03 iyul 2026 20:28
122

Siyasi şərhçi: Aİ artıq Azərbaycanı təkcə enerji tərəfdaşı deyil, regionun əsas geosiyasi aktoru kimi görür

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri, onun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü və iyulun 1-də mətbuata bəyanatlarla çıxışları həm ölkə, həm region, həm də beynəlxalq siyasi kuluarlarda, mətbuatda diqqət mərkəzində olan və ən çox müzakirə edilən xəbərlərdəndir. Son dövrlər Bakı ilə Brüssel arasında müşahidə olunan siyasi dinamika göstərir ki, Azərbaycan-Avropa İttifaqı qarşılıqlı münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlir. Bu prosesin əsas xüsusiyyəti ondan ibarətdir ki, tərəflər münasibətləri artıq təkcə enerji əməkdaşlığı üzərində deyil, həm də regional təhlükəsizlik, nəqliyyat, rəqəmsal əlaqələr və iqtisadi inteqrasiya üzərində qurmağı nəzərdə tuturlar. 2022-ci ildən sonra baş verən kifayət qədər ciddi dəyişikliyi, Avropa İttifaqının (Aİ) regiona yeni yanaşmasını üç əsas amillə əlaqələndirmək mümkündür. Belə ki, Rusiya-Ukrayna müharibəsi nəticəsində Avropanın enerji və nəqliyyat təhlükəsizliyi aktuallaşdı və xarici siyasətdə prioritetə çevrildi, Orta Dəhliz (Çin-Mərkəzi Asiya-Xəzər-Azərbaycan-Avropa marşrutu) strateji mahiyyət daşımağa başladı, Rusiyanın regiona təsirinin zəifləməsi Aİ-yə daha da fəallaşmasına şərait yaratdı. Göründüyü kimi, bu və digər səbəblər Aİ-nin Cənubi Qafqaz siyasətində prioritet dəyişikliyinə ciddi təsir etdi. Bu baxımdan Bakı görüşü Aİ-nin Azərbaycanı artıq yalnız enerji tərəfdaşı deyil, Avrasiya bağlantı siyasətinin əsas düyün nöqtəsi kimi gördüyünü nümayiş etdirir.

“İki sahil” xəbər verir ki, bunu siyasi şərhçi Əhməd Abbasbəyli deyib.

O qeyd edib ki, ən diqqətçəkən məqamlardan biri Ursula Fon der Lyayenin öz çıxışında Azərbaycanın Cənubi Qafqazda sabitlik yaradan əsas aktorlardan biri olduğunu açıq şəkildə vurğulaması idi. O bildirib ki, Azərbaycan regionun Avropa, Xəzər hövzəsi və Mərkəzi Asiyanı birləşdirən əsas ölkəsidir. Bu, əvvəlki illərlə müqayisədə daha fərqli siyasi ritorikadır. Bir neçə il əvvəl Aİ-Azərbaycan münasibətlərində insan hüquqları və demokratik institutlar daha çox ön plana çıxarılırdısa, hazırda təhlükəsizlik, enerji və geosiyasi əməkdaşlıq əsas gündəmə çevrilib. Əlbəttə, unutmaq olmaz ki, bu proseslərdə mühüm amillərldən biri də Azərbaycanın sərgilədiyi çevik və çoxvektorlu xarici siyasət, oturuşmuş güclü regional mövqe oldu. Yəni Azərbaycanın “balanslaşdırıcı dövlət” modeli onu regionda Aİ üçün əhəmiyyətli və dayanıqlı bir müttəfiq etdi.

Siyasi şərhçi bildirib ki, Prezident İlham Əliyevin səsləndirdiyi mesajlarda Azərbaycanın özünü Qərblə Şərq arasında etibarlı körpü kimi təqdim etməsi xüsusi diqqət çəkir. Bu yanaşma göstərir ki, Azərbaycan artıq klassik “kiçik dövlət” modelindən çıxaraq regional vasitəçi, mühüm tranzit mərkəzi və geosiyasi aktor kimi çıxış edir.

Bakı-Brüssel xəttində yeni mərhələ: Azərbaycan Avropanın geosiyasi gündəmində

“Azərbaycan-Avropa İttifaqı münasibətlərində enerji əməkdaşlığı əvvəlki kimi əsas istiqamət olaraq qalır. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen də Rusiyanın yaratdığı enerji böhranı fonunda Azərbaycanın Avropa üçün etibarlı və strateji tərəfdaş olduğunu xüsusi vurğulayıb. Bununla yanaşı, o bildirib ki, tərəflər arasında əməkdaşlıq artıq yalnız təbii qaz tədarükü ilə məhdudlaşmayacaq. Xəzər dənizinin külək enerjisi potensialı, yaşıl elektrik enerjisinin ixracı və yeni enerji dəhlizlərinin yaradılması əməkdaşlığın əsas prioritetlərindən birinə çevriləcək. Bu yanaşma Azərbaycanın yaxın perspektivdə yaşıl enerji ixracatçısı kimi mövqeyini gücləndirəcək, ölkəni Avropaya elektrik enerjisi ötürən əsas tərəfdaşlardan birinə çevirəcək. Eyni zamanda, Cənub Qaz Dəhlizinin də yeni inkişaf mərhələsinə qədəm qoyması üçün əlavə imkanlar yaradacaq”, - deyə Əhməd Abbasbəyli qeyd edib.

Onun fikrincə, səfərin ən mühüm nəticələrindən biri də Avropa Komissiyasının irəli sürdüyü “Bağlantılar vasitəsilə sülh” təşəbbüsü olub. Bu çərçivədə 2 milyard avroya qədər investisiyanın cəlb edilməsi nəzərdə tutulur. Vəsaitin dəmir yolu və avtomobil magistrallarının inkişafına, liman infrastrukturunun modernləşdirilməsinə, rəqəmsal kommunikasiya şəbəkələrinin genişləndirilməsinə, enerji layihələrinə və digər regional bağlantı layihələrinə yönəldilməsi planlaşdırılır.

Siyasi şərhçi vurğulayıb ki, diqqət çəkən digər mühüm məqamlardan biri Avropa İttifaqının ilk dəfə olaraq Ermənistan-Azərbaycan sülh prosesinin postmünaqişə mərhələsinə dəstək məqsədilə konkret maliyyə paketi elan etməsidir. Onun sözlərinə görə, bu proqram mina təmizlənməsi, səhiyyə, sərhədyanı ərazilərin sosial-iqtisadi inkişafı və digər humanitar istiqamətləri əhatə etməklə yanaşı, bölgədə davamlı sülhün möhkəmləndirilməsinə xidmət edəcək.

Böyük siyasi və simvolik əhəmiyyət daşıyan bu yüksəksəviyyəli görüşün, eləcə də Avropa Komissiyasının Prezidentinin Bakıya səfərinin siyasi mesajlarını və beynəlxalq münasibətlər sisteminə mümkün təsirlərini dəyərləndirən siyasi şərhçi Əhməd Abbasbəyli bildirib: “Artıq Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun əhəmiyyətli dərəcədə artdığı, başqa sözlə, Avropanın Azərbaycana ehtiyacının daha da yüksəldiyi aydın şəkildə müşahidə olunur. Eyni zamanda, Rusiya-Ukrayna müharibəsindən sonra alternativ enerji və nəqliyyat marşrutlarının strateji əhəmiyyəti daha da artıb. Bu baxımdan Mərkəzi Asiya ilə Avropa arasında əlaqələrin inkişafında Orta Dəhliz prioritet istiqamətlərdən birinə çevrilir.

Digər tərəfdən, Ermənistan-Azərbaycan münasibətlərində yeni mərhələnin formalaşması artıq reallıqdır. Belə bir geosiyasi şəraitdə Avropa Komissiyası rəhbərinin Bakıya səfəri və burada səsləndirdiyi mesajlar Azərbaycanın regionun əsas geosiyasi aktorlarından biri kimi qəbul olunduğunu nümayiş etdirir. Bu səfər bir daha təsdiqlədi ki, Azərbaycan-Avropa İttifaqı münasibətləri artıq yalnız təbii qaz tədarükü ilə məhdudlaşmır. Əməkdaşlıq enerji, nəqliyyat, rəqəmsal bağlantı, yaşıl enerji, regional sabitlik və iqtisadi inteqrasiyanı əhatə edən daha geniş strateji müstəviyə keçib.

Əgər səfər zamanı elan olunan təşəbbüslər konkret layihələr şəklində reallaşarsa, bu, Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə, eyni zamanda, Cənubi Qafqazın Avropa ilə iqtisadi, enerji və nəqliyyat əlaqələrinin yeni mərhələyə yüksəlməsinə ciddi töhfə verə bilər. Bununla belə, bu perspektivlərin reallaşması, ilk növbədə, regionda davamlı siyasi sabitliyin təmin edilməsindən və tərəflərin üzərlərinə götürdükləri öhdəliklərə sadiq qalmasından asılı olacaq”.