02 iyul 2026 21:12
85

Agentlik INTOSAI-nin Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupunun illik toplantısında iştirak edib

Tədbir çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov açılış nitqi ilə çıxış edib, Agentliyin sektor müdiri Nicat Xəlilov isə "Dövlət satınalmaları sahəsində müasir tendensiyalar" mövzusunda panel müzakirəsində iştirak edib.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan Respublikası Hesablama Palatasının ev sahibliyi etdiyi Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (INTOSAI) Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupunun (WGPPA) illik toplantısında iştirak edib.

Tədbirdə Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Rusiya Federasiyasının Hesablama Palatası Katibliyinin sədri Svetlana Orlova və Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov açılış nitqi ilə çıxış ediblər.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxışında ölkəmizdə dövlət satınalmaları sahəsində şəffaflığın artırılması, rəqəmsallaşmanın genişləndirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlardan bəhs edib, satınalma sisteminin səmərəliliyi və şəffaflığının ölkələrin iqtisadi inkişafına, fiskal dayanıqlığına və ictimai rifahın təmin edilməsinə birbaşa təsirini qeyd edib. Rusiya Federasiyasının Hesablama Palatası Katibliyinin sədri Svetlana Orlova müvafiq sahədə Rusiya təcrübəsini bölüşüb, Rusiyada dövlət büdcəsinin formalaşdırılması və icrası prosesində korrupsiya risklərinin qiymətləndirilməsi məqsədilə xüsusi göstəricilərin, eləcə də yüksək riskli müəssisələrin rəqəmsal xəritəsinin hazırlandığını diqqətə çatdırıb. Agentlik sədri Elnur Bağırov isə dövlət satınalmaları auditinin büdcə vəsaitlərinin məqsədyönlü istifadəsinin qiymətləndirilməsi və rəqabət prinsiplərinin qorunmasının təhlili baxımından əhəmiyyətini qeyd edib. Dövlət satınalmalarında səmərəliliyin artırılması istiqamətində əldə olunan nəticələr barədə məlumat verib, “etender.gov.az” portalının satınalmalarda çoxiştirakçılığa nail olunmasında rolunu vurğulayıb.

İllik toplantı Agentliyin Dövlət satınalmalarına nəzarət şöbəsinin Qanunvericiliyin tətbiqinə nəzarət üzrə sektor müdiri Nicat Xəlilov, Dünya Bankının Cənubi Qafqaz üzrə böyük satınalma mütəxəssisi Barbara Ziolkovska və beynəlxalq ekspert Daniel İvarssonun iştirakı, Rusiya Federasiyası Hesablama Palatasının Beynəlxalq və Regional Əməkdaşlıq Departamentinin direktoru Timur Maxmutovun moderatorluğu ilə keçirilən "Dövlət satınalmaları sahəsində müasir tendensiyalar" mövzusunda panel müzakirələri ilə davam etdirilib. 

Tədbir çərçivəsində həmçinin "Dövlət satınalmalarının auditi: Ali Audit Qurumlarının təcrübələri" və “Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupunun fəaliyyəti haqqında hesabat” adlı sessiyalar təşkil olunub.