18 iyun 2026 11:27
88

Azərbaycan Ombudsmanı süni intellektin insan hüquqlarına təsirini araşdırır

Süni intellektin inkişaf tempi və təsir dairəsi əvvəlki texnoloji mərhələlərdən fərqli olaraq daha geniş, sürətli və kompleks xarakter alıb. Artıq süni intellekt yalnız texniki alət deyil, həmçinin dövlət idarəçiliyində, təhsil, səhiyyə, sosial müdafiə, əmək münasibətlərində, media və informasiya mühitində, habelə hüquq-mühafizə və məhkəmə fəaliyyətində əhəmiyyətli vasitəyə çevrilib. Bu səbəbdən süni intellekt sistemləri qanunçuluq, şəffaflıq, hesabatlılıq, bərabərlik və insan ləyaqətinə hörmət prinsipləri ilə uzlaşdırılmalıdır.

“İki sahil” xəbər verir ki, bu sözləri Ombudsmanların Beynəlxalq Bakı Sammitinin açılış mərasimində Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva deyib.

O qeyd edib ki, bu sahədə milli insan hüquqları təsisatlarının, xüsusilə ombudsman institutlarının üzərinə mühüm vəzifələr düşür. Təsisatlar pozulan hüquqların bərpası ilə yanaşı, monitorinq, hüquqi maarifləndirmə, qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi vasitəsilə rəqəmsal transformasiya dövründə insan hüquqlarının müdafiəsinə əhəmiyyətli töhfə verirlər.

“Azərbaycan Ombudsmanı öz mandatı çərçivəsində süni intellektin insan hüquqlarına təsiri vəziyyətini araşdırır, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflər verir, dövlət proqramlarının icrası prosesinin təhlilini, habelə müvafiq sahədə təşviqat fəaliyyətini həyata keçirir. Həmçinin tərəfimizdən “Süni intellekt və insan hüquqları: nələri bilməliyik?” adlı yeni çap vəsaiti hazırlanıb. Bu nəşrdə süni intellekt texnologiyalarının insan hüquqlarına təsiri, mövcud risklər və müdafiə mexanizmləri sistemli şəkildə əks etdirilib. Bununla yanaşı, ombudsmanın dəstəyi ilə geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş “Rəqəmsal zamanda süni intellekt və mediasiya” adlı elmi-praktiki vəsait də nəşr olunub”, - deyə Səbinə Əliyeva bildirib.