İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İran tərəfindən gələn birbaşa nüvə təhdidinin aradan qaldırılması Vaşinqton və Təl-Əvivin hərbi əməliyyatının mühüm nailiyyətidir, lakin mübarizə hələ başa çatmayıb.
“İki sahil” "The Times of Israel" nəşrinə istinadla xəbər verir ki, o bu barədə mətbuat konfransında deyib.
"Biz İsrail tarixində ən böyük hücum əməliyyatını həyata keçirdik. Biz nüvə alimlərinə zərbələr endirdik, (İran - red.) liderlərini aradan götürdük..., nüvə obyektlərini dağıtdıq, raketləri və onların istehsalı üzrə zavodların böyük əksəriyyətini məhv etdik. Biz İran iqtisadiyyatına nəhəng ziyan vurduq - bəziləri bunu yüz milyardlarla dollar, bəziləri isə hətta bir trilyon dollar dəyərində qiymətləndirir", - o deyib.
İsrail əhalisi və siyasətçiləri arasında İrana qarşı müharibənin başa çatması ilə bağlı narazılığı şərh edən Netanyahu bir daha bildirib ki, İranın nüvə silahı əldə etməsinə yol verməmək onun bütün həyatının missiyasıdır.
"Razılaşma ilə və ya razılaşma olmadan İranın nə bu gün, nə də sabah nüvə silahı olmayacaq. Nə qədər ki, mən İsrailin baş naziriyəm, bu baş verməyəcək", - o vurğulayıb.
Netanyahu İran tərəfindən gələn nüvə təhdidinin birbaşa təhlükə yaratdığı və İsrailin ABŞ ilə birlikdə bunu aradan qaldıra bildiyi barədə iddiasını təkrarlayıb: "Biz İsrail əhalisinin məhv edilməsi təhlükəsini uzun illər üçün aradan qaldırdıq. Biz bunu etdik. Biz İsraili məhv olmaqdan xilas etdik".
Bununla belə, o əlavə edib ki, mübarizə hələ başa çatmayıb: "Biz ayıq-sayıq olmağa davam etməli, gücümüzü, qətiyyətimizi qorumalı və nə qədər lazımdırsa, özümüzü müdafiə etməliyik. Bu yalnız İrana aid deyil".
Netanyahu İsrailin regionda iranyönümlü qüvvələrə, eləcə də Qəzza, Livan, Suriya, Yəmən və İordan çayının Qərb sahilindəki qruplaşmalara qarşı mübarizəni davam etdirəcəyini bildirib. O əlavə edib ki, İsrail ordusu Qəzza, Livan və Suriyada yaradılmış təhlükəsizlik zonalarında mövcudluğunu qoruyacaq.