29 iyun 2026 20:00
114

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfransın açılış mərasimi

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk dünyası həftəsi” çərçivəsində Mədəniyyət Nazirliyi, Bakı Dövlət Universiteti (BDU), TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Əl-Fərabi adına Qazax Milli Universiteti və Türk Dil Qurumunun təşkilatçılığı ilə “Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” mövzusunda Beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, mərasimdə çıxış edən BDU rektoru Elçin Babayev bildirib ki, Birinci Türkoloji Qurultayın 100 illiyinin dövlət səviyyəsində geniş tədbirlər silsiləsi ilə qeyd olunması Azərbaycan dövlətinin milli-mədəni irsə və türkologiya elminin inkişafına verdiyi yüksək dəyərin bariz ifadəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında" 22 oktyabr 2025-ci il tarixli Sərəncamı bu möhtəşəm elmi hadisənin yalnız tarixi əhəmiyyətini deyil, həm də müasir dövrdə Türk dünyasının inteqrasiyası baxımından daşıdığı strateji mahiyyəti, gələcəyin inkişaf strategiyasını müəyyənləşdirən elmi-mədəni irs olduğunu bir daha təsdiq edir. Bu baxımdan 2026-cı il 29 iyun – 3 iyul tarixlərində türk dövlətlərinin dövlət və hökumət nümayəndələrinin, nüfuzlu alimlərinin, ədəbiyyat və mədəniyyət xadimlərinin iştirakı ilə Bakıda və Qarabağda keçirilən "Türk dünyası həftəsi" xüsusi tarixi məna daşıyır. Həftə çərçivəsində keçirilən elmi və mədəni-kütləvi proqramlar türk xalqlarının tarixi, mədəniyyəti və ənənələrinin qorunmasına, eləcə də gələcək əməkdaşlığın yeni istiqamətlərinin müəyyən edilməsinə xidmət edir. Bu təşəbbüs yüz il əvvəl Bakıda əsası qoyulan elmi həmrəyliyin müasir dövrdə yeni məzmun qazanaraq davam etdirildiyini nümayiş etdirir. Təsadüfi deyil ki, 2026-cı il 15 may tarixində Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışı zamanı Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan "Türk dünyası həftəsi"nin xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcəyini xüsusi vurğulayıb.

Rektor qeyd edib ki, 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay Türk dünyasının intellektual tarixində yeni bir mərhələnin başlanğıcı olub. Burada müzakirə olunan məsələlər dövrün elmi problemləri ilə yanaşı, türk xalqlarının gələcək inkişaf konsepsiyasını müəyyənləşdirən fundamental ideyaları əhatə edib: “Aradan keçən yüz il göstərdi ki, Qurultayın qəbul etdiyi elmi prinsiplər bu gün də aktuallığını qoruyub saxlayır. Ortaq mədəni irsin qorunması, milli kimliyin möhkəmləndirilməsi, elmi inteqrasiyanın dərinləşdirilməsi və gələcək nəsillərə etibarlı elmi-mədəni irsin ötürülməsi müasir dövrdə Türk dünyasının qarşısında duran vəzifələrdir. Bu gün türkologiya artıq yalnız filoloji tədqiqat sahəsi deyildir. O, dilçilik, tarix, arxeologiya, etnologiya, mədəniyyətşünaslıq, süni intellekt texnologiyaları və informasiya-kommunikasiya texnologiyalarının inteqrasiyası əsasında inkişaf edən multidissiplinar elmi istiqamətə çevrilib. Müasir dövrdə türkoloji irsin dərindən öyrənilməsi, türk dillərinin, ədəbiyyatlarının, tarixlərinin tədrisinin yeni çağırışlar kontekstində dərinləşdirilməsi həm də müasir elmi inkişafın metodoloji əsaslarının möhkəmləndirilməsinə xidmət edir. Türk dillərinin vahid terminoloji bazasının formalaşdırılması, rəqəmsal lüğətlərin hazırlanması, qədim yazılı abidələrin rəqəmsallaşdırılması, süni intellekt üçün dil resurslarının zənginləşdirilməsi, avtomatik tərcümə və nitqin emalı texnologiyalarının inkişaf etdirilməsi müasir türkologiya elminin prioritet istiqamətlərindən biri kimi çıxış edir. Birinci Türkoloji Qurultayın ideyalarının müasir dövrdə davam etdirilməsi yalnız klassik tədqiqatların aparılması ilə məhdudlaşmamalı, innovativ texnologiyalarla sintez olunmalı, yeni metodologiyalar əsasında inkişaf etdirilməlidir”.

Elçin Babayev diqqətə çatdırıb ki, bu prosesdə ali təhsil müəssisələrinin qarşısında xüsusilə böyük vəzifələr dayanır. Bu gün türk dövlətlərinin ali məktəbləri qarşısında duran əsas vəzifələrdən biri türkoloji tədqiqatların beynəlxalq səviyyədə koordinasiyasını gücləndirməkdir. Ayrı-ayrı ölkələrdə aparılan araşdırmalar vahid elmi platformada birləşdirilməli, ortaq layihələr həyata keçirilməli, elmi məlumat bazaları yaradılmalı, açıq elmi mübadilə mexanizmləri genişləndirilməli, yeni nəsil gənc türkoloqlar yetişdirilməlidir. Türk dünyasının aparıcı ali təhsil müəssisələri arasında davamlı əməkdaşlıq, ortaq elmi laboratoriyaların, tədqiqat mərkəzlərinin və innovasiya platformalarının yaradılması gələcək inkişafın əsas şərtlərindəndir: “BDU 107 illik zəngin tarixində Azərbaycan türkologiya məktəbinin formalaşmasına mühüm töhfələr vermiş ali təhsil müəssisəsidir. Universitetimizin görkəmli alimləri türk dillərinin, türk xalqları tarixinin, folklorunun və ədəbiyyatının öyrənilməsi istiqamətində fundamental tədqiqatlar aparıb, zəngin elmi məktəb formalaşdırıb. Bu gün də BDU türkoloji tədqiqatların inkişafını özünün prioritet istiqamətlərindən biri hesab edir. Hazırda Universitetdə türkoloji araşdırmalar Türkologiya, Türk filologiyası, Türk xalqlarının tarixi, Azərbaycan ədəbiyyatı tarixi, Azərbaycan dilçiliyi, Azərbaycan tarixi kafedralarında, Mədəni irsi araşdırma Mərkəzi, Qərbi Azərbaycan araşdırmaları Mərkəzi, Türkoloji araşdırmalar, Azərbaycan dilinin tətbiqi məsələləri, Dədə Qorqud,  Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə elmi-tədqiqat laboratoriyalarında yerinə yetirilir. BDU Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstanın nüfuzlu ali təhsil müəssisələri, elm mərkəzləri ilə sıx əməkdaşlıq edir. İkili diplom proqramları, ortaq elmi-tədqiqiat layihələri həyata keçirilir. BDU-da aparılan elmi araşdırmalar, beynəlxalq layihələr, birgə təşkil olunan simpozium və konfranslar, akademik mübadilə proqramları Türk dünyasının elmi inteqrasiyasının güclənməsinə xidmət edir. BDU türk xalqlarının tarixində mühüm elmi hadisə sayılan Birinci Türkoloji Qurultayın elmi-mədəni irsinə yenidən nəzər salmaq məqsədilə silsilə tədbirlər – konfranslar, elmi müzakirələr, sərgilər, görüşlər təşkil edir, Universitetin nüfuzlu alimləri ölkəmizdə keçirilən, qurultayın 100 illiyinə həsr olunmuş elmi tədbirlərin təşkilində yaxından iştirak edir. BDU-nun bu günlərdə nəşr etdiyi “Birinci Tükoloji Qurultayın dərsləri” və Azərbaycan Milli Kitabxanası ilə birgə hazırladığı “Birinci Türkoloji Qurultay: Stenoqrafik hesabat (26 fevral – 6 mart 1926-cı il)” kitabları qurultayda müzakirə olunan mövzuların yenidən elmi müstəviyə çıxarılması baxımından əhəmiyyətlidir. “Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” Beynəlxalq elmi konfransı türk xalqlarının ortaq elmi yaddaşına, mədəni irsinə, dil və tarix birliyinə yeni kontekstdən baxmaq, ötən yüz ilin elmi nəticələrini beynəlxalq müstəvidə müzakirə etmək və gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Bu qəbildən ilk mötəbər elmi tədbiri adını çəkdiyimiz tərəfdaşlarımızla birgə 2026-cı il 21-22 may tarixlərində Qazaxıstan Respublikasının Almatı şəhərində təşkil etdik. “Birinci Bakı Türkoloji Qurultayının irsi: Türk dünyasının inteqrasiyasında türkologiyanın rolu” mövzusunda Beynəlxalq simpoziumda nüfuzlu türkoloq alimlərimiz türkologiyanın qarşısında duran vəzifələrin elmi müstəvidə müzakirəsini apardılar. Birinci Türkoloji Qurultayın yüz il əvvəl səsləndirdiyi ideyalar bu gün də bizi eyni məqsədlər ətrafında birləşdirir. Əminik ki, bu beynəlxalq konfrans elmi fikir mübadiləsinin genişlənməsinə, yeni əməkdaşlıq layihələrinin formalaşmasına, ortaq tədqiqat istiqamətlərinin müəyyən edilməsinə və türkologiya elminin gələcək inkişafına töhfə verəcək”.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, Birinci Türkoloji Qurultay türk xalqlarının elmi-mədəni tarixində, milli kimliyinin dərk edilməsində dönüş nöqtəsi olub. Hazırda Türk dünyası yeni inkişaf mərhələsini yaşayır. Dövlətlərimiz arasında siyasi dialoq genişlənir, iqtisadi əməkdaşlıq dərinləşir, nəqliyyat və kommunikasiya əlaqələri güclənir. Bu proseslər fonunda mədəni əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir: “Çünki ortaq tarix, dil və mədəni irs Türk dünyasının mənəvi təməlini təşkil edir. Müasir dövrdə təhsil sistemləri sürətlə dəyişir, rəqəmsallaşma və süni intellekt texnologiyaları tədris prosesinə yeni yanaşmalar gətirir. Belə bir şəraitdə türk dillərinin, ədəbiyyatlarının və tarixinin tədrisi həm məzmun, həm də metod baxımından yenilənməyə ehtiyac duyur”.

Nazir müavini qeyd edib ki, Azərbaycan Türk dünyasının mədəni əməkdaşlığında fəal rol oynayır. "Türk dünyası həftəsi" çərçivəsində Qarabağda keçiriləcək tədbirlər də xüsusi rəmzi məna daşıyır. Uzun illər işğal altında qalmış ərazilərimizdə mədəni həyat yenidən canlanır, tarixi abidələr bərpa olunur, yeni elm və təhsil ocaqları fəaliyyətə başlayır: “Qarabağın Türk dünyasının alim və ziyalılarını qəbul etməsi Azərbaycanın mədəni dirçəlişinin mühüm göstəricilərindən biridir. Azərbaycan bu mühüm yubiley tədbirinə ev sahibliyi etməklə Türk dünyasının elmi-mədəni inteqrasiyasına öz töhfəsini verməkdən böyük qürur hissi duyur".

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli diqqətə çatdırıb ki, Birinci Türkoloji Qurultayda müzakirə olunan mühüm elmi məsələlər, təşəbbüslər türk xalqlarının inteqrasiyasına zəmin yaradıb. Birinci Türkoloji Qurultay ilk dəfə olaraq türk xalqlarının coğrafiyasının əhatə dairəsini müəyyən edib: “Türk dünyası anlayışı da məhz Birinci Türkoloji Qurultayda meydana çıxıb. Əlbəttə, qurultaya qədər türk tarixi və mədəniyyətinə dair araşdırmalar aparılırdı, lakin bütün bunlar türkologiya adı ilə təqdim olunmurdu. Birinci Türkoloji Qurultay eyni zamanda türkologiya elmini və sistemini təqdim edib".

Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev qeyd edib ki, Birinci Türkoloji Qurultay təkcə elmi hadisə deyil, həm də bütün türk xalqlarının ortaq inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm tarixi mərhələ olub. Qurultayın nəticələri göstərir ki, burada türk xalqlarının təhsil, dil və mədəni inkişafı ilə bağlı vahid baxış formalaşdırılıb və bu, XX əsrin mədəni tarixində müstəsna rol oynayıb. Qurultayın digər mühüm cəhəti onun türk xalqları tarixində siyasi və ictimai fikir baxımından da əhəmiyyətli hadisə olmasıdır. Qurultay sənədlərinin təhlili göstərir ki, həmin dövrdə müxtəlif məsələlər açıq şəkildə müzakirə olunub, fərqli mövqelərə və fikir mübadiləsinə geniş imkan yaradılıb. Bu xüsusiyyət qurultayın demokratik mühitdə keçirildiyini və qəbul edilən qərarların sərbəst elmi müzakirələrin nəticəsi olduğunu təsdiqləyir.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotu Raimkulova vurğulayıb ki, Birinci Türkoloji Qurultayın 100 illik yubileyi Türk dünyası üçün mühüm əhəmiyyət daşıyan hadisədir. Bu münasibətlə keçirilən “Türk dünyası həftəsi” də xüsusi önəm kəsb edir. Həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı əsasında təşkil olunub ki, bu da dövlətin Birinci Türkoloji Qurultayın tarixi irsinə və əhəmiyyətinə verdiyi yüksək dəyərin göstəricisidir: “Bir əsr əvvəl Bakıda keçirilən Birinci Türkoloji Qurultay türk dillərinin, ədəbiyyatının və mədəniyyətinin öyrənilməsində yeni mərhələnin əsasını qoyub. Sürətli texnoloji dəyişikliklər və qloballaşma şəraitində türk dillərinin, ədəbiyyatının və tarixinin tədrisi təkcə akademik məsələ deyil. Bu, eyni zamanda milli kimliyin, ortaq dəyərlərimizin qorunması və onların gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Türk Mədəniyyəti və İrsi Fondu son iki ildə Türk dünyasının zəngin irsinin təbliği məqsədilə 120-dən çox layihə həyata keçirib”.

Əl-Fərabi adına Qazax Milli Universitetinin rektoru Janseyit Tuymebayev isə bildirib ki, hamının arzuladığı türk birliyi, nəhayət, gerçəkləşib. Birinci Türkoloji Qurultayı keçirənlərin xəyal etdikləri bir çox təşəbbüslər reallığa çevrilib: “Lakin bununla kifayətlənməməliyik. Belə böyük konfranslar və beynəlxalq tədbirlər keçirməklə yanaşı, onların real nəticələr verməsinə çalışmalıyıq. Bu gün burada Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və digər türk dövlətlərinin nümayəndələri bir araya gəlib. Türkologiya sahəsində vahid, ortaq türkoloji layihələr həyata keçirməliyik”.

Türkiyə Elmlər Akademiyasının prezidenti Muzaffer Şeker təhsilin, mütaliənin və canlı ünsiyyətin zəiflədiyi, əvəzində isə texnologiyalarla və süni intellektlə təmasın sürətlə artdığı bir dövrdə Birinci Türkoloji Qurultayın müzakirə etdiyi məsələlərin önəminə diqqət çəklib. Bildirib ki, türk xalqlarının qarşısında duran əsas vəzifələrdən biri gənc nəslə dili sevdirmək və onu necə inkişaf etdirəcəklərini düzgün şəkildə izah etməkdir: “Bu istiqamətdə birlikdə çalışmalı və məqsədyönlü addımlar atmalıyıq. Qarşıda çətin bir dövr var. Unutmamalıyıq ki, süni intellekt və sosial medianın təsiri getdikcə artır. Bu prosesdə son dərəcə diqqətli olmalıyıq. Çünki dilimiz müəyyən təzyiqlərlə üz-üzədir və onu qorumaq hər birimizin məsuliyyətidir”.

Türkiyənin UNESCO üzrə Milli Komissiyasının sədri Mehmet Öcal Oğuz isə qeyd edib ki, bir əsr əvvəl Bakıda keçirilən Birinci Türkoloji Qurultayda qəbul edilən qətnamələr bugünkü türk dövlətlərinin dil və mədəniyyət siyasətinin formalaşmasında zəmin rolunu oynayır: “1926-cı ilin həmin tarixi toplantısı Türk dünyasının birliyini möhkəmləndirir, gələcəyə ortaq baxış formalaşdırır və irəliyə doğru yolumuzu işıqlandırır”.

Konfrans öz işini “Birinci Türkoloji Qurultayın mirası: türk xalqlarının mədəni-elmi inteqrasiyası” adlı panel sessiyası ilə davam etdirir.

Sabah isə BDU-da Bakı Dövlət Universitetinin nəşr etdiyi “Birinci Türkoloji Qurultayın dərsləri” və Türk Akademiyasının çap etdirdiyi “100 ilin ardından Bakı Türkoloji Qurultayı” və "Birinci Bakı Türkoloji Qurultayı: 1926-cı il sənədlər işığında” kitablarının təqdimatı olacaq, daha sonra isə konfransın bölmə iclaslarında məruzələr dinləniləcək.