İranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatları yerindəcə məhv ediləcək və bu prosesə MAQATE nəzarət edəcək.
“İki sahil” xəbər verir ki, "Fox News" telekanalı bu barədə ABŞ və İran arasında imzalanmış memorandumun mətninə istinadla məlumat yayıb.
Sənəddə həmçinin Hörmüz boğazının dərhal açılması, hərbi əməliyyatların dayandırılması və İran limanlarının blokadasının mərhələli şəkildə qaldırılması barədə müddəalar yer alıb. Mətnə əsasən, Tehrana beynəlxalq bazarlarda neft satmağa icazə veriləcək. Bundan əlavə, İranın bərpası üçün 300 milyard dollar həcmində fondun yaradılması nəzərdə tutulur. Bu fondda Fars körfəzi ölkələrinin iştirakı gözlənilir, ABŞ isə maliyyələşmədə iştirak etməyəcək — bu barədə dünən Prezident Donald Tramp bəyanat vermişdi.
Ayrıca bir bənd isə İranda biznes fəaliyyətinin aparılmasına aiddir. Amerika tərəfi xarici şirkətlərin İran bazarında işləməsi üçün zəruri olan lisenziya, istisna və icazələrin verilməsinə nəzarət edəcək. Telekanalın məlumatına görə, Tehrana qarşı sanksiyaların tamamilə ləğvi yekun sazişin imzalanması ilə şərtləndirilir. Mətndə qeyd olunub ki, yekun sazişin şərtləri hazırkı razılaşmalardan daha sərt olacaq.
Donald Tramp memorandumun surətinin imzalandığını Versalda, Fransa Prezidenti Emmanuel Makron ilə şam yeməyi zamanı keçirilən görüşdə elan edib. Bundan əvvəl isə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai hər iki tərəfin qarşılıqlı anlaşma memorandumu imzaladığını bildirmişdi.