“Ekvita” MMC-nin dəstəyi ilə nəşr olunan “İmtiyazlılar: Biznes üçün Dirçəliş” kitabının təqdimat mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, kitabda Özünüməşğulluq proqramından yararlanaraq kiçik biznes quran şəhid ailələri üzvlərinin, müharibə iştirakçılarının, əlilliyi olan şəxslərin və digər həssas qruplardan olan vətəndaşların uğur hekayələri yer alıb. Kitabın müəllifi Günel Cənnətəli kitabda müxtəlif həyat sınaqlarından keçmiş insanların dövlət dəstəyi sayəsində biznes quraraq həyatlarında yeni mərhələ açmalarını və bu fəaliyyətləri ilə cəmiyyətə verdikləri töhfələri işıqlandırıb. Təqdimat tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri, kitabın ərsəyə gəlməsində əməyi olan şəxslər, eləcə də kitabda yer alan hekayələrin qəhrəmanları iştirak ediblər. Tədbirdə çıxış edənlər “İmtiyazlılar: Biznes üçün Dirçəliş” kitabının dövlət dəstəyi ilə uğur qazanan insanların həyat yolunu əks etdirməklə yanaşı, yeni təşəbbüslər üçün də motivasiya olduğunu bildiriblər. Nazirlik tərəfindən həyata keçirilən Özünüməşğulluq proqramının həssas əhali qruplarının əmək bazarına inteqrasiyasında, dayanıqlı gəlir imkanlarının formalaşmasında və kiçik sahibkarlığın inkişafında mühüm rol oynadığı qeyd edilib.