Almaniya hakimiyyəti əsrin sonuna qədər pensiya yaşını 70-ə çatdırmağı planlaşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə "Bild" qəzeti hazırda Almaniya hökumətinin ekspertləri tərəfindən hazırlanan pensiya islahatı layihəsinə istinadən məlumat yayıb.
Məlumata görə, sənədin iyunun 23-də Nazirlər Kabinetinin müzakirəsinə təqdim olunacağı gözlənilir. Layihədə pensiya yaşının 2090-cı illərə qədər mərhələli şəkildə 70-ə qaldırılması və 63 yaşında tam pensiyaya çıxmaq imkanının ləğv edilməsi nəzərdə tutulur.
Sənədə əsasən, Almaniyada mövcud icbari pensiya sığortası modelini tamamlayacaq yeni yığım pensiya sisteminin yaradılması təklif edilir. Bu sistem əməkhaqqından əvvəlcə 1 faiz, sonradan isə 2 faiz həcmində tutulacaq əlavə ödənişlər hesabına maliyyələşdiriləcək və vəsait dövlət fondu vasitəsilə investisiya olunacaq. Ayrılan məbləğin yarısını işəgötürən, digər yarısını isə işçi ödəyəcək.
Komissiya həmçinin pensiya sığortasına cəlb olunmayan və "mini-iş" ("Minijob") adlandırılan qısamüddətli məşğulluq formalarının əksəriyyətinin ləğv edilməsini, özünüməşğul şəxslərin və parlamentarilərin icbari pensiya sığortası sisteminə daxil edilməsini təklif edir.
Bundan əlavə, pensiya haqları ödəyənlərin sayının artımından asılı olaraq pensiyaların illik indeksləşdirilməsini tənzimləyəcək "pensiya əyləci" mexanizminin tətbiqi nəzərdə tutulur. Bu addım gələcəkdə sığorta haqlarının kəskin artmasının qarşısını almağa xidmət etsə də, pensiyaların illik artım tempinin yavaşımasına səbəb ola bilər.
Hazırda Almaniyada pensiya yaşının 2030-cu illərin əvvəllərinə qədər mərhələli şəkildə 65-dən 67-yə qaldırılması prosesi davam edir. Bununla yanaşı, azı 35 il iş stajı olan şəxslər üçün 63 yaşdan etibarən vaxtından əvvəl pensiyaya çıxmaq imkanı qüvvədə qalır.