29 iyun 2026 20:05
105

Ürəklərdə yaşayan Vətən sevdalısı

Şəhidlik ən uca zirvədir. Vətən, torpaq uğrunda   şüurlu surətdə öz canını fəda edənlər bu müqəddəsliyə sahib olurlar. Şəhidlər torpağa gömülmür, onlar günəş ömrünü yaşamaqla heç vaxt ölmürlər. Məhz  Astara  rayonu, Şahağacı kəndində  dünyaya göz açan Rameş Gülverdi oğlu Zəkiyev də  44 günlük haqq savaşımızda sinəsini Vətənə sipər etməklə 19 yaşında  əbədiyyətə qovuşub.

Öz şərəfli ölümü ilə gələcək nəsillər üçün  örnək olacaq bir tarix yazıb cismən aramizdan gedən şəhid Rameş Zəkiyevi yad etməyi, xatirəsini əziz tutmağı Astarada kiçikdən tutmuş böyüyə kimi hamı özünə müqəddəs borc bilir. Adəti üzrə ölümsüzlüyə qovuşan qəhrəmanın 25 yaşının tamamında da  Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Həbib Cəfərov və aparat əməkdaşları, rayon İcra hakimiyyətinin Şahağac kənd üzrə icra nümayəndəsi Samir Mailov, Şəhid ailələri, eləcə ictimaiyyət nümayəndələri doğma kəndidə onun  ailəsini və məzarını ziyarət ediblər. Çıxış edən  Həbib Cəfərov bildirib ki, 2020-ci il  sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində milərlə qeyrətli övladımız  ana Vətənin  harayına səs  verib, ölümün gözünə dik baxa-baxa, alovlardan, odlardan keçərək  qanı, canı bahasına xalqa  zəfər sevincini  yaşatdılar.  Bu misilsiz hünərlə adını  Azərbaycanın  yeni, şanlı tarixinə qazan qəhrəman Vətən övladlardan biri də Rameş Zəkiyevdir.  Ölümsüzlüyə qovuşan Rameş bizim üçün  iftixar mənbəyi, qürur yeridir. O, dünya durduqca milyonların qəlbində yaşayacaq.

Rameş Vətən müharibəsində Ağdam istiqamətində  gedən döyüşlərdə  minaatan kimi yağıya qarşı vuruşub. Neçə-neçə ağır sınaqlardan üzüağ sıxan  qəhrəman Vətən oğlu 15 oktyabr 2020-ci ildə Ağdamın Hacıməmmədli kəndində  minaatan mərmisinin düşməsi nəticəsində 2 döyüşçü  yoldaşı ilə şəhid olub. Cənazəsi 20 oktyabr 2020-ci ildə doğma Şahağacı kəndində torpağa tapşırılıb, ölümündən sonra “Vətən uğrunda”, “Vətən müharibəsi iştirakçısı” və digər medallarla təltif edilib.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü