Gənc voleybolçu hesab edir ki, uğurun əsasında istedadla yanaşı, güclü xarakter, intizam və heç vaxt təslim olmamaq dayanır
Azərbaycan voleybolu son illər həm infrastruktur, həm də gənc idmançıların yetişdirilməsi baxımından yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu inkişafın ən parlaq nümayəndələrindən biri də cəmi 19 yaşında olmasına baxmayaraq, artıq həm ölkə çempionatında çempionluq sevinci yaşayan, həm də Azərbaycan milli komandasının şərəfini qoruyan libero Nihad Qasımovdur.
Uşaq yaşlarından voleybol mühitində böyüyən Nihad Qasımov qısa müddətdə peşəkar idmanda öz sözünü deməyi bacarıb. Onun fikrincə, müasir voleybolda fiziki hazırlıq qədər psixoloji dayanıqlıq, taktiki düşüncə və komanda daxilində qarşılıqlı etimad da uğurun əsas şərtlərindəndir.
“İki sahil" olaraq gənc milli üzvlə peşəkar idman yolu, beynəlxalq təcrübəsi, Azərbaycan voleybolunun inkişaf perspektivləri və gələcək hədəfləri barədə söhbətləşdik.

-Əvvəlcə özünüz haqqında məlumat verməyinizi istərdik
-Mən Nihad Qasımov 19 yaşım var. Peşəkar voleybolçuyam. Hazırda Azərbaycan milli komandasının və "Azərreyl" klubunun liberosu kimi çıxış edirəm.
-Voleybola marağınız necə yarandı və bu idman növünü seçməyinizdə hansı amillər rol oynadı?
-Voleybola marağım uşaq yaşlarımdan var idi. Atam məşqçi, bacım isə voleybolçu idi. Elə az yaşlarımdan onlarla birlikdə zala gəlib gedirdim, daim məşqlərə baxırdım və bu mühitdə həmişə olmaq istəyirdim. Yəni ailəmin bu yolu seçməyimdə böyük amili var.

-Peşəkar idmançı kimi bu günə qədər keçdiyiniz yolu necə qiymətləndirirsiniz?
-Peşəkar idmançı olmaq bütün mənalarda çox çətin və məsuliyyətli bir işdir. Daim ən yüksək səviyyədə oynamaq istəyirsən və bunun üçün çalışırsan. Mən 6 yaşımdan artıq məşqlərə başlamışdım. Əvvəllər atamla, sonra isə ilk dəfə olaraq "Nəqliyyatçı" klubunda məşqlərə başladım. Orada yaşıdlarım yox idi, hər kəs yaşca məndən minimum 6 yaş böyük oyunçular idi.
Bir neçə ildən sonra isə 13 yaşımda ilk dəfə Super Liqada "Sərhədçi" klubunda oynamağa başladım. Burada iki mövsüm keçirdim və sonra "Xarıbülbül" komandasında növbəti iki il çıxış etdim. Daha sonra 2023–2024 mövsümünün yanvar ayından etibarən "Murov Az Terminal" komandasında oynadım. Mövsümün sonunda təklifi qəbul edib "Azərreyl"ə gəldim və artıq burada iki mövsümdür çıxış edirəm.
"Azərreyl"də ilk ilimdə çempion oldum. Bu, artıq neçə il idi ki, arzum idi. Çünki ardıcıl iki il finalda məğlub olmuşdum. Məncə, çox maraqlı yol keçmişəm və gələcəkdə yaranacaq fürsətlər üçün həyəcanlıyam.
-İdman karyeranız ərzində sizin üçün ən yaddaqalan yarış və ya qələbə hansıdır?
-Buna iki fərqli cavab verərdim. Birinci, 2024–2025 mövsümündə FHN komandası ilə oynadığımız ikinci yarımfinal oyunu deyərdim. Bu matçı hələ də unutmuram. Çünki çox fərqli təcrübə idi və bizə komanda olaraq nə olursa-olsun sona qədər mübarizə aparmağı öyrətdi. Digəri isə Çempionlar Liqasında keçirdiyim ilk oyundur. Həmin atmosferi hiss etmək, o səviyyədə meydanda olmaq və bu ad uğrunda mübarizə aparmaq mənim üçün qürurverici idi.

-Müasir voleybolda uğur qazanmaq üçün hansı keyfiyyətlər xüsusilə vacib hesab olunur?
-Hazırda oynanılan voleybol xüsusilə son illərdə çox dəyişib. Oyun daha sürətlidir və buna uyğunlaşmaq üçün çevik olmalısan. Xüsusilə mənim mövqeyimdə.Hündürboylu olmaq üstünlükdür, amma bunun yeganə vacib amil olduğunu demək olmaz. Çünki Yaponiya kimi komandalar elə də yüksək boy ortalamasına malik olmasalar da, çox uğurlu çıxış edirlər.
Daha sonra ağıl deyərdim. Bəzi məqamlarda fiziki gücdən daha çox düzgün qərar vermək daha effektiv olur. Və əlbəttə ki, mental güc. Məncə, bu, ən vacib amildir. Oyunun hər anında özünü pik səviyyədə saxlamaq üçün psixoloji cəhətdən hazır olmalısan. Bu, asan əldə edilmir. Təcrübə, özünə inam və davamlı çalışma ilə formalaşır.
-Komanda idman növü olan voleybolda qarşılıqlı etimad və koordinasiyanın rolu nə qədər əhəmiyyətlidir?
-Çox əhəmiyyətlidir. Voleybol kontakt idman növü olmadığı üçün sən rəqibə əsasən emosiyalarla təsir edə bilirsən. Bu emosiyalar isə komandanın daxilində yaranır. Texniki baxımdan da oyun ərzində komanda yoldaşlarınla daim əlaqədə olmalısan. Nəyi necə etməli olduğumuz barədə davamlı danışırıq. Danışıqsız və bir-birimizə güvən olmadan heç nə əldə etmək mümkün deyil. Mən liberoyam və daim qəbul oyunçuları ilə hansı topları kimin qəbul edəcəyini müzakirə edirik. Blokçularla hansı zonanı bağlayacaqları barədə danışırıq, açıq qalan hissəni isə mən müdafiə edirəm. Bunu edə bilməyimizin əsas səbəbi qarşılıqlı güvəndir. Əgər bu güvən yoxdursa, komanda ola bilmərik. Komanda olmadıqdan sonra isə qələbədən danışmaq mümkün deyil.
-Oyun zamanı gərgin və həlledici məqamlarda psixoloji sabitliyi necə qoruyursunuz?
-Bu, əslində çox çətindir və mən bunun üzərində çox çalışıram. Bəzən fiziki oyundan daha çox psixoloji sabitliyi qorumağa çalışırıq. Belə anlarda özümə xatırladıram ki, bu hərəkətləri minlərlə dəfə etmişəm və bu gün sadəcə onlardan biridir. Ekstra heç nə etməli deyiləm. Sadəcə məşqdə etdiklərimi oyunda da etməliyəm.
Eyni zamanda, dərin nəfəs almağa çalışıram və yalnız cari xala fokuslanıram. Nə əvvəlki, nə də növbəti xal barədə düşünürəm. Sadəcə oynadığımız xalı qazanmağa köklənirəm.

-Milli komandanı təmsil etmək sizə hansı məsuliyyət hissini yaşadır?
-Bu, çox böyük məsuliyyətdir. Milli komandada oynamaq tamam fərqli hissdir. Üzərində bayrağımız olan formanı tərlətmək qürurvericidir.
Burada bir ölkəni təmsil edirsən və bütün gözlərin üzərində olduğunu bilirsən. Milli komandada çıxış edərkən hər zaman maksimumumu verməyə çalışıram. Əgər zədə varsa, onu tez bir zamanda müalicə etdiririk. Burada olmaq böyük ayrıcalıqdır və bunu dəyərləndirmək lazımdır. Avropa arenalarında Azərbaycanı təmsil etmək həm ölkəmiz, həm də şəxsi karyeramız üçün çox önəmlidir. Çünki beynəlxalq arenalar bizə yeni qapılar aça bilər.
-Azərbaycan voleybolunun hazırkı inkişaf səviyyəsini necə qiymətləndirirsiniz?
-Son illərdə vəziyyət çox yaxşıdır. Federasiya rəhbərliyi mühüm addımlar atır. Gənc millilər yaradılıb, rayon və şəhərlərdən boyu uzun, fiziki göstəriciləri yüksək olan potensiallı uşaqlar Regional Voleybol Klublarına cəlb olunur və orada məşqlər keçirilir.Hazırda əvvəlki illərlə müqayisədə həm klubların, həm də regional voleybol klublarının daha güclü aşağı yaş qrupları formalaşıb. Onların da öz yaş kateqoriyaları üzrə çempionatları keçirilir.

-Gənc voleybolçuların yetişdirilməsi istiqamətində hansı məsələlərə daha çox diqqət yetirilməlidir?
-Dediyim kimi, aşağı yaş qruplarından təşkil olunmuş klublar yaradılmalı və onların təcrübə qazanması üçün ölkə çempionatında iştirak etmələri təmin olunmalıdır.
Məsələn, son iki mövsümdür ölkə çempionatında Gənclər komandası çıxış edir və bu komanda azərbaycanlı gənc voleybolçulardan formalaşdırılıb. Düşünürəm ki, bu proses davam edəcək və gələcəkdə həmin gənclər milli komandanın şərəfini qoruyacaqlar.
-Beynəlxalq yarışlarda əldə etdiyiniz təcrübə sizə hansı vacib dərsləri qazandırıb?
-Belə yarışlarda iştirak etməyin özü böyük təcrübədir. Eyni zamanda, bu yarışlar çox yaxşı fürsətdir. Dünyanın müxtəlif ölkələrindən agentlər bu turnirləri izləyirlər və özünü yaxşı tərəfdən göstərə bilən oyunçular xarici klublardan təklif ala bilirlər.
Bu yarışlar mənə yüksək səviyyədə rəqabət aparmağı, komanda işinin gücünü və təzyiq altında oynamağı öyrədib.
-Fiziki hazırlıq, taktiki düşüncə və texniki bacarıqlar arasında hansı amili daha önəmli hesab edirsiniz?
-Məncə, bu üç amil bir-birini tamamlayır. Amma voleybolda taktiki düşüncə oyunun gedişatını düzgün oxumağa və doğru qərarlar verməyə kömək etdiyi üçün xüsusi əhəmiyyət daşıyır.
-Azarkeşlərin dəstəyi komandanın motivasiyasına və nəticələrinə necə təsir göstərir?
-Çox müsbət təsir göstərir. Bakıda oynadığımız son oyunlarda azarkeş dəstəyi çox gözəl idi. Belə mühitdə oynamaq maraqlıdır və bizim üçün əlavə üstünlükdür. Bəzən etdiyimiz geri dönüşlər məhz azarkeşlərin dəstəyi ilə mümkün olur. Onlar meydançadakı yeddinci oyunçudurlar. Xüsusilə ev sahibi olduğumuz oyunlarda yaratdıqları atmosfer bizə əlavə motivasiya verir və rəqib üzərində psixoloji üstünlük qazandırır.

-Karyeranız boyunca qarşılaşdığınız ən böyük çətinlik nə olub və onu necə aradan qaldırmısınız?
-Karyeram ərzində elə də böyük çətinlik yaşamamışam. Əlbəttə, hər peşəkar idmançı kimi mənim də zaman-zaman problemlərim olur. Amma bu normaldır və onları qəbul edib həll etməyə çalışıram. Məncə, bir idmançının qarşılaşa biləcəyi ən böyük çətinlik zədədir. Xoşbəxtlikdən indiyədək ciddi zədə almamışam və ümid edirəm ki, bundan sonra da olmayacaq.
-Qarşıdakı dövr üçün əsas idman hədəfləriniz və gözləntiləriniz nələrdir?
-Hər mövsümdə olduğu kimi, əsas məqsədim çempion olmaqdır. Şəxsi hədəflərim isə daim ən yaxşı olmaq üçün mübarizə aparmaqdır.
Növbəti mövsümdə klubumla yenidən çempion olmaq istəyirəm. Milli komanda ilə isə daha uğurlu nəticələr əldə etmək, daha çox qələbə qazanmaq və Azərbaycan voleybolunun adını Avropada daha çox eşitdirmək niyyətindəyəm.
Eyni zamanda, uyğun təkliflər olacağı təqdirdə legioner həyatı yaşamaq, Avropanın güclü çempionatlarında çıxış etmək və ən nüfuzlu turnirlərdə çempionluq uğrunda mübarizə aparmaq istəyirəm.

-Voleybol sahəsində uğur qazanmaq istəyən gənclərə hansı tövsiyələri vermək istərdiniz?
-Onlara hər zaman istəkli olmağı, yeni şeylər öyrənməyə həvəs göstərməyi tövsiyə edirəm. -Arzularını qorumağa çalışsınlar və bu yolda qarşılaşdıqları çətinliklərdən çəkinməsinlər.Bəzən hər şey istədiyimiz kimi getmir. Amma bu normaldır. Əsas məsələ həmin vəziyyətləri necə idarə edə bildiyimizdir. İnanıram ki, çox çalışan, məqsədlərinə ac olan və daim öz üzərində işləyən insanlar sonda istədikləri nəticəyə nail olurlar.
Qısa müddətdə keçdiyi peşəkar yol göstərir ki, uğur yalnız istedadın deyil, həm də intizamın, əzmkarlığın və davamlı inkişaf istəyinin nəticəsidir. Nihad Qasımovun fikirlərində yalnız şəxsi hədəflər deyil, Azərbaycan voleybolunun gələcəyinə inam, milli komandaya bağlılıq və ölkəsini beynəlxalq arenalarda layiqincə təmsil etmək məsuliyyəti də açıq şəkildə hiss olunur.
Gənc yaşına baxmayaraq böyük hədəflərlə yaşayan libero qarşıdakı illərdə həm klub, həm də milli komanda ilə yeni uğurlar qazanmağı, Avropanın aparıcı çempionatlarında çıxış etməyi və Azərbaycan voleybolunun adını daha yüksək zirvələrə daşımağı qarşısına məqsəd qoyur. Onun hekayəsi göstərir ki, zəhmət, səbir və özünə inam bir araya gəldikdə ən böyük arzular belə reallığa çevrilə bilər.
Sonda Nihad Qasımova səmimi müsahibəyə və dəyərli fikirlərini bizimlə bölüşdüyünə görə təşəkkür edirik. Ona həm Azərbaycan milli komandasının, həm də klub karyerasının növbəti mərhələlərində yeni-yeni uğurlar, möhkəm cansağlığı, zədəsiz mövsümlər və bütün hədəflərinə çatmağı arzulayırıq. İnanırıq ki, əzmi, zəhməti və peşəkarlığı sayəsində gələcəkdə də Azərbaycan voleybolunun uğurlarına öz töhfəsini verəcək, ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil edəcək. Uğurlarınız daim davamlı olsun!
Yaqut Ağaşahqızı, “İki sahil”