29 iyun 2026 18:57
118

Vətənin qəhrəman oğlu Nahid Teymurzadə

Azərbaycan ordusunun şanlı qələbəsi ilə başa çatan  İkinci Qarabağ müharibəsində böyük igidlik və cəsarətlə vuruşaraq müqəddəs şəhidlik zirvəsinə ucalan  minlərlə  ölümsüzlüyə qovuşan oğullardan bir də 1997-ci ildə Biləsuvar rayonu Günəşli kəndində dünyaya göz açan  Nahid Üzeyir oğlu Teymurzadədir.  Əzəli yurd yerlərimiz - Qarabağın  azadlığı uğrunda  can qoyan, qan tökən  Nahid  adını  şanlı tariximizə yazmaqla   bütöv bir xalqın qəhrəmanlıq simvoluna çevrildi. Həmçinin bir daha sübut etdi ki, torpaq qeyrətli oğulların çiynində Vətən olur. Torpaq,  əgər  uğrunda ölən varsa , Vətəndir..

Kiçik yaşlarından  ağlı, düşüncəsi,  yurduna  dərin məhəbbəti ilə seçilən Nihad  Teymurzadə Biləsuvarın İsmətli kənd  məktəbində orta təhsilini yüksək səviyyədə başa  vurub. Erməni  dığaların  ədalətsiz təcavüzü, Qarabağımızın işğalı  onu daha çox narahat etdiyinə görə əsgərliyə gedib, Vətənin keşiyində durmağı  hər şeydən üstün bilib. 2015-ci ilin oktyabr ayında ordu sıralarına yollanıb, ilk gündən  övladlıq borcunu vicdanla  yerinə yetirməyə başlayıb,  zabitlər, əsgərlər arasında  hörmət  sahibi olub. Vətənpərvərlik ruhu, düşmənə qarşı nifrət hissi   hər işdə  ona uğur gətirib.   Eləcə  təlimlərdə fəallıq göstərməklə  o, hərb sahəsində  zəruri olan bir çox bilik və vərdişləri dərindən mənimsəyib. Bir qayda olaraq  Qarabağın işğalına qarşı  barışmaz mövqe  ortaya qoyan əsgər Nihad : “ Müharibə  başlanan  kimi  ön sırada mən gedəcəyəm,  son qarış  Vətən torpağının azad olunacağı  günədək   düşmənlə  vuruşaram” –deyib və dığalardan qisas almağa  məqam  axtarıb.

Xidməti başa vurub üzüağ evinə qayıdan Nihad Teymurzadə  halal zəhmətdən yapışıb, cəmiyyətdə  üzərinə  düşən  məsuliyyəti  düzgün dərk edib,  xalqa, dövlətə  sədaqətli  xidməti  həyat kredosu  sayıb.  Xeyirxah əməlləri sayəsində insanlarda  özünə qarşı  dərin  məhəbbət,  ehtiram hissləri  oyada bilib. Düşməndən alacağı öcə də hazır durub, Vətən torpaqlarının  azadlığı  uğrunda  döyüş əməliyyatlarına  qoşulması üçün  hər dəqiqə, hər an Ali Baş Komandanın  əmrini  səbirsizliklə  gözləyib.

Damarlarında qeyrət qanı axan, Vətənin  hər daşına,  qayasına vurğun olan Nihad Teymurzadənin yağıdan qisas alacağı gün 2020-ci ilin sentyabrında  yetişib. Könüllü şəkildə başlanan Vətən müharibəsinə qoşulan  igid   ilk gündən ön cəbhəyə yollanıb.  Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən  döyüşlərdə  yağıya qan qusdurub. Hər dəfə müharibə meydanında oddan-alovdan keçərək   düşmənin çoxlu sayda canlı qüvvəsinə, texnikasına  böyük tələfat verməklə yadda qalıb.

 21 oktyabrda Xocavəndin Düdüklü kəndinin  azadlığı uğrunda   şiddətli hücum başlanıb. Nihad kimi  ölümə meydan oxuyan qəhrəmanların  vurduğu  sarsıdıcı zərbələri qarşısında dayana bilməyən düşmən geri çəkildikcə,  torpaqlarımız addım-addım işğaldan azad olunub.  Təəssüf ki, Nihadın  Vətən eşqli ürəyi  də qəfil atılan gülləyə tuş gəlib.  Biləsuvar elinin qəhrəman oğlu ölümündən sonra “Vətən uğrunda”, Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığına görə  medallarla təltif olunub.

Bəli,  Vətən torpaqlarının  azadlığı naminə canından, qanından keçərək şəhidlik zirvəsinə ucalan Nihad Teymurzadə torpağa gömülmədi,   günəş ömrü yaşamaq üçün  milyonların ürəyində özünə yurd-yuva qurdu.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü