Azərbaycan dili və Azərbaycan Ordusu müstəqil dövlətçiliyimizin ən mühüm dayaqlarıdır. Dövlətin ərazi bütövlüyünü və təhlükəsizliyini Azərbaycan Ordusu qoruyursa, milli kimliyimizi, tarixi yaddaşımızı və mənəvi dəyərlərimizi Azərbaycan dili yaşadır. Bu iki amil azərbaycançılıq ideologiyasının ayrılmaz tərkib hissəsi kimi bir-birini tamamlayır.
“İki sahil” xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli söyləyib. O qeyd edib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin məqsədyönlü və ardıcıl ordu quruculuğu siyasəti nəticəsində Azərbaycan Ordusu yüksək peşəkarlığa, müasir döyüş qabiliyyətinə və güclü mənəvi-psixoloji hazırlığa malik qüdrətli hərbi qüvvəyə çevrilib. Onun sözlərinə görə, məhz bu siyasətin uğurlu nəticəsi olaraq Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza atdı, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini təmin edərək xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifələr yazdı. Bu Zəfər həm güclü dövlət idarəçiliyinin, həm də milli birliyin və vətənpərvərlik ruhunun təntənəsi kimi tarixdə əbədi yaşayacaq.
“Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yolu göstərir ki, güclü əsgərin and içdiyi, komandirin əmr verdiyi, qəhrəmanlıq salnamələrinin yazıldığı dil Azərbaycan dilidir. Dövlət dili orduda nizam-intizamın, qarşılıqlı anlaşmanın və milli birliyin mühüm vasitəsi kimi çıxış edir.
44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər xalqımızın milli birliyinin, dövlətimizin siyasi iradəsinin və ordumuzun qüdrətinin təntənəsi oldu. Bu müharibə bir daha sübut etdi ki, Vətən sevgisi torpağa bağlılıqla yanaşı, milli-mənəvi dəyərlərə, ana dilinə və milli kimliyə sədaqətdən başlayır. Azərbaycan əsgəri döyüş meydanında yalnız torpaqlarımızı deyil, həm də xalqımızın tarixi yaddaşını, mədəniyyətini və dilini təmsil edirdi”, - deyə professor bildirib.
Alim vurğulayıb ki, Azərbaycan dili ilə Azərbaycan Ordusu eyni amalın – müstəqil, qüdrətli və suveren Azərbaycanın xidmətində dayanır.
“İyunun 26-sı – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun bütün şəxsi heyətini təbrik edir, Vətənimizin keşiyində dayanan hər bir hərbçiyə dərin minnətdarlığımızı bildiririk. Əminik ki, Azərbaycan dili və Azərbaycan Ordusu dövlətimizin gücünün, xalqımızın birliyinin və gələcək uğurlarının əsas təminatları olaraq daim yanaşı addımlayacaq”, - deyə N.Məmmədli əlavə edib.
Xilasedicilərin xidmət apardığı çimərliklərdə insanların təhlükəsizliyinin təmin olunması istiqamətində əhəmiyyətli irəliləyiş əldə olunub
Bakı Dəniz Vağzalında Azərbaycan dənizçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib
“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb
Xilasedici xidmətlərin yerləşdirilməsi risklərin qiymətləndirilməsi əsasında aparılır