28 iyun 2026 12:49
155

Məşqçi sertifikatlaşdırma kursunun praktiki mərhələsi keçirilib

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə I səviyyə üzrə məşqçi sertifikatlaşdırma kursunun praktiki mərhələsi keçirilib.

“İki sahil” xəbər verir ki, praktiki məşğələlərdə nəzəri hissənin tədrisini və imtahanını uğurla başa vurmuş 30 namizəd iştirak edib. Kursun bu mərhələsində iştirakçılar cüdonun əsas texnikalarını praktiki şəkildə mənimsəyib, eyni zamanda onların müxtəlif yaş qruplarına metodiki baxımdan düzgün şəkildə öyrədilməsi ilə bağlı bilik və bacarıqlarını inkişaf etdiriblər. Təlimlər zamanı cüdonun 100 əsas texnikasının icrası, texnikaların tədris metodikası, uşaqlarla iş prinsipləri, məşq prosesinin təşkili və təlim zamanı tətbiq olunacaq metodoloji yanaşmalar üzrə praktiki məşğələlər keçirilib.

Praktiki dərslərə Azərbaycan Cüdo Federasiyasının ekspertləri və təcrübəli mütəxəssisləri, o cümlədən Orxan Səfərov, Asiman Allahverdiyev, Rüfət İsmayılov və İbrahim Aslanov rəhbərlik ediblər.

Kursun sonunda iştirakçılar praktiki imtahanda bilik və bacarıqlarını nümayiş etdiriblər.