22 iyun 2026 09:57
111

Donald Tramp Abelardo de la Esprielyanın qələbəsini tanıdı

Amerika Birləşmiş Ştatların lideri Donald Tramp radikal sağçı siyasətçi, eləcə də sahibkar Abelardo de la Esprielyanın Kolumbiyada keçirilən prezident seçkisində qələbə qazandığını bəyan edib.

“İki sahil” xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Truth Social" platformasında yazıb.

"O, böyük fərqlə qalib gəlib", - deyə ABŞ prezidenti qeyd edib.

Birləşmiş Ştatların dövlət katibi Marko Rubio da bir müddət öncə "X" sosial şəbəkəsində qeyd edib:

"Kolumbiyanın yeni seçilmiş dövlət başçısı Abelardo de la Esprielya ilə indicə danışdım, seçkidə qalib gəlməsi münasibətilə onu təbrik etdim. Tramp hökuməti bölgədə təhlükəsizlik üzrə tərəfdaşlığı dərinləşdirmək, ABŞ-yə qanunsuz miqrasiyanı dayandırmaq və iqtisadi münasibətləri inkişaf etdirmək üçün sizin gələcək komandanızla yaxından işləməyi hədəfləyir".

Qeyd edək ki, Tramp bundan əvvəl səsvermənin birinci mərhələsindəki zəfərinə görə də de la Esprielyaya təbriklərini çatdırmışdı. Bu isə Kolumbiyanın fəaliyyətdə olan prezidenti Qustavo Petro tərəfindən etirazla qarşılanmış, o, Vaşinqton rəhbərinin bu sözlərini seçki prosesinə açıq müdaxilə adlandırmışdı.

Son rəsmi rəqəmlərə görə, seçki məntəqələrindən daxil olan bülletenlərin 99,97%-i hesablandıqdan sonra Abelardo de la Esprielya səslərin 49,66%-ni qazanıb (ona 12 956 941 vətəndaş səs verib). Onun rəqibi İvan Sepeda Kastro isə 48,70% (12 707 117 səs) toplayır.