30 iyun 2026 12:41
119

Maliyyə naziri ötən il investisiya xərclərinin az icra olunmasına aydınlıq gətirib

Hesabat ilində istifadə olunmamış investisiya xərcinin əsas hissəsini və ya 334 milyon manatını xarici kreditor qurumlarla birgə maliyyələşmə əsasında həyata keçirilən layihələr üzrə kreditlər təşkil edir.

“İki sahil” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin iyunun 30-da keçirilən plenar iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir qeyd edib ki, proqnozlaşdırma zamanı xarici kreditor qurumların vəsaiti hesabına icra ediləcək layihələr hazırlıq tədbirləri və danışıqlar prosesinin, bəzi kredit sazişlərinin imzalanmasının vaxt alması, habelə zəruri hallarda operativliyin təmin edilməsi məqsədilə optimist ssenarilər əsasında nəzərdə tutulur və cəlb edilən vəsaitlərə uyğun isə icrası təmin edilir.

“Eyni zamanda, hesabat ilində Nazirlər Kabineti tərəfindən “Dövlət İnvestisiya Proqramına daxil edilən investisiya layihələrinin icrasının monitorinqi və nəticələrinin qiymətləndirilməsi Qaydaları” təsdiq edilib. Qaydalara əsasən, investisiya layihələrinin icra qrafiklərinə uyğunluğunun yoxlanılması, tam və vaxtında həyata keçirilməsinə nail olunması məqsədi ilə müvafiq monitorinqlərin aparılması nəzərdə tutulur”, - deyə S.Babayev əlavə edib.