Cəmiyyətin inkişafında, milli-mənəvi dəyərlərin qorunub gələcək nəsillərə ötürülməsində müəllimin rolu hər zaman xüsusi olub. Müəllim yalnız dərs deyən, bilik ötürən şəxs deyil, eyni zamanda insan yetişdirən, xarakter formalaşdıran, gələcəyə istiqamət verən bir ziyalıdır. Bu mənada müəllimlik peşəsi böyük məsuliyyət, sonsuz səbir, yüksək mənəviyyat və peşəkarlıq tələb edən müqəddəs missiyadır.
Elə müəllimlər var ki, onların fəaliyyəti təkcə məktəb divarları ilə məhdudlaşmır. Onlar şagirdlərinə sadəcə fənn öyrətmir, həyata baxışı, vətən sevgisini, təbiətə münasibəti və vətəndaş məsuliyyətini də aşılayırlar. Belə pedaqoqlardan biri də Şirvan şəhər Sadıq Hüseynov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin coğrafiya müəllimi Muxsə Məlikovadır.
Uzun illərdir təhsil sahəsində fəaliyyət göstərən Muxsə müəllimə öz zəhməti, peşəkarlığı və müəllim adına olan böyük sevgisi ilə yüzlərlə şagirdin həyatında iz qoyub. Fənn olimpiadalarında qazandığı uğurlar, beynəlxalq təlim proqramlarında iştirakı, metodik fəaliyyətləri və dövlət tərəfindən layiq görüldüyü mükafatlar onun pedaqoji fəaliyyətinin yalnız görünən tərəfidir. Əsl uğur isə onun yetişdirdiyi və cəmiyyətə qazandırdığı savadlı, vətənpərvər və layiqli gənclərdir.
Müəllimlik yolu, coğrafiya elminin insan həyatındakı yeri, müasir təhsilin çağırışları və gələcəyin məktəbi barədə Muxsə Məlikova ilə söhbətləşdik.
-Özünüzü oxucularımıza necə təqdim edərdiniz? coğrafiya müəllimi olmağa aparan yolunuz necə başlayıb?
-Mən Şirvan şəhər Sadıq Hüseynov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin coğrafiya müəllimi Muxsə Məlikovayam. Müəllimlik fəaliyyətimə 2013-cü ildə Hacıqabul rayonu V.Məmmədov adına Muğan qəsəbə məktəbində başlamışam. Uşaqlıqdan elmə və təhsilə marağım olub. Bu marağın formalaşmasında ailəmin, xüsusilə də atamın böyük rolu var. Məhz həmin dəyərlər məni müəllimlik yoluna gətirib və bu gün də peşəmə böyük sevgi ilə davam edirəm.
-Niyə məhz coğrafiya fənnini və müəllimlik peşəsini seçdiniz?
-Atam savadlı və peşəkar coğrafiya müəllimi olub. Onun dərsə yanaşması, biliyi və şagirdlər arasında qazandığı hörmət məni həmişə heyran edib. Mən də onun yolunu davam etdirmək, insanlara dünyanı tanıtmaq və gənc nəslin formalaşmasında iştirak etmək istədim. Beləliklə, həm coğrafiya, həm də müəllimlik mənim həyat seçimimə çevrildi.
-İlk dərs gününüzü necə xatırlayırsınız? həmin gündən bu günə pedaqoji fəaliyyətinizdə hansı dəyişiklikləri yaşamısınız?
-İlk dərs günü insanın yaddaşında silinməz iz qoyur. Mən ilk dəfə 7A sinfində coğrafiya dərsi keçmişəm. Həmin gün bütün dərs boyu xəritənin qarşısında dayanaraq şagirdlərə bildiyim hər şeyi öyrətməyə çalışırdım. İllər keçdikcə anladım ki, müəllimlik yalnız məlumat ötürmək deyil, həm də şagirdin dünyasına daxil olmaq, onun maraq və ehtiyaclarını hiss etməkdir. Bu gün dərslərimdə daha çox qarşılıqlı ünsiyyətə, araşdırmaya və şagird fəallığına üstünlük verirəm.
-Sizcə, coğrafiya fənni şagirdlərin dünyagörüşünün, vətənə bağlılığının və ətraf aləmi dərk etməsinin formalaşmasında hansı rolu oynayır?
-Coğrafiya insanın doğulduğu yerdən başlayır, atdığı ilk addımlardan tutmuş kəşf edəcəyi və tanıyacağı bütün Yer kürəsini əhatə edir. Bu elm vasitəsilə insan özünü, yaşadığı məkanı və dünyanı daha yaxşı anlayır. Coğrafiya həm də vətən sevgisinin, təbiətə bağlılığın və qlobal düşüncənin formalaşmasına xidmət edir.
-Coğrafiya dərslərini şagirdlər üçün daha maraqlı və anlaşıqlı etmək məqsədilə hansı metodlardan istifadə edirsiniz?
-Fənlə bağlı araşdırmalar aparır, müxtəlif əyani vəsaitlərdən istifadə edir, maraqlı tədbirlər təşkil edirəm. Həmçinin qısa ekskursiyalar və səyahətlər vasitəsilə şagirdlərin mövzuları praktik şəkildə mənimsəməsinə çalışıram.
-Müasir dövrdə iqlim dəyişiklikləri, təbii fəlakətlər və ekoloji problemlərin aktuallaşdığı bir zamanda coğrafiya müəlliminin əsas missiyası nədən ibarətdir?
-Yer kürəsi bütöv bir sistemdir və burada baş verən hər hadisə insan həyatına təsir göstərir. Buna görə də şagirdlərdə ekoloji şüurun formalaşdırılması vacibdir. Müxtəlif diskussiyalar, tədbirlər, ağacəkmə aksiyaları, tullantıların düzgün idarə olunması ilə bağlı layihələr həyata keçiririk. COP29 mövzusunda təşkil etdiyimiz tədbirlər də bu istiqamətdə mühüm rol oynayıb.
-Coğrafiyanın tədrisində nəzəri biliklər daha vacibdir, yoxsa xəritələrlə iş, müşahidələr və praktik fəaliyyətlər?
-Mən hesab edirəm ki, nəzəri biliklər və praktiki fəaliyyətlər bir-birini tamamlamalıdır. Şagird mövzunu yalnız oxumamalı, həm də xəritədə görməli, müşahidə etməli və tətbiq etməlidir.
-Sizcə, yaxşı coğrafiya müəllimini fərqləndirən əsas xüsusiyyətlər hansılardır?
-Hər bir müəllim savadlı ola bilər. Lakin əsas məsələ biliyi necə çatdırmaqdır. Müəllim ilk növbədə şagirdini sevməli, onu anlamalı və öyrətməyi bacarmalıdır. Sevərək öyrədilən bilik daha qalıcı olur.
-Coğrafiya dərslərində elmi obyektivliyi qorumaqla yanaşı, şagirdlərdə ətraf mühitə və təbii sərvətlərə qarşı məsuliyyət hissini necə formalaşdırmaq olar?
-Coğrafiya şagirdlərdə yalnız elmi biliklər deyil, həm də dünyəvi düşüncə, vətəndaşlıq mövqeyi və təbiətə qarşı məsuliyyət hissi formalaşdırır. Bu dəyərlərin aşılanması gələcəyimiz üçün olduqca vacibdir.
-Müəllimlik peşəsinin ən çətin və ən dəyərli tərəfləri hansılardır?
-Müəllim müxtəlif xarakterli, fərqli dünyagörüşlü insanlarla işləyir. Hər bir şagirdə fərdi yanaşmaq böyük məsuliyyət tələb edir. Şagirdlər müəllimin sevgisini, qayğısını və səmimiyyətini hiss etməlidirlər. Cəmiyyətə faydalı insanlar yetişdirdikcə müəllim öz əməyinin bəhrəsini görür və bundan böyük qürur duyur.
-Bu gün müəllimlik peşəsinin cəmiyyətdəki nüfuzunu necə qiymətləndirirsiniz?
-Müəllimlik bütün dövrlərdə ən ali və ən nüfuzlu peşələrdən biri olub. Bu gün də müəllimin cəmiyyətdəki mövqeyi yüksəkdir və bu hörmət daim qorunmalıdır.
-Coğrafiya fənninin insanın gündəlik həyatındakı əhəmiyyəti nədən ibarətdir?
-Əslində həyatımızın hər anı coğrafiyadır. Getdiyimiz yollar, hava proqnozları, təbiət hadisələri, iqtisadi proseslər – bütün bunlar coğrafiya ilə bağlıdır. İnsan yaşadığı dünyanı anlamaq üçün coğrafiyanı bilməlidir.
-Şagirdlərinizə həyat dərsi kimi hansı fikirləri aşılamağa çalışırsınız?
-Mən şagirdlərimə hər zaman bildirirəm ki, təbiəti dərk edən insan həyatı da daha yaxşı anlayır. Yaxşı insan olmaq, ətraf mühitə qayğı göstərmək, insanlarla sağlam münasibətlər qurmaq və Vətənə faydalı vətəndaş kimi yetişmək vacibdir.
-Yaddaşınızda silinməz iz qoyan hadisələrdən biri hansıdır?
-Hər müəllimin həyatında unudulmaz hadisələr olur. Mənim üçün ən ağır və eyni zamanda ən qürurverici hisslərdən biri iki şagirdimin Vətən uğrunda şəhid olmasıdır. Bu hadisə mənim yaddaşıma əbədi həkk olunub.
-Sizə ən çox təsir edən müəllim kim olub?
-Atam mənim üçün hər zaman nümunə olub. Onun müəllim kimi fəaliyyəti, insanlara münasibəti və peşəkarlığı mənə böyük təsir göstərib.
-Coğrafiya elminin hansı istiqamətlərinin daha dərindən öyrənilməsinə ehtiyac var?
-Müasir dünyada iqtisadi, sosial və ekoloji proseslər sürətlə dəyişir. Buna görə iqtisadi coğrafiya, sosial coğrafiya və ekoloji istiqamətlərin daha dərindən öyrənilməsi xüsusi əhəmiyyət daşıyır.
-Yeni texnologiyalar şagirdlərin elmə marağını necə artırır?
-Rəqəmsal xəritələr, peyk görüntüləri, süni intellekt və digər texnologiyalar coğrafiya fənnini daha maraqlı və interaktiv edir. Bu yeniliklər şagirdlərin araşdırma aparmaq və yeni biliklər əldə etmək həvəsini artırır.
-Gənc coğrafiya müəllimlərinə hansı tövsiyələri verərdiniz?
-Şagirdinizi sevin, onu tanıyın və hər bir şagirdin özünəməxsus bir dünya olduğunu unutmayın. Həmin dünyanı kəşf edin, öyrənin və sonra öyrədin.
-Coğrafiya fənninin digər elmlərlə əlaqəsini necə izah edirsiniz?
-Coğrafiya həyatın özüdür və bütün elmlərlə sıx bağlıdır. Tarix, biologiya, fizika, iqtisadiyyat, hətta ədəbiyyat belə coğrafiyadan ayrılmazdır. Böyük şair və yazıçılar da coğrafi biliklərdən bəhrələniblər. Aşıq Ələsgərin misralarında Azərbaycanın relyefi, çay şəbəkəsi və iqlim xüsusiyyətləri poetik şəkildə təsvir olunur və bu, coğrafiyanın həyatın hər sahəsində mövcud olduğunu göstərir.
-Müəllimlik fəaliyyətinizə nəzər saldıqda, ən böyük qazancınızın nə olduğunu düşünürsünüz?
-Müəyyən nailiyyətlər əldə etmişəm. 2021-ci ildən etibarən fənn olimpiadaları ilə məşğul oluram və şagirdlərimlə birlikdə son beş ildə 14 medal qazanmışıq. ARTİ-də metodist kimi fəaliyyət göstərmişəm. İsraildə keçirilən İnnovativ Təhsil layihəsində iştirak etmişəm. Elm və Təhsil Nazirliyi tərəfindən Fəxri Fərman və “Qabaqcıl Təhsil İşçisi” döş nişanı ilə təltif olunmuşam. Lakin ən böyük qazancım savadlı, vətənpərvər və layiqli gənclər yetişdirməkdir.
Müəllimlik – insan talelərinə işıq salan, gələcəyi formalaşdıran ən ali missiyalardan biridir. Bu müsahibə bir daha göstərir ki, coğrafiya təkcə xəritələr və koordinatlar deyil, həm də həyatın özüdür; insanın özünü, dünyanı və Vətəni dərk etməsinə aparan böyük bir yol xəritəsidir. Muxsə Məlikovanın pedaqoji fəaliyyəti isə bu yolun nə qədər dəyərli, məsuliyyətli və şərəfli olduğunu aydın şəkildə sübut edir.
Onun sözlərində həm peşəsinə olan sevgi, həm şagirdlərinə bağlılıq, həm də Vətənə xidmət ruhu aydın hiss olunur. Belə müəllimlər cəmiyyətin mənəvi dayağı, gələcəyin isə ən möhkəm təməlidir.
Sonda Muxsə Məlikovaya göstərdiyi dəyərli pedaqoji fəaliyyətə, səmimi fikirlərinə və təhsil sahəsindəki xidmətlərinə görə dərin təşəkkürümüzü bildiririk. Ona möhkəm can sağlığı, tükənməz enerji, uzunömürlü pedaqoji fəaliyyət və yeni-yeni uğurlar arzulayırıq. İnanırıq ki, onun yetişdirdiyi şagirdlər də gələcəkdə ölkəmizin inkişafına böyük töhfələr verəcək, müəllimlərinin yolunu qürurla davam etdirəcəklər.