30 iyun 2026 23:37
112

Dövlət Proqramı aqrar sektoru sürətlə canlandırır

Yer kürəsində əhalinin sürətlə artması, iqlim dəyişiklikləri, urbanizasiya, təbii fəlakətlər geosiyasi qarşıdurma və ziddiyyətlər, iqtisadi böhranlar və digər amillər qlobal miqyasda ərzaq təhlükəsizliyini çağdaş dövrümüzün ən vacib problemlərindən birinə çevirib.

 Bütün bunların fonunda son illərdə ərzaq təhlükəsizliyi Azərbaycanda əsas prioritetlərdən birinə çevrilib. Bütün dünyada olduğu kimi, ölkəmizdə də kənd təsərrüfatı ərzaq rəhlükəsizliyinin əsas təməlidir. Respublikamızın coğrafi mövqeyi, əlverişli iqlim şəraiti, münbit torpaq ehtiyatları çoxsaxəli kənd təsərrüfatının hərtərəfli inkişafına əlverişli şərait yaradır. Son illərdə aqrar sektorun inkişaf etdirilməsi ilə bağlı Dövlət proqramlarının qəbul edilməsi, müasir texnologiyaların tətbiqi, qanunvericilik bazasının möhkəmləndirilməsi, subsidiyaların verilməsi, suvarma infrastrukturunun təkmilləşdirilməsi və s. bu sahənin inkişafına ciddi təkan verib.

Aqrar sahədə görülən işlər bir daha təsdiq edir ki, dövlətin əsas siyasəti idxaldan asılılığı azaltmağa, ərzaq bolluğu yaradaraq ixrac potensialına münbit şərait yaratmağa, əhalinin rifah halının daha da yaxşılaşdırılmasına yönəlib. Bu baxımdan Prezident  İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı zəruri addımların atılması xüsusi diqqət çəkir. Proqram çərçivəsində balıqçılıq və akvakultura sahəsində istehsal həcminin 7,7 min tona çatdırılması hədəflənir. Müasir suvarma sistemləri tətbiq olunan sahələrin genişləndirilməsi, ixtisaslaşmış rayonlarda buğda və pambıq üzrə məhsuldarlığın yüksəldilməsi, intensiv meyvə bağlarının və istixana komplekslərinin artırılması, soyuducu anbar və taxıl siloları üzrə imkanların genişləndirilməsi, heyvandarlıqda cins tərkibin yaxşılaşdırılması, quş əti, süd, mal əti, qoyun əti və yumurta istehsalının artırılması, akvakultura istehsalının yüksəldilməsi əsas istiqamətlər sırasındadır. Həmçinin yüksək məhsuldarlığı və səmərəliliyi ilə seçilən intensiv və superintensiv bağçılığın inkişafı bu gün ölkəmizdə  ararq sektorun əsas prioritetlərindən birinə çevrilib. Hazırda Azərbaycan özünü meyvə və giləmeyvə ilə  140 faiz təmin edir. 

 Respublikamzın bütün bölgələrində  bağçılığın inkişaf etdirilməsinə dövlət dəstəyi gücləndirilir. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”na dair Naxçıvan iqtisadi rayonu üzrə keçirilən regional müşavirədə çıxışında bildirib ki, 2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək Naxçıvanda salınan bir sıra meyvə bağları üçün ölkədə tətbiq olunan ən yüksək birdəfəlik əkin subsidiyaları sırasında məbləğlər müəyyən edilib. Mühüm yeniliklərdən biri Naxçıvanda intensiv və superintensiv meyvə bağları üçün də subsidiya ödənişlərinin nəzərdə tutulmasıdır. Məsələn, göstərilən dövrdə salınmış intensiv armud bağları üzrə hər hektara 20 000 manat, intensiv alma bağları üzrə isə hər hektara 21 000 manat birdəfəlik əkin subsidiyası müəyyən edilib.  Superintensiv bağlar üçün subsidiya məbləği daha yüksəkdir. Superintensiv alma bağları üzrə hər hektara 32 200 manat subsdiya nəzədə tutulub ki, bu da bütün kateqoriyalar arasında ən yüksək subsidiya məbləğidir.

Respublikamızın bütün iqtisadi-coğrafi rayonları ilə yanaşı, Qarabağ və Şərqi Zəngəzurda da Dövlət proqramlarına uyğun olaraq kənd təsərrüfatının inkişafı istiqamətində mühüm layihələrin həyata keçirilməsi üçün ciddi addımlar atılır. Əsas hədəflər sırasında müasir suvarma sistemlərinin genişləndirilməsi, intensiv bağçılığın inkişaf etdirilməsi və yeni müasir bağların salınması dayanır. Qeyd edək ki, artıq bu istiqamətdə iki müsabiqə başa çatıb və azad edilmiş ərazilər üzrə 5 min hektardan çox müasir bağların salınması ilə bağlı müraciətlər daxil olub. Yeri gəlmişkən, Zəngilanda 2022-ci ildə salınan, 100 hektar ərazini əhatə edən Ağalı İntensiv Meyvə Bağında hər hektara 666 ağac olmaqla ümumilikdə 66 min ağac əkilib. Bağın 40 hektarı ərik 60 hektarı isə  nektarin ağaclarından ibarətdir.

Prezident İlham Əliyev 2026-cı il mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bu məsələyə də toxunaraq bildirib: “İntensiv bağçılıq. Biz bunun da müsbət nəticəsini görürük, o cümlədən azad edilmiş torpaqlarda. Ağalı kəndinin yaxınlığında salınmış meyvə bağı. Mən bu yaxınlarda Zəngilanda olarkən məlumat verildi ki, artıq oradan ixrac da olunur. Yəni intensiv bağçılıq, xüsusilə meyvə yetişdirilən bölgələrdə əsas prioritet olmalıdır və burada qarşıya məqsəd qoyulur ki, 20 min yeni hektarda intensiv bağçılıq səviyyəsində bağlar qurulsun”.   

Zəngin təbii və ekoloji sistemi və torpaq ehtiyatlarını əhatə edən bu bölgələrdə torpaq ehtiyatlarının səmərəli istifadə olunması, sənaye və aqrar parklarının yaradılması, “ağıllı şəhər”, “ağıllı kənd”, “ağıllı kənd təsərrüfatı”, “ağıllı ekosistem” və s. layihələrin uğurla reallaşdırılması işğaldan azad edilmiş ərazilərdə aqrar sektorun, eləcə də respublikamızda intensiv bağçılığın inkişafına böyük töhfələr verəcək.

Zahid Rza, “İki sahil”