24 iyun 2026 14:31
84

Tarixi dostluq və qarşılıqlı etimad əsasında inkişaf edən Azərbaycan-Türkmənistan münasibətləri

Azərbaycan və Türkmənistan arasında münasibətlər ortaq tarixə, dil və mədəniyyət birliyinə, mənəvi dəyərlərə və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan möhkəm təməl üzərində formalaşmışdır. Xəzər dənizinin iki sahilində yerləşən qardaş xalqlar əsrlər boyu sıx əlaqələr saxlamış, müstəqillik illərində isə bu münasibətləri yeni məzmun və keyfiyyət mərhələsinə yüksəltmişlər. Qeyd edək ki, Azərbaycan ilə Türkmənistan arasında diplomatik əlaqələr 1992-ci ildə qurulmuşdur. Bu gün Azərbaycan-Türkmənistan əlaqələri siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və beynəlxalq əməkdaşlıq sahələrində uğurla inkişaf edən nümunəvi tərəfdaşlıq modeli kimi qiymətləndirilir.

2026-cı il iyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri və səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin mətbuata bəyanatı iki qardaş dövlət arasında münasibətlərin mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini əhatə edən mühüm siyasi mesajlarla zəngin olmuşdur.

Prezident İlham Əliyev çıxışında Azərbaycan-Türkmənistan münasibətlərinin dayanıqlı əsaslar üzərində qurulduğunu vurğulayaraq qeyd etmişdir ki, ölkələrimiz arasındakı əlaqələrin təməlində tarixi bağlar, mədəni yaxınlıq, ortaq mənəvi dəyərlər və qardaşlıq münasibətləri dayanır. Dövlət başçısı bildirmişdir ki, məhz bu amillər iki ölkə arasında qarşılıqlı etimadın və yüksək səviyyəli siyasi dialoqun formalaşmasında mühüm rol oynayır.

Siyasi müstəvidə dövlət başçılarının qarşılıqlı səfərləri və yüksək səviyyəli dialoqu ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Türkmənistan daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmiş, postmüharibə dövründə də qardaş həmrəyliyi nümayiş etdirmişdir.

Ölkə başçısı Türkmənistanın Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə göstərdiyi dəstəyi xüsusi minnətdarlıqla qeyd etmişdir. Bu xüsusda Türkmənistan xalqının milli lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun xidmətlərini xüsusi vurğulayaraq demişdir: “Qarabağın bərpasında göstərilən köməyə görə əziz qardaşım Arkadağ Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədova bir daha təşəkkürümü bildirmək istərdim.” Bu təşəkkür ifadəsi qardaş ölkənin Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi bərpa prosesinə verdiyi töhfələrin yüksək qiymətləndirilməsinin göstəricisidir.

Səfər çərçivəsində siyasi əməkdaşlığın əhəmiyyətinə toxunan Prezident İlham Əliyev vurğulamışdır ki, ölkələr arasında əldə olunan uğurların əsasında ilk növbədə qarşılıqlı siyasi iradə və etimad dayanır. Dövlət başçısının sözləri ilə desək, “Siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi.” Bu fikir Azərbaycan və Türkmənistan arasında mövcud olan strateji tərəfdaşlığın əsas hərəkətverici qüvvəsinin siyasi dialoq və qarşılıqlı dəstək olduğunu bir daha nümayiş etdirir.

Prezident İlham Əliyev çıxışında Türkmənistan tərəfinə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv kimi qəbul olunması məsələsində göstərdiyi fəal dəstəyə görə də minnətdarlığını ifadə etmişdir. Bu dəstək Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin genişləndirilməsi, türk dünyasında inteqrasiya proseslərinin gücləndirilməsi və regional əməkdaşlıq imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan və Türkmənistan beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini ardıcıl şəkildə dəstəkləyən ölkələrdir. BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq platformalarda nümayiş etdirilən qarşılıqlı dəstək ölkələrimizin strateji maraqlarının uzlaşdığını və qlobal məsələlərə münasibətdə oxşar yanaşmalara malik olduğunu göstərir.

Prezident İlham Əliyev Türkmənistanın beynəlxalq nüfuzunun artmasını və əldə etdiyi uğurları da yüksək qiymətləndirərək vurğulamışdır: “Biz dostlarınız və qardaşlarınız olaraq Türkmənistanın beynəlxalq uğurlarına sevinirik.” Bu ifadə iki ölkə arasında münasibətlərin yalnız dövlətlərarası əməkdaşlıqla məhdudlaşmadığını, həm də qardaşlıq və səmimi dostluq ruhuna söykəndiyini nümayiş etdirir.

Bu gün Azərbaycan və Türkmənistan arasında nəqliyyat-logistika, enerji təhlükəsizliyi, ticarət, humanitar əlaqələr və regional əməkdaşlıq sahələrində geniş perspektivlər mövcuddur. Xəzər regionunda həyata keçirilən layihələr, Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafı, enerji resurslarının səmərəli istifadəsi və yeni iqtisadi imkanların yaradılması istiqamətində birgə fəaliyyət ölkələrimizin strateji tərəfdaşlığını daha da gücləndirir.

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri bir daha göstərdi ki, Azərbaycan-Türkmənistan münasibətləri möhkəm qardaşlıq və qarşılıqlı etimad prinsiplərinə əsaslanaraq davamlı inkişaf edir. Dövlət başçıları arasında formalaşmış səmimi münasibətlər, xalqlarımızın ortaq tarixi-mədəni irsi və qarşılıqlı dəstək ənənələri gələcəkdə də iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsinə və yeni uğurların əldə olunmasına xidmət edəcəkdir.

Siyavuş Novruzov,
Milli Məclisin Regional məsələlər komitəsinin sədri