Milli Qurtuluş Günü-33
Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, əgər biz 1994-cü ildən neft-qaz sahəsində xronologiyaya baxsaq görərik ki, bu, ancaq uğurlar xronologiyasıdır
1993-cü 15 iyun tarixindən başlanan inkişafın mühüm istiqamətlərindən biri təbii ki, Azərbaycanın iqtisadi tərəqqisi, xalqımızın öz təbii sərvətlərinin əsl sahibinə çevrilməsidir. Bu reallıq hər zaman xüsusi vurğulanır ki, Azərbaycan yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə daim dünyanın diqqətində olub. Lakin müstəqilliyimizin bərpasının ilk illərində ölkımizdə ictimai-siyasi vəziyyətin gərginliyi Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan ölkələrin tərəddüdlərinə səbəb olmuşdur. Bugünümüzün reallıqlarını düzgün dəyərləndirmək üçün hər zaman keçilən yolun təhlili bir tələb kimi qarşıda dayanır. Bu gün qalib, güclü, yeni reallıqlar yaradan Azərbaycandan bəhs ediriksə, bu, Heydər Əliyev siyasətinin təntənəsidir. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanı həmin illərin faciələrindən, təhlükələrindən, xaosundan, anarxiyasından, ictimai-siyasi durumun ağırlığından xilas etdi, möhkəm təməl yaratdı, Azərbaycanın qələbədən-qələbəyə inamla irəliləcəyinə əminliyini ifadə etdi. Bu çağırışı etdi ki, çətin günlər keçəcək, harada yaşamasından asılı olmayaraq hər kəs belə güclü, qüdrətli ölkənin vətəndaşı olmasından qürur hissi keçirəcək.

Azərbaycan xalqı bu gün həmin sevinci, qüruru yaşayır. Baxmayaraq ki, müstəqilliyimizin bərpasının ilk illərində yaşananlar xalqın sabaha ümidini itirmişdi. AXC-Müsavat cütlüyü yalnız hakimiyyəti saxlamağı düşünərək ölkəmizə faciə gətirmiş, günahsız insanların həlak olmasına səbəb olmuşdur. Dövlət əmlakının açıq-aşkar mənimsənilməsi halları kütləvi xarakter daşıyırdı. Ölkənin ehtiyat mənzil fondu AXC hakimiyyətinin ilk aylarında satılıb mənimsənilmişdir. Dövlət idarəetməsində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə gətirilməsi suverenliyimizə təhdid yaratmışdı. Bütün ölkələrlə münasibətlər korlanmış, bəzi ölkələrə qarşı irəli sürülən iddialar Azərbaycanı onlarla düşmən etmiş və ölkəni təcrid olunmuş vəziyyətə salmışdı.
Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıdışı ilə xalqın sabaha ümidini bərpa etdi, yeni Azərbaycan qurdu, ölkədə sabitliyi bütün inkişafın əsası kimi dəyərləndirərək bu istiqamətdə mühüm addımlar atdı. Ulu Öndərin vurğuladığı kimi, sabitlik olmasa heç bir sosial-iqtisadi layihədən, Proqramın icrasından söhbət gedə bilməzdi. Azərbaycanın qısa müddətdə böyük investisiyalar məkanına çevrilməsi ölkədə mövcud sabitliyin olması ilə bağlı idi. Ümummilli Lider Azərbaycanın qapısını bura xoş niyyətlə ayaq basan xarici investorların üzünə açdı və bildirdi ki, ölkə iqtisadiyyatına yatırıcaqları investisiyanın təhlükəsizliyinə tam əmin ola bilərlər. Ulu Öndər Heydər Əliyevin yeni neft strategiyası, müstəqil Azərbaycan dövlətinin iqtisadi müstəqilliyini təmin edən, ölkənin təbii sərvətlərinin xalqın rifahı naminə səmərəli istifadəsini reallaşdıran və dünyanın transmilli şirkətlərini regiona cəlb edən siyasi-iqtisadi doktrinadır. Bu strategiya Azərbaycanı beynəlxalq enerji mərkəzinə çevirdi. Neft strategiyasının uğurla reallaşdırılması nəticəsində ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilmişdir. Hazırda neft strategiyasının uğurlarını tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasının yaratdığı reallıqlar fonunda azad Qarabağın və azad Şərqi Zəngəzurun dirçəlməsində görürük.

Ümummilli Lider Heydər Əliyev ölkə iqtisadiyyatının inkişafında neft amilinə xüsusi önəm verməklə Azərbaycanın sonrakı inkişafının möhkəm təməlini yaratdı. 1994-cü il sentyabr ayının 20-də Bakıda dünyanın 11 transmilli şirkəti ilə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanı regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevirdi. Bu gün Azərbaycan arzuolunan, etibarlı tərəfdaş kimi tanınır, nüfuz qazanır. Dahi şəxsiyyət Heydər Əliyev ölkəmizin iqtisadi və siyasi müstəqilliyini möhkəmləndirməsində əhəmiyyətli rol oynayan “Əsrin müqaviləsi”nin imzalanmasını belə dəyərləndirmişdir: “Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq. Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq, digər şirkətlərin də Azərbaycanda fəaliyyət göstərməsi üçün zəmin yaradırıq.”
1994-cü ildən bəri ölkəmizdə ənənəvi olaraq hər il keçirilən Bakı Enerji Həftəsinin bu günlərdə təşkil edilən 31-ci iclası bir daha Azərbaycanın bütün sahələrdə, xüsusi iqtisadiyyatda qazandığı uğurların təqdimatı oldu. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından öncə Xəzər Neft-Qaz Sərgisinin keçirilməsi Azərbaycanın enerji sektorunun təqdimatında öz sözünü deyib. Həmin dövrün reallıqlarına nəzər salaq. 1994-cü il 12 may tarixində Ümummilli Lider Heydər Əliyevin gərgin səyləri nəticəsində cəbhə xəttində atəşkəsə nail olundu. Bu mühüm addım ölkəmizdə həm sabitliyin möhkəmləndirilməsinə, həm də digər sahələrin inkişafına geniş imkanlar açdı. «Əsrin müqaviləsi» Azərbaycanın qarşısında geniş imkanlar açdı, dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirdi. Ölkəmizə inamın artması fonunda illər geçdikcə imzalanan sazişlərin, Anlaşma memorandumlarının sayı artdı. Ümummilli Liderin çağırışlarında bu məqam da xüsusi qeyd edilirdi ki, müstəqillik yollarında ilk addımlarını atan ölkə ilk olaraq beynəlxalq aləmdə öz varlığını təsdiqləməlidir. Bununüçün ikitərəfli və çoxtərəfli əlaqələrin qurulması vacib amil kimi önə çəkilmişdi. İqtisadi inkişafa gəldikdə isə, Ümummilli Lider Heydər Əliyev dünya təcrübəsinə istinadla bildirirdi ki, heç bir ölkə qarşılıqlı təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz.
“Əsrin müqaviləsi”, həmçinin ondan 23 il sonra 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin, həmçinin digər saziş və Memorandumların imzalanması bir daha səylərin birləşdirilməsinin ölkələrə qazandırdığı uğurların əsası olduğunu təsdiqlədi. Ulu Öndər Heydər Əliyevin işləyib hazırladığı yeni neft strategiyasının reallaşdırılmasında Onun ən yaxın silahdaşı, məhz o zamanlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olan cənab İlham Əliyevin xidmətləri böyük idi. Həmin dövrdə Vaşinqton, Nyu-York, Hyuston, Dallas, İstanbul və digər şəhərlərdə iri neft şirkətlərinin rəhbərləri ilə səmərəli görüşlər keçirən və danışıqlar aparan cənab İlham Əliyev Azərbaycanın milli maraqlarını tam təmin edən müqavilə şərtlərinin əldə olunması üçün gərgin səylər göstərmişdir.

“Əsrin müqaviləsi” imzalanarkən bəziləri bunun gələcək uğurlarına inanmırdı. Hesab edirdilər ki, müqavilə elə kağız üzərində qalacaq. Lakin Ulu Öndər Heydər Əliyevin gələcəyə hesablanmış neft strategiyası və diplomatiyası qarşıda dayanan bütün məsələlərin uğurlu icrasına geniş imkan yaratdı. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallığa çevrilməsi ilə Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə çevrildi. 2002-ci il sentyabr ayının 18-də Səngəçal terminalında Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçılarının iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyuldu. 2006-cı ilin iyulun 13-də isə kəmərin təntənəli açılış mərasimi keçirildi. Bununla da, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verməyə başladı. Azərbaycan neftinin Ceyhan terminalına 2006-cl il 28 May- Müstəqillik Günündə çatmasının da rəmzi mənası var idi. Ümumilikdə neft strategiyasının uğurlu icrası Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynadı. Bunu nəzərə alan Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 20 sentyabr Neftçilər Günü kimi tarixə yazıldı.

İllər geçdikcə əməkdaşlığın coğrafiyasının genişləndirilməsi, regional çərçivədən beynəlxalq səviyyəyə çıxması Azərbaycanın etibarlı tərədaş kimi mövqeyinin möhkəmləndirməsinin göstəricisidir. Azərbaycan nəhəng enerji layihələrinin fəal iştirakçısına və mərkəzinə çevrilib. Milli Qurtuluş Günü hər bir sahədə qazanılan uğurların təhlilini, onların əsasında dayanan mühüm amilin xüsusi qeyd edilməsini bir tələb kimi qarşıya qoyur. Çünki Milli Qurtluşdan başlayaraq Azərbaycan xalqı müstəqilliyin sevincini yaşamağa başladı. Təbii ki, müstəqillik yalnız atributları ilə ölçülmür, əsas olan müstəqil siyasətin həyata keçirilməsidir ki, Azərbaycan hər zaman bu siyasəti ilə dünyanın diqqətindədir. Dünya bunu həm Azərbaycanın xarici siyasət uğurlarında, həm iqtisadi tərəqqisində, həm demokratik inkişafında, eyni zamanda, tarixi Zəfərə yol açan ordu quruculuğu sahəsində görür. Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə 31-ci Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iqtisadi uğurlara yol açan əsas amilə, təbii resurslardan səmərəli istifadənin təmin edilməsinə xüsusi diqqət yönəldi və bu faktorun əsas olduğunu diqqətə çatdırdı. “Əgər 1994-cü ilə nəzər salsaq, keçmişdə Azərbaycanın çox ağır vəziyyətdə olduğunu görə bilərik. Ölkə iqtisadi baxımdan tam qarışıq, siyasi baxımdan qeyri-sabit idi. Ərazinin təxminən 20 faizi Ermənistanın işğalı altında idi. Bir milyon qaçqın var idi və həmin vaxt, bu, ola bilsin, adambaşına düşən ən yüksək qaçqın sayı idi. Bizim heç bir vəsaitimiz yox idi. Elektrik enerjisini idxal edirdik. Biz hətta təbii qazı idxal edirdik. Yoxsulluq səviyyəsi 50 faizdən artıq idi. İşsizlik geniş yayılmışdı. Müstəqil ölkə kimi yaşamaq və irəliyə getməkdə bizim üçün yeganə yol sahib olduğumuz təbii sərvətlərdən istifadə idi. Azərbaycan ilk ölkə idi ki, Xəzərin ehtiyatlarını beynəlxalq neft şirkətlərinə açıq etdi. Həmin vaxtdan etibarən çox hadisələr oldu” söyləyən cənab İlham Əliyev onu da bildirdi ki, əgər bu gün biz Azərbaycana nəzər salsaq həmin transformasiyaya gəldikdə, bu sərvətlərdən necə istifadə etdiyimizə, onun yenidən sosial infrastruktura, təhsilə, səhiyyəyə, enerji sahəsinin inkişafına yatırdığımıza əsasən deyə bilərik ki, ölkələr necə inkişaf etməlidir və bu yol 1990-cı illərin əvvəlində üzləşdiyimiz eyni problemlərdən müəyyən dərəcədə əziyyət çəkən ölkələr üçün örnək olmalıdır. Aparıcı beynəlxalq reytinq agentliklərindəki reytinqimiz ildən-ilə artır. Hazırkı vəziyyətə görə bizim artıq investisiya dərəcəli reytinqimiz var. Yoxsulluq səviyyəsi 5 faizə enib, işsizlik də təqribən eyni rəqəm səviyyəsindədir. Biz xarici borcumuzu əhəmiyyətli dərəcədə azalda bildik. Biz ehtiyatlarımızı Dövlət Neft Fondu və Mərkəzi Bankda topladıq. Beləliklə, ehtiyatlarımız xarici borcu 18 dəfədən çox üstələyir. Bütün bunlar birinci növbədə bizim təbii sərvətlərimizdən düzgün istifadə etdiyimizə görə baş verdi. Biz həm investorlara, həm də ev sahibi ölkəsinə qazanc gətirən vəziyyəti yaratdıq. Biz milli maraqlar üzərində dayanan çox praqmatik siyasət həyata keçirtdik və işimizə müdaxilə etmək, bizə pis məsləhət vermək istəyənlərə qulaq asmadıq: “Biz hər bir işi strategiyamız əsasında etdik. Bütün taktiki gedişlərimiz həmin strategiyaya əsaslanırdı. Biz demək olar ki, 30 il ərzində işğal altında qalmış torpaqlarımızı azad edən güclü ordu qurduq. Biz cəmi 44 gün ərzində Ermənistanı tamamilə məğlub etdik və kapitulyasiya aktını imzalamağa məcbur etdik. Əlbəttə ki, müharibədə qələbə dedikdə, sadəcə, pul və hətta silahlar nəzərdə tutulmur. Söhbət döyüş ruhundan gedir. Lakin gəlin etiraf edək, ordunu qurmaq üçün pulumuz olmasaydı, yəqin ki, bu gün hələ də torpaqlarımız işğal altında olardı. Beləliklə, Azərbaycanın inkişafı, - istər sosial, iqtisadi, hərbi, istərsə də xarici siyasət olsun, - bütün bunlar onu nümayiş etdirir ki, təbii sərvətlərdən düzgün istifadə olunan zaman onlar bir çox üstünlüklərə yol aça bilər.”
“Qurtuluş, onun əsasında “Əsrin müqaviləsi” Azərbaycana nə verdi” sualına cavab dəyişməzdir. Təbii ki, bugünkü reallıqlarımız. Əməkdaşlığın regional çərçivədən çıxaraq çoxtərəfli səviyyəyə yüksəlməsinin başlanğıcı olan Cənub Qaz Dəhlizinin 2018-ci ilin 28 may-Müstəqillik Günündə rəsmi açılış mərasimində cənab İlham Əliyev bildirmişdir: “Bu gün müstəqil Azərbaycan və bizim uğurlu neft-qaz siyasətimiz göstərir ki, ancaq müstəqillik şəraitində, müstəqillik dövründə Azərbaycan xalqı öz təbii ehtiyatlarından istifadə edə bilər, ancaq müstəqillik dövründə Azərbaycan uğurla inkişaf edə bilər. Bu gün biz müstəqil dövlət kimi ayaqda möhkəm dayanmışıq, ölkə qarşısında duran bütün vəzifələri uğurla icra edirik, belə nəhəng layihələri tərəfdaşlarımızla birlikdə icra edirik və Avropanın enerji xəritəsini yenidən tərtib edirik.»
Azərbaycanın enerji diplomatiyasının uğurları davamlıdır. 2017-ci ildə Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. Prezident İlham Əliyev həmin mərasimdəki çıxışında “İyirmi üç il bundan əvvəl ölkəmizin tarixində çox əlamətdar hadisə baş vermişdir. Bakının Gülüstan sarayında ulu öndər Heydər Əliyevin sədrliyi ilə “Əsrin kontraktı”nın imzalanması mərasimi keçirilmişdir və bununla da ölkəmizin uğurlu inkişafına təkan verildi. O günü mən çox yaxşı xatırlayıram, o gün mənim gözümün qabağındadır. Doğrudan da Azərbaycan öz tarixində ən önəmli addımlarından birini atırdı. “Əsrin kontraktı”nın imzalanması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır” söylədi və əlavə etdi ki, o vaxtdan bu günə qədər Heydər Əliyev neft strategiyası uğurla icra edilir, zənginləşir. Yeni önəmli sərmayələr cəlb edilir, addımlar atılır. Əgər biz 1994-cü ildən neft-qaz sahəsində xronologiyaya baxsaq görərik ki, bu, ancaq uğurlar xronologiyasıdır. “Əsrin kontraktı” Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən biridir. Bu gün bütün Azərbaycan xalqı bu kontraktın gözəl nəticələrini öz həyatında görür: “Hesab edirəm ki, bugünkü mərasimin Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində keçirilməsi də rəmzi xarakter daşıyır. 1994-cü il sentyabrın 20-də Gülüstan sarayında o tarixi gündə ulu öndər Heydər Əliyev öz çıxışında kontraktın əhəmiyyətini qeyd etmişdir. Qeyd etmişdir ki, bu kontraktın Azərbaycana çox böyük xeyri, faydası olacaq. 23 ildən sonra biz bunun əyani sübutunu görürük. 23 ildən sonra Ulu Öndərin adını daşıyan bu möhtəşəm, dünya miqyasında ən gözəl memarlıq abidələrindən biri olan Heydər Əliyev Mərkəzində imzalanma mərasimi keçirilir. Yenə də “Azəri-Çıraq-Günəşli” yatağı üzrə. Bu, eyni zamanda, onu göstərir ki, bu gün Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır və yaşayacaq.”
Bugünkü reallıqlarımız Azərbaycanın qarşıya qoyduğu bütün hədəflərə yüksək səviyyədə çatdığını təsdiqləyir. Hər bir layihənin uğurlu sonluqla başa çatması növbəti layihələrin gündəmə gətirilməsini şərtləndirir. Azərbaycan beynəlxalq aləmdə təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınır və nüfuz qazanır. Dövlət başçısı İlham Əliyev 2006-cı ildə Azərbaycan neftinin Ceyhan terminalına çatması münasibətilə xalqa müraciətində bu məqamı xüsusi olaraq bildirmişdir ki, gəlin fərz edək ki, əgər 1994-cü ildə "Əsrin müqaviləsi" bağlanmasaydı, nə olardı, əgər çətin, ağır şəraitdə Heydər Əliyevin səyləri nəticəsində biz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə başlamasaydıq nə olardı? Azərbaycan hansı problemlərlə üzləşərdi? İndi Azərbaycanın dünyadakı mövqeləri necə ola bilərdi? Əlbəttə, bunu təsəvvür etmək çətin deyildir. Bu gün Azərbaycanın inamlı inkişafının əsas səbəbi məhz 1990-cı illərin ortalarında Ulu Öndər Heydər Əliyev tərəfindən başlanmış neft strategiyasıdır. Bu neft strategiyası bizə böyük imkanlar yaratdı, böyük imkanlar da yaradacaqdır və biz bundan səmərəli istifadə edəcəyik.
Bu gün Azərbaycanın qaz ixracını genişləndirməsindən bəhs edirik. Dövlət başçısı İlham Əliyev 31-ci Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışında hədəfləri açıqlayarkən bildirdi ki, bu gün Avropa enerji bazarının Cənub Qaz Dəhlizi olmadan necə olacağını təsəvvür etmək çətindir. Biz sayı artmaqda olan ölkələri qazla təchiz edirik. Keçən il Bakı Enerji Həftəsində Azərbaycan qazını 12 ölkənin aldığını bildirmişdik. Bu gün onların sayı 16-dır və onlardan 10-u Avropa İttifaqına üzv olan ölkələrdir. Bu ölkələrin sayı, əlbəttə ki, artacaqdır. Boru xətti ilə qazın müxtəlif ölkələrə nəql edilməsi, ərazi və coğrafiya kimi parametrlərə baxsanız görərsiniz ki, biz dünyada birinciyik. Bizim qlobal enerji təhlükəsizliyinə töhfəmiz artacaq. Düzgün enerji siyasəti bizə Azərbaycandan xaricə sərmayə yatırmağa imkan verdi. Otuz il bundan əvvəl biz investorları cəlb edirdik. İndi isə öz investisiyalarımızla xaricə çıxırıq. Bu gün Dövlət Neft Şirkəti – SOCAR Yaxın Şərq, Afrika və Mərkəzi Asiyaya investisiya yatırır və bu coğrafiya daha da genişlənəcək. Biz Xəzər dənizinin şərq sahillərində yerləşən dost və tərəfdaşlarımız üçün mühüm tranzit imkanları təqdim edirik. Mərkəzi Asiyadan hasil olunan neft Azərbaycan ərazisindən keçərək beynəlxalq bazarlara çıxarılır. Ümid edirəm ki, yaxın gələcəkdə təbii qazla bağlı da eyni sözləri deyə biləcəyik.
2022-ci ilin iyul ayında Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu, həmin ilin dekabr ayında isə Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalandı. Bu sənəd Azərbaycanın yaşıl enerjisinin Qara dənizin dibi ilə Avropaya (Gürcüstan və Rumıniya üzərindən Macarıstana) ötürülməsini nəzərdə tutan enerji körpüsünün təməlini qoydu. Yaşıl enerjiyə keçid hazırkı dövrün əsas çağırışıdır. Azərbaycan 2024-cü ildə COP29 iqlim konfransına ev sahibliyi ilə həm bu sahədə malik olduğu imkanları dünyaya təqdim etdi, həm də yeni əməkdaşlıq formatlarının yaradılmasına stimul verdi. Təbii ki, “Əsrin müqaviləsi”nin imzalanmasından ötən dövrdə uğurlarımızı bir yazıda tam əhatə edə bilmərik. Neft siyasətinin məntiqi davamı olaraq son 22 ildən ardıq dövrdə qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımlar atılır. Regional inkişaf proqramlarının uğurlu icrası enerji sektorundan asılılığın minimum endirilməsini şərtləndirir. Son beş ildən artıq dövrdə isə Azərbaycanın dünyaya təqdim etdiyi təkmil dirçəliş modeli neft strategiyasının növbəti uğuru kimi diqqətdədir. Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərləri ilə yanaşı, bu ərazilərimizin bərpasına, sosial-iqtisadi inkişafına yönələn Fərman və sərəncamları da silsilə xarakteri daşıyır. Ötən dövrdə sənaye zonalarının, istehsal obyektlərinin yaradılması və fəaliyyətinin təşkili, həmçinin bölgəyə investisiyaların cəlb edilməsi istiqamətində konkret addımlar atılıb. Bütün azad olunmuş ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin icrası uğurla həyata keçirilir. Hədəflərə vaxtında və yüksək səviyyədə nail olmaq üçün bütün qüvvə və bacarıqlar səfərbər edilir. Dövlət başçısı İlham Əliyevin çıxışlarında qeyd olunduğu kimi, necə ki, «dəmir yumruq» nümayiş etdirib torpaqlarımızı işğaldan azad etdik, eyni zamanda, bu birlik, həmrəylik əsasında bərpa və quruculuq işlərini uğurla başa çatdıracaq, soydaşlarımız tam şəkildə doğma yurd-yuvalarına qayıdacaqlar.
Göründüyü kimi, hər bir inkişafın əsasında iqtisadi tərəqqi dayanır. Tarixi Zəfərimizi şərtləndirən amillərdən bəhs edərkən iqtisadi və siyasi müstəqillik xüsusi vurğulanır. «Əsrin müqaviləsi»nin Azərbaycanın bu günü və gələcəyi üçün möhkəm təməl yaradıb. Bu strategiya qarşıdakı illərdə ölkəmizə daha möhtəşəm uğurlar qazandıracaq. Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsi üçün azad edilmiş ərazilərimizin malik olduqları iqtisadi potensialdan səmərəli istifadə də əsas çağırışlar sırasındadır. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” bu hədəflərə yüksək səviyyədə nail olmağa stimul verir. Hər zaman qeyd etdiyimiz kimi, Azərbaycanın hər uğuru Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır, Onun bu günümüz və gələcəyimiz üçün müəyyənləşdirdiyi siyasətin təntənəsidir.
Yeganə Əliyeva, “İki sahil”
Milli Qurtuluşdan enerji diplomatiyasına: Azərbaycanın regional gücə çevrilməsinin siyasi və iqtisadi təməli
İKİ ƏSRLİK MİLLİ QURTULUŞ - Xanlıqlardan Xankəndinə: tam suveren Azərbaycan dövlətinə doğru
Kamran Bayramov: Şuşa Bəyannaməsi regionda yeni təhlükəsizlik təminatı yaradan strateji yol xəritəsidir