12 iyun 2026 15:56
100

İş yerlərində gender bərabərliyi mövzusunda maarifləndirmə tədbirləri keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən iş yerlərində gender bərabərliyi və cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin qarşısının alınması mövzusunda maarifləndirmə tədbirləri keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirlər Xidmətin Bakı Şəhər İdarəsi və Abşeron-Xızı regional şöbəsi tərəfindən təşkil olunub. Maarifləndirmə tədbirlərində Dövlət Əmək Müfəttişliyi Xidmətinin, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, eləcə də dövlət və özəl sektorlarda fəaliyyət göstərən 150-yə yaxın işəgötürən və onların nümayəndələri iştirak ediblər. Tədbirlər zamanı əmək münasibətlərində bərabər yanaşma prinsipinin təmin olunması, işə qəbul, əmək şəraiti, əməkhaqqı, vəzifə bölgüsü və karyera imkanları zamanı cinsi mənsubiyyətə görə ayrı-seçkiliyə yol verilməməsi barədə məlumat verilib. Həmçinin iş yerlərində ayrı-seçkiliyin qarşısının alınması istiqamətində işəgötürənlərin üzərinə düşən vəzifələr, sağlam və ədalətli əmək mühitinin formalaşdırılması, işçilərin hüquqlarına hörmətlə yanaşılmasının vacibliyi diqqətə çatdırılıb.

Tədbirlərin sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Gender bərabərliyinin təmin olunmasının əmək münasibətlərində daha ədalətli və səmərəli iş mühitinin formalaşmasına da töhfə verdiyi vurğulanıb.

Maarifləndirmə tədbirləri 18 may – 18 iyun tarixlərini əhatə edən “İnsan Hüquqları Aylığı” çərçivəsində və “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı”na əsasən təşkil olunub.