01 iyul 2026 12:14
81

Reklam zonalarının müəyyənləşdirilməsində memarlıq və urbanistika prinsipləri əsas götürülür

ADRA: Məqsəd reklam daşıyıcılarını şəhər məkanının ümumi kompozisiyasına uyğun şəkildə inteqrasiya etməkdir

Müasir şəhərsalma yanaşmalarında reklam infrastrukturunun planlı şəkildə təşkili şəhər mühitinin estetik və funksional inkişafının vacib elementlərindən hesab olunur. Reklam zonalarının müəyyənləşdirilməsi zamanı memarlıq və urbanistika prinsiplərinin nəzərə alınması şəhər məkanında vizual harmoniyanın qorunmasına, eyni zamanda reklamın iqtisadi səmərəliliyinin təmin edilməsinə xidmət edir.

Mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlama verən Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) mətbuat katibi Hüseyn Azəri bildirib ki, reklam qurğularının yerləşdirilməsi zamanı ərazinin funksional təyinatı, nəqliyyatın intensivliyi, memarlıq ansamblları, yaşıllıq sahələri, ictimai məkanlar və şəhərlərin memarlıq xüsusiyyətləri nəzərə alınır.

Onun sözlərinə görə, əsas məqsəd reklam daşıyıcılarının təsadüfi deyil, şəhər məkanının ümumi kompozisiyasına uyğun şəkildə yerləşdirilməsini təmin etməkdir. H.Azəri qeyd edib ki, bu yanaşma reklamın iqtisadi funksiyası ilə şəhər estetikası arasında tarazlığın yaradılmasına xidmət edir.

Yaqut Ağaşahqızı, “İki sahil”