18 iyun 2026 11:00
136

Təhsilverənlər üçün "vahid geyim forması” yox, geyimlə bağlı tələblər müəyyənləşir

Ekspert: Yeni tələblər məktəblərdə estetik görünüşün yaxşılaşmasına və təhsil prosesinin daha səmərəli təşkilinə şərait yaradır

Azərbaycanın təhsil sistemində aparılan islahatlar təkcə tədris proqramlarının yenilənməsi və ya infrastrukturun müasirləşdirilməsi ilə məhdudlaşmır. Son illər təhsil müəssisələrində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, məktəb mühitinin daha sağlam əsaslar üzərində qurulması və peşəkar fəaliyyət standartlarının gücləndirilməsi istiqamətində də ardıcıl addımlar atılır. Bu baxımdan dövlət ümumi təhsil müəssisələrində geyim tələblərinin hüquqi müstəvidə daha dəqiq tənzimlənməsini nəzərdə tutan yeni qanunvericilik təşəbbüsü diqqət çəkən məsələlərdən biridir.

Milli Məclisin Elm və təhsil komitəsində müzakirə olunan "Ümumi təhsil haqqında" Qanuna təklif edilən dəyişikliklərə əsasən, təhsilalanlarla bağlı mövcud geyim qaydalarının hüquqi əsaslarının daha da dəqiqləşdirilməsi və onların bütün dövlət ümumi təhsil müəssisələrində vahid yanaşma əsasında tətbiqinin təmin edilməsi nəzərdə tutulur. Eyni zamanda, sənəddə təhsilverənlər üçün də geyimlə bağlı hüquqi əsasın yaradılması təklif edilir. Bu dəyişiklik məktəblərdə fəaliyyət göstərən bütün tərəflər üçün müəyyən edilmiş qaydaların daha sistemli şəkildə tətbiqinə imkan yaratmaqla yanaşı, təhsil mühitində vahid standartların formalaşdırılmasına xidmət edir.

Mütəxəssislərin fikrincə, müasir dövrdə məktəb yalnız bilik verilən məkan deyil, eyni zamanda, davranış, məsuliyyət, təşkilatçılıq və ictimai münasibətlər mədəniyyətinin formalaşdığı mühüm sosial institutdur. Bu səbəbdən məktəblərdə mövcud olan qaydaların aydın, hamı üçün eyni və hüquqi cəhətdən əsaslandırılmış olması xüsusi əhəmiyyət daşıyır. Geyim məsələsinin də qanunvericilik səviyyəsində tənzimlənməsi təhsil müəssisələrində peşəkar iş mühitinin daha da möhkəmləndirilməsi, təşkilati mədəniyyətin inkişaf etdirilməsi və məktəblərdə ümumi nizamın gücləndirilməsi baxımından vacib addım kimi qiymətləndirilir.

Bəs təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsasın yaradılması məktəb mühitinə nə kimi yeniliklər gətirə bilər? Bu yenilik müəllim nüfuzunun möhkəmlənməsinə, peşəkar davranış standartlarının formalaşmasına və təhsil müəssisələrində ümumi işgüzar atmosferin güclənməsinə necə təsir göstərəcək?

Geyim qaydası fərqləri deyil, ortaq dəyərləri önə çıxarır

Təhsil eksperti Ramin Nurəliyev mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsasın yaradılması olduqca müsbət və zəruri addımdır: “Əslində, bu qayda daha əvvəl tətbiq olunmalı idi. Təhsil sistemi inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər saldıqda görürük ki, həm təhsilalanların, həm də təhsilverənlərin müəyyən edilmiş geyim standartlarına riayət etməsi məktəbdə nizam-intizamın güclənməsinə, ümumi işgüzar mühitin formalaşmasına və sosial bərabərliyin təmin olunmasına xidmət edir.

Sosial bərabərlik məsələsi burada xüsusi əhəmiyyət daşıyır. Əgər şagirdlər və ya müəllimlər istədikləri formada geyinərək təhsil müəssisəsinə gəlsələr, maddi imkanları daha geniş olan şəxslərlə imkanları məhdud olanlar arasında fərqlər daha qabarıq görünə bilər. Bu isə müəyyən hallarda ayrı-seçkilik hissinin yaranmasına, sosial təbəqələşmənin hiss olunmasına və təhsil mühitində arzuolunmaz vəziyyətlərin formalaşmasına səbəb ola bilər. Vahid geyim tələbi isə bu fərqləri minimuma endirərək daha bərabər və sağlam mühit yaradır.

Müəllimlərin də müəyyən edilmiş geyim qaydalarına əməl etmələləri məktəbdə vahid korporativ mədəniyyətin formalaşmasına kömək edəcək. Bu, həm təhsilverənlərin peşəkar imicini gücləndirəcək, həm də şagirdlər üçün müsbət nümunə olacaq. Uzun illərdir şagirdlərin məktəbli formasında təhsil müəssisəsinə gəlməsi tələb olunur. Müəllimlərin də müəyyən edilmiş geyim standartlarına əməl etmələri bu baxımdan daha balanslı və ədalətli yanaşma kimi qiymətləndirilə bilər”.

Peşəkarlığın görünən tərəfi də önəm daşıyır

R. Nurəliyev qeyd etdi ki, bu dəyişiklik məktəblərdə ümumi estetik görünüşün yaxşılaşmasına, nizam-intizamın möhkəmlənməsinə və təhsil prosesinin daha səmərəli təşkilinə müsbət təsir göstərəcək: “Eyni zamanda, şagirdlərdə qaydalara hörmət hissinin formalaşmasına, məktəb mühitində məsuliyyət və intizam anlayışının güclənməsinə də töhfə verəcək. Bütün bunları nəzərə alaraq, sözügedən təşəbbüsü Azərbaycanın təhsil sistemi üçün faydalı və perspektivli addım kimi dəyərləndirmək olar”.

Nigar Orucova, "İki sahil"