sabitliyin qorunmasında, inkişaf strategiyasının reallaşdırılmasında və milli həmrəyliyin təmin olunmasında aparıcı qüvvə kimi çıxış edir.

Ramiz Hüseynov bildirib ki, partiya üzvlərinin hər biri yüksək məsuliyyət hissi ilə fəaliyyət göstərməli, dövlət maraqlarını və milli dəyərləri daim üstün tutmalı, cəmiyyətin tərəqqisinə real töhfə verməlidir. O, əldə olunan uğurların əsasını təşkil edən amillərdən birinin də təşkilat daxilində birlik, həmrəylik və məqsədyönlü fəaliyyət olduğunu xüsusi qeyd edib.

Səmimi və açıq dialoq şəraitində keçən görüşdə iştirakçılar tərəfindən müxtəlif təkliflər səsləndirilib, qarşılıqlı fikir mübadiləsi aparılıb. Görüş mehriban və işgüzar ab-havada yekunlaşıb.