01 iyul 2026 13:02
93

Hesablama Palatasının sədri dövlət satınalmaları üzrə ilkin təhlilin nəticələrini açıqlayıb

2023-2025-ci illəri əhatə edən müqayisəli təhlilə əsasən, 2025-ci ildə dövlət satınalmalarının sayı 2023-cü illə müqayisədə təxminən 52 faiz, ümumi məbləği isə 43 faiz artıb. Bu dinamika dövlət satınalmalarının büdcə xərclərinin icrasında rolunun daha da gücləndiyini göstərir.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Ali Audit Qurumların Beynəlxalq Təşkilatının (INTOSAI) Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupunun Bakıda keçirilən illik toplantısındakı çıxışı zamanı deyib.

O qeyd edib ki, 2025-ci ildə satınalmaların say baxımından 52,4 faizi müsabiqə üsulu ilə keçirilsə də, ümumi məbləğin 54,6 faizi bir mənbədən satınalma üsulunun payına düşüb.

Hesablama Palatasının sədrinin sözlərinə görə, təhlillər zamanı müəyyən edilib ki, müsabiqə əsaslı satınalma həyata keçirən 1400-dən çox təşkilatın 64 faizi satınalma fəaliyyətinə yalnız ikinci rübdən başlayıb: “Həmçinin tikinti müqavilələrinin 40 faizindən çoxunda icra müddətində dəyişikliklər edilib və bu dəyişikliklərin əhəmiyyətli hissəsi satınalan tərəfin maraqlarına uyğun olmayıb. Bir mənbədən keçirilmiş 9035 satınalma arasında cəmi 171 müqavilə üzrə ehtimal olunan məbləğ göstərilib. Bundan başqa, bəzi hallarda elektron açıq tenderlər nəticəsində formalaşan qiymətlərin eyni predmet üzrə bir mənbədən bağlanmış müqavilələrdən daha yüksək olması əlavə təhlillərin aparılmasını zəruri edir”.

Vüqar Gülməmmədov vurğulayıb ki, bu göstəricilər ilkin təhlilin nəticələridir və araşdırmalar davam etdirilir.