25 iyun 2026 17:34
98

BDU-nun Hüquq fakültəsində yeni “Ədalət mühakiməsi hüququ” ixtisaslaşması açılır

2026/2027-ci tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində magistratura səviyyəsində “Hüquqşünaslıq” ixtisası üzrə “Ədalət mühakiməsi hüququ” ixtisaslaşması açılacaq.
“İki sahil” xəbər verir ki, ədalət mühakiməsi hüququ hüquqi dövlətin əsas institutlarından biri olan məhkəmə hakimiyyətinin təşkili və fəaliyyəti ilə bağlı münasibətləri öyrənən mühüm hüquq sahəsidir. Müasir dövrdə məhkəmə hakimiyyətinin rolunun artması, məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi, rəqəmsal texnologiyaların hüquq sisteminə inteqrasiyası, ədalətli məhkəmə araşdırması standartlarının təkmilləşdirilməsi və hüquqi institutların inkişafı bu istiqamətdə peşəkar mütəxəssislərə olan tələbatı artırıb. Bu baxımdan BDU-da “Ədalət mühakiməsi hüququ” ixtisaslaşmasının açılması həm elmi, həm də praktiki baxımdan xüsusi aktuallıq kəsb edir.
Azərbaycan Respublikasında ədalət mühakiməsinin həyata keçirilməsinin yeganə və müstəqil daşıyıcısı məhkəmələrdir. Hüquqi dövlət quruculuğunun mühüm istiqamətlərindən biri olan məhkəmə sisteminin təkmilləşdirilməsi, məhkəmə hakimiyyətinin səmərəliliyinin artırılması, məhkəmə fəaliyyətində rəqəmsal texnologiyaların və innovativ yanaşmaların tətbiqi, ədalət mühakiməsinin həyata keçirilməsi mexanizmlərinin elmi və praktiki baxımdan öyrənilməsi bu sahədə peşəkar kadr hazırlığını zəruri edir. Yeni ixtisaslaşma məhkəmə hakimiyyətinin fəaliyyətinin hüquqi əsaslarının, ədalətli məhkəmə araşdırmasının təminatlarının və müasir hüquqi çağırışların daha dərindən öyrənilməsinə şərait yaradacaq.
BDU-nun Hüquq fakültəsi “Ədalət mühakiməsi hüququ” istiqamətində magistr hazırlığının həyata keçirilməsi üçün güclü elmi-pedaqoji potensiala malikdir. İxtisaslaşma çərçivəsində magistrantlar ədalət mühakiməsinin anlayışı və mahiyyəti, müasir məhkəmə-hüquq islahatları, məhkəmə fəaliyyətində informasiya texnologiyalarının, rəqəmsallaşmanın və süni intellekt sistemlərinin tətbiq perspektivləri, ədalət mühakiməsinin həyata keçirilməsinə dair əsas müddəalar, ədalətli məhkəmə araşdırması hüququnun ümumi və xüsusi institusional və prosessual təminatları, Azərbaycan Respublikasının məhkəmə sistemi, hakimlərin və digər proses iştirakçılarının hüquqi statusu, Məhkəmə-Hüquq Şurasının statusu və fəaliyyət istiqamətləri, məhkəmə etikasının əsasları və digər mühüm istiqamətlər üzrə bilik və bacarıqlar əldə edəcəklər.
Tədris prosesində Azərbaycan Respublikasının prosessual qanunvericiliyi, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin hüquqi mövqeləri, Məhkəmə-Hüquq Şurasının qərarları, həmçinin beynəlxalq hüquqi təcrübə, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin seçilmiş presedent hüququ, Avropa Hakimlərinin Məşvərətçi Şurasının rəyləri və Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının müxtəlif sənədləri tələbələrə nəzəri və praktiki aspektlərdə öyrədiləcək.
“Ədalət mühakiməsi hüququ” üzrə magistr hazırlığı ölkədə hüquqi dövlət quruculuğunun möhkəmləndirilməsinə, məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılmasına, hüquq sahəsində elmi tədqiqatların genişləndirilməsinə və müasir çağırışlara cavab verən peşəkar hüquqşünasların yetişdirilməsinə mühüm töhfə verəcək. Magistrantlar əldə etdikləri nəzəri bilik və praktik bacarıqlar sayəsində həm akademik fəaliyyətə, həm də məhkəmə və digər hüquq institutlarında peşəkar fəaliyyətə daha hazırlıqlı şəkildə inteqrasiya oluna biləcəklər.